beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəniz və hovuz suyunu udmaq olmaz!

Yay aylarında mikroblar daha sürətlə çoxalır və bir çox təhlükəli xəstəliklərə yol açır. Bu xəstəlik risklərini azaltmaq və yayda uşaqlarda, hətta böyüklərdə ən sıx rast gəlinən problemlərin başında gələn ishal və digər xəstəliklərdən qorunmaq üçün nəyə diqqət etmək lazımdır?

İshal, qusma və bəzən də yüksək temperatur ilə ortaya çıxan, ağız yoluyla keçən bəzı mikroblar, qastroenterit adlanan xəstəliklərə səbəb olur. Bu mikroblar yay istisində sürətlə yayılır, mikrob sayı artdıqça xəstəlik yaranma riski daha da yüksəlir.

Qabaqlayıcı tədbir kimi tövsiyə olunan ən mühüm amillərdən biri odur ki, mövsümlə bağlı insanlar çimərliyə üstünlük verdiyi üçün, çimərkən dəniz və hovuz suyunu udmasınlar. Çünki bununla orqanizm çoxsaylı bakteriya və mikrob qəbul etmiş olur.

Həmçinin mikrob daşıyan ağcaqanadlar yay aylarında xəstəliklərə yol açır. Mütəxəssislər Salmonella ve E.Coli kimi bakteriyaların yaranmasına yol açan mikroblardan qorunmaq üçün öncədən bəzi tədbirlərin görülməsini məsləhət görürlər.

Diqqət edilməsi gərəkən amillər

Bu mövsümdə tövsiyə olunan digər amillərə gəldikdə isə bildirilir ki, qabığı soyula bilən qidaların qabıqlarını soyaraq, soyulmayanları isə yaxşı yuyuraq yemək lazımdır. Çiy və yaxud az bişirilmiş ət yeməmək, çiy süd içməmək, xüsusi təmizlik qaydalarına riayət etmək, yeməkdən öncə və sonra əlləri yumaq, ağcaqanadlardan qorunmaq yay aylarında diqqət edilməsi vacib olan amillərin başında durur.

Beləliklə, qaydalara riayət etməklə yaranan xəstəlik risklərini azaltmaq olar.

Risk faktoru hansı qidalardadır?

Risk faktoru tapılan qıdalara gəldikdə isə mütəxəssislər deyir ki, fısdıq, qoz kimi yağlı qidalar və toksin yarada bilən qarğıdalı və düyüdən diqqətlə istifadə edilməlidir. Pasterizə edilməmiş süd içilməməli, bu süddən pendir hazırlanmamalıdır. Kartof, 30-a qədər zəhərli növü olan köbələk və qabıqlı dəniz heyvanlarından keçən bakteriyalar müxtəlif xəstəliklərə səbəb olur. Zərərli mikrobların ölməsini təmin edəcək qədər istilik olmadan qizardılan müxtəlif ət məhsulları, havasız mühitdə mikrobların tam ölmədiyi müxtəlif "qrillər", paket açıldıqdan sonra qısa vaxt ərzində istifadə edilməyən sosiska və kolbasadan uzaq durulmalıdır.

Bundan başqa, süddən hazırlanan şirniyyat çeşidləri, dondurmalar mütləq soyuducuda saxlanmalıdır. Əks halda, bu qidalar təhlükəli ola bilər. Çiy yumurtadan hazırlanan mayonez, salatlar, cəfəri kimi tərəvəzlər də yaxşı yuyulmadıqda riskli ola bilir.

Bu fəsildə ən güvəniləcək qidanın yoqurt olduğu vurgulanır. Həmçinin qizardılmış ətlə müqayisədə qazanda bişən ət yeməkləri, tərəvəz, zeytun yağında hazırlanan yeməklər yay aylarında daha güvənlidir.

İshal və qusma baş verdikdə nə etmək lazımdır?

İshal və qusma nəticəsində orqanizm çoxlu maye itirir. Ev şəraitində qusma və mədə bulantısı səbəbindən orqanizm həddində artıq maye itirərsə və yaxud temperatur yüksələrsə, tez bir zamanda xəstəxanaya müraciət etmək lazımdır. Bu zaman xəstədə itirilən maye vena daxilinə vurulan sistem köçürmələri vasitəsilə bərba edilir. Əgər orqanizmdə fəal bakteriya müşahidə edilirsə, bu halda antibiotik müalicəsi edilməlidir.

İsti hava sinir sistemində də dəyişiklik yaradır

Həkim Sevda Əfəndiyeva bildirdi ki, son illər yüksək temperaturun insanların səhhətinə mənfi təsir göstərməsinə insanların immun sisteminin zəifləməsi, xəstəliklərin artması və digər amillər səbəb olur. Həkimin sözlərinə görə, günorta saatlarında havaya çıxanlara baş örtüyündən və yüngül geyimlərdən istifadə tövsiyə olunur: "İsti günlərdə saat 11-dən 18-ə kimi çimərliyə getməkdən çəkinmək, ağartı məhsullarından istifadə etmək məsləhət görülür. Xüsusilə, ürək-damar xəstəliyindən əziyyət çəkənlər diqqətli olmalıdırlar.

Valideynlər, xüsusilə, azyaşlı uşaqları günəş şüalarından qorumalıdırlar. Çünki uşaqlar hətta 30 dərəcə istidə də günvurmaya məruz qala bilirlər. Qızmar günəş altında 30-40 dəqiqə qalmaq, günvurma üçün kifayətdir. Əgər ürəkbulanma, qızdırma, qusma müşahidə edilirsə, həkimə müraciət etmək lazımdır. İsti havada sinir sistemində baş verən dəyişiklik insanlarda tez yorulma, başağrısı, halsızlıq, zəiflik, iştahsızlıq, əhvalın pozulması, yuxululuq, qan təzyiqinin qalxıb-enməsi, bayılmalara da səbəb ola bilər.

Rütubətli isti günlərdə atmosfer havasında oksigenin faizi aşağı düşür ki, bu zaman insanlar çətin nəfəs alırlar. İstilərdə güclü tərləmə halları da müşahidə olunur. Nəticədə orqanizmdə mübadilə pozulur. Tərləyərkən insan, orqanizm üçün vacib olan mikroelementləri itirdiyinə görə də istilərdə çoxlu maye qəbulu zəruridir.

Həkim deyir ki, isti havada alkoqolsuz sərinləşdirici içkilər, adi suyun, ayranın tez-tez qəbulu da vacibdir: "İsti havada qidalanmanın düzgün təşkili vacib məsələlərdən biridir. Qida yüngül olmalı, orqanizm üçün ağır olan heyvan mənşəli ərzaq növlərindən, yağlardan, ət məhsullarından imkan daxilində az istifadə olunmalıdır. Qida rasionunda göyərti və meyvə-tərəvəzə, ağartı məhsullarına, mayeyə çox yer verilməli, yeməyin həcmi bir qədər azaldılmalıdır".


Tarix: 08.01.2015 / 13:59 Müəllif: Aziza Baxılıb: 136 Bölmə: Saglamliq