beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yazda baş qaldıran xəstəlik-Allergiya

Yaz mövsümü allergiya xəstələri üçün sanki tələlərlə doludur. Problemin başlıca qaynağını isə nəmli və isti hava meydana gətirir. Alergik soyuqdəymə ilə allergik göz narahatlıqlarının öndə gələn tətikləyicilərindən olan çiçək tozcuqları, düşünülənin əksinə, yalnız yazda deyil, yaz ortasından payıza qədər yayılır. Bu səbəbdən, adamın bu qrup tozcuqlardan hansına qarşı allergiyası varsa, o dövrdə şikayətlənmələri artır. Yazın gəlişi ilə orqanizmdə allergik xəstəliklər burun axması, qaşınma, göz yaşarması və dəridə qıcıqlanmalar baş verir. Bəzən üşütmə, boğaz ağrısı, səs batması və öskürək ortaya çıxır. Allergiyaya mövsümi qidalarla yanaşı, çiyələk, fındıq, yumurta, balıq, kif göbələkləri, toz axınları da səbəb ola bilər.

Baharın gəlişi ilə özünü daha qabarıq büruzə verən “allergiya” xəstəliyi bir çox insanları narahat edir. Bu zaman insanlar, onlara məsləhət görülən bütün vasitələrdən yaxşı olub-olmamasına fərq qoymadan istifadə etməyə hazır olurlar. Bu da öz növbəsində daha pis nəticələrə gətirib çıxarır. Buna görə də allergiyadan əziyyət çəkənlər ilk növbədə bu sahədə mütəxəssis olan həkimə müraciət etməlidirlər. Allergiya orqanizmin allergen adlanan, ətraf mühitdəki bəzi faktorlara (kimyəvi maddələrə, mikroblara və onların həyat fəaliyyətinin məhsullarına, qida məhsullarına və s.) qarşı yüksək həssaslığıdır. Allergiyanın fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da öz növbəsində həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır. Alimlərin tədqiqatlarına əsasən, planetimizin hər yeddi adamdan biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər qida məhsulları, bitki mənşəli tozcuqlar və tozdur. Bununla yanaşı, yüzlərlə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yollan vasitəsilə keçirlər.

Çoxları belə hesab edir ki, kosmetikaya qarşı allergiya ancaq dərisi həssas qadınların problemidir. Əslində isə heç kim bu xoşagəlməz problemdən sığortalanmayıb. Kosmetik məhsullarının keyfiyyət dərəcəsinin daim yoxlanılmasına və nəzarətdə saxlanmasına baxmayaraq, yeni işləmlər aktiv elementlərin əlavəsi dərinin kosmetikaya qarşı xoşagəlməz reaksiyası riskini bir qədər artırıb.
Bu gün kosmetik vasitələr xarici görünüşünün yaxşılaşmasına yönəlmiş kompleks qulluğun ayrılmaz hissəsidir və istənilən insan onun hansısa növündən mütləq istifadə edir. Ancaq təəssüf ki, gözəlliyin qayğısına qalmaq niyyətilə görülən tədbirlər bəzən elə nəticələr doğurur ki, onları gözəllik salonunda belə, aradan qaldırmaq mümkün olmur. Bu zaman üz tuta biləcəyimiz yeganə ünvan həkim kabinetidir. Dəriyə uyğun olmayan kosmetik vasitələrin istifadəsi nəticəsində əmələ gələn allergiyalardan ən geniş yayılanları sadə kontakt dermatit, kontakt-allergik dermatit və dərinin fotosensibilizasiyasıdır. Ümumiyyətlə, bu sadalanan dəri reaksiyaları prinsip etibarı ilə bir-birilərindən fərqlənmir. Az olsa da qızartı, qabarıq şiş də allergiyanın əlamətləridir. O, adətən, qaşınma, bəzən isə ağrı ilə müşayiət olunur. Sadə kontakt dermatit zamanı xəstəliyin əlaməti həmin anda, kontakt-allergik dermatit zamanı isə təkrar istifadədən 12-48 saat sonra özünü göstərir. Fotosensibilizasiyanın əlamətləri günəş şüalarının təsiri zamanı üzə çıxır. Bu zaman səpkilər dərinin açıq olan hissələrində daha çox olur.

Bəs bu cür reaksiyaları doğuran nədir?
Allergiyaya keyfiyyətsiz kosmetikadan başqa, həm də orqanizmin qida rasionundakı hər hansı bir ərzaq növünə həssaslığı da səbəb ola bilər. Dərini ən çox qıcıqlandıran maddələr sabunun, yaxud digər təmizləyici vasitələrin tərkibindəki qələvilər və pillinq məhsulları, təmizləyici kremlərin tərkibinə daxil olan turşulardır.

Həssaslığı yüksək olan dərilər üçün allergiya təhlükəsi hər an gözlənilir. Dermatitler demək olar ki, bütün kosmetikaların tərkibinə daxil olan maddələrin təsirilə meydana çıxa bilər. Kosmetika istehsalında istifadə edilən kimyəvi xammallar əsasən, səthi aktiv maddələr kontakt dermatitə səbəb olur. Bu maddələrin orqanizmdə toplanma xüsusiyyəti onlarla daim tomasda olan peşə sahiblərində cərrahlarda, bərbərlərdə allergiya ehtimalını artırır. Bəzi insanlarda hətta zülallara, vitaminlərə və konservantlara qarşı da allergiya olur. Bu insanlar üçün dırnaq və saç boyaları, depilyasiya, saçların kimyəvi yolla burulması üçün nəzərdə tutulan maddələr də zərərlidir. Dodaq boyası, tuş, göz kölgəsi, layner, dezodorant, krem kimi kosmetik vasitələrin tərkibində də bu maddələrin olması həssas dərili qadınlar üçün həqiqətən də faciədir. Bəzi hallarda birbaşa kosmetika istehsalçılarını günahlandırmaq lazım deyil. Dermatitin əmələ gəlməsi kosmetikanın keyfiyyətsiz olmasından çox, bədənin immun sisteminin zəif olmasına işarədir. Bu gün tərkibində bioloji aktiv maddə olmasına baxmayaraq, ümumiyyətlə allergiya yaratmaq ehtimalı olmayan məhsul tapmaq mümkün deyil. Adətən, kosmetikanın istifadəsindən sonra meydana çıxan fotosensibilizasiya, qeyd etdiyimiz kimi, dərinin günəş şüalarına qarşı həssaslığı nəticəsində əmələ gəlir. Məsələ bun-dadır ki, kosmetika istehsalında ən çox istifadə olunan efir yağlarının (berqamot, limon, portağal yağları) tərkibinə daxil olan kumarın maddəsi də məhz günəş şüalarına qarşı həssasdır. Bu tip allergiya bəzən maskalardan və ağardıcı maddələrdən istifadə zamanı da meydana çıxır. Buna görə də məhsuldan istifadə etməzdən öncə onun tərkibi ilə diqqətlə tanış olmaq və əks təsirləri yadda saxlamaq lazımdır. Vaxtı keçmiş məhsullardan istifadə edərkən əmələ gələn allergiyaları xüsusi qeyd etmək lazımdır. Ən bahalı və keyfiyyətli kosmetikalar belə, uzun müddət saxlanıldıqda onların tərkibində dermatitə səbəb olacaq maddələr əmələ gəlir. Üstəlik istifadə zamanı kosmetik maddələrin tərkibinə bakteriyalar da daxil olur ki, onlar da bir müddət sonra məhsulun tərkibini korlayır. Buna görə də çoxdan istifadə etdiyiniz məhsulun qəfildən allergiyaya səbəb olması sizi narahat etməsin. Yaxşısı budur ki, onun istifadə müddətinə bir də nəzər salasınız.

Daha nələrə əməl etmək lazımdır?
Gündəlik həyatımızda allergiyaya səbəb ola biləcək bir çox detallarla rastlaşırıq. Bu səbəbdən də nələrin bizə narahatçılıq gətirəcəyini bilməyimiz vacibdir:

Xlor da allergiya qaynağıdır Yaz aylarında qarşılaşıla biləcək başqa bir allergiya mənbəyi də hovuz dezenfeksiyalarında istifadə edilən xlordur. Xlora qarşı allergiyası olan adam hovuza girdiyi zaman dəridə qızarma, qaşınma, gözlərdə batma, öskürək, asqırıq və xırıltı kimi özünü göstərə bilər. Bu əlamətlər bir neçə saatdan bir neçə günə qədər ola bilər. Kimyəvi maddələrə qarşı həssas olan kəslərdə bənzər şikayətlər görülə bilər. Bu cür allergiyalardan qorun-maq üçün hovuzdan çıxar-çıxmaz duş qəbul etmək, üzmə sonrası burnu təmizləmək üçün duzlu su spreyləri istifadə etmək, buruna və qulaqlara su girməsini önləmək uyğun olar. Daha yaxşısı isə, dənizi ya da xlor istifadə edilmədən dezinfeksiya edilmiş hovuzları seçməkdir.

Günəş allergiyası
Gözəl günəşli günlər bizi isitsə də, günəş də allergiyaya səbəb ola bilər. Belə allergiyası olan kəslərdə günəş işığına məruz qalma nəticəsində qaşıntı, qızartı, hətta dəridə su toplaması kimi əlamətlər do görülə bilər. Bu tipdə allergiyası olan kəslərin xüsusilə saat 10.00 ilə 16.00 arasında günəşdə qalmamaları, qol və ayaqlarını örtəcək uzun geyimlər, günəş gözlüyü qoruyucu kremlər istifadə etmələri uyğundur. Antibiotiklər, doğum kontrol həbləri kimi bəzi dərmanların istifadəsi əsnasında da günəşdən qaçmaq tövsiyyə edilir .

Böcək və arı sancmalarına diqqət
Yazda açıq havada qarşılaşılan bir başqa problem də böcək və arı sancmalarıdır. Daha əvvəldən arı sancması nəticəsində allergiya inkişaf etmiş bir adamda yenidən sancma ilə eyni şiddətlə və ya daha ağır bir vəziyyətə düşmə ehtimalı 60 faizdir. Arıları uzaq tutmaq üçün onları cəzb edəcək gözəl qoxular istifadə edilməməli, açıq rəngli geyimlər seçilməli, yemək və içkilər açıqda buraxılmamalıdır. Əgər arı sancması nəticəsində nəfəs darlığı, şiddətli ürək döyüntüsü, bütün bədəndə qızarma, şişmə, təzyiq düşməsi kimi hallar görülürsə, dərhal həkimə müraciət edilməlidir.
Məşq edərkən həddi aşmayın Hərəkətsiz keçən qış aylarından sonra yaz və yay fəslində açıq havada həddindən artıq məşq edilməsi də allergiyanı tətikləyə bilər. Gəzinti də daxil olmaq üzrə bütün məşq növləri ilə adamda nəfəs darlığı, xırıltı, öskürək, sinədə sıxışma hissi, qaşıntı, dəri töküntüsü və huşunu itirmə kimi hallar görülə bilər. Bu cür allergiyadan qorunmaq üçün yemək sonrası 4-6 saat boyunca məşqdən qaçırmaq; məşqdən əvvəl ağrı kəsicilərdən uzaq dayanmaq, məşqə yavaş-yavaş başlayıb və eyni şəkildə də bitirmək, tövsiyyə olunur.

Allergiyadan qorunmaq üçün
İlk növbədə, allergiyanın hansı mənbədən qaynaqlandığı aşkarlanmalıdır. Allergik xəstəliyə yoluxan insan heyvan bəslənməyən, ev bitkiləri yetişdirilməyən rütubətsiz bir otaqda yaşa-malıdır. Yataq otağında xalı, kilim və ya yumşaq tipli oyuncaqlar olmamalı, allergiya verməyən, yalnız su buxarı və hava keçirən yataq və yorğan üzlüklərindən istifadə olunmalı, mümkünsə, kondisionerlərin filtrləri ayda 1 dəfə dəyişdirilməli, yataq örtükləri 60 dərəcədə yaxalanmalıdır. Bununla bərabər, əgər allergiya hər hansı bir qida ilə bağlıdırsa, həmin qidadan imtina edilməlidir. Əgər allergiya açıq hava ilə bağlıdırsa, havaya çox çıxmamaq, qapı və pəncərələri müəyyən müddət bağlı saxlamaq lazımdır.


Tarix: 27.12.2012 / 18:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 826 Bölmə: Saglamliq