beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ardanış - Əhalisi

Tarixi qaynaqlardan bəlli olur ki, Ardanış ərazisində məskunlaşma eramızdan əvvəl III-II minilliklərə təsadüf edir. XX əsrin 70-ci illərində dəmir yolu çəkilərkən, kəndin cənub-qərbindəki Sarı güney ərazisində qazılan böyük xəndəyin divarları boyunca 2-3 metr dərinlikdə içi boş küpələr, müxtəlif saxsı parçaları, kiçik qarmaqlar və müxtəlif əşyalar çıxırdı. Ardanış ərazisində qədim dövrlərə aid bir neçə mədəni təbəqə mövcud olub. Təəssüf ki, obyektiv səbəblərdən arxeoloji qazıntılar aparmaq mümkün olmayıb. Eramızdan əvvəlki dövrlər barədə ətraflı məlumat verə bilməsək də, müəyyən tarixi mənbələri öyrənməklə, bu barədə konkret fikir yürütmək mümkündür. Tunc dövründən burada insanların yaşadığını sübut edən faktlar var. Hələ sovet dövründə rus alimləri Göyçə gölünün cənub-qərb sahillərində məskunlaşmanın tunc dövrünə aid olduğunu arxeoloji qazıntılarla sübut etmişdilər. Daha əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik olan ərazidə - Ardanış və onun ətrafında da həmin dövrdə insanların məskunlaşmasına şübhə ola bilməz. Ardanış kəndinin müxtəlif ərazilərində qədim oğuz qəbirlərinin tapılması və bu qəbirlərdəki insan skletlərinin müasir insanın bədən ölçülərindən böyük olması bir daha burada məskunlaşmanın tarixinin qədimliyini sübut edən faktlardan biridir. Ardanış kəndinin cənub-qərb hissəsindəki (Çal ərazisində) xaçlı baş daşı olan qəbiristanlıq alban tayfalarına məxsusdur. Armudlu ərazisində və kəndin şərq hissəsindəki zirvədə (Ocağın başında) alban məbədinin qalıqları XX əsrin 70-ci illərinə qədər qalırdı. Təəssüf ki, ermənilər qazıntı aparmaq adı altında həmin məbədi hissə-hissə məhv etdilər. Ardanışda üç yerdə böyük alban qəbiristanlıqları son dövrə qədər qalmaqda idi. Ən böyüyü Çalda, ikincisi kəndin mərkəzində - Qara çayın sol tərəfində, dəyirmandan bir qədər aşağıda yerləşirdi. Alban kilsəsinin qalıqları isə Adatəpə ərazisində idi. Söhbət albanlardan gedirsə, Ardanış ərazisində yaşayan albanların sonrakı taleyi barədə elmi mülahizələrə və orta əsrlərdə əhalinin miqrasiyası məsələlərinə diqqət yetirmək yerinə düşər. Alban katalikosu Yesai Həsən Cəlalyan “Alban ölkəsinin qısa tarixi” əsərində özündən əvvəlki mənbələrə istinad edərək yazır ki, Əmir Teymur Qafqaza yürüş edərkən, 10 min albanı Qəndəhar və Xorasana köçürüb. Sonradan onlar islam dinini qəbul ediblər, lakin özlərini ağvan, yəni albanların törəmələri adlandırırdılar. Ola bilsin ki, Ardanış ərazisindəki albanlar da həmin sıradan olublar. Çünki adətən əhalini başqa yerə köçürüb əraziləri boşaltmaq istəyəndə birinci növbədə gözəl təbiəti və əlverişli iqlim şəraiti olan ərazilər seçilir. Ola bilsin ki, orada albanların əvəzinə məskunlaşan əhali şərqdən gəlmiş və bir neçə əsr yaşayaraq regionda o dövrdə hakim olan dili mənimsəmiş və orta əsrlərdə (XI-XII əsrlərdə) formalaşmış azəri türkcəsində danışmışlar. Müxtəlif tarixi mərhələlərdə Göyçə, o cümlədən Ardanış ərazisində yaşayan əhalinin miqrasiyası məcburi xarakter daşımışdır ki, bu da tarixi qaynaqlarla sübut olunur. Burada müxtəlif dövrlərdəki məskunlaşma prosesi tarixçilər tərəfindən tam araşdırılmayıb və qaranlıq məqamlar qalmaqdadır. Yalnız XIX əsrin I yarısından sonrakı dövrlərə aid demoqrafik məlumatlar daha çoxdur. Son orta əsrlər dövründən başlayaraq məskunlaşma prosesinə nəzər yetirək. Bəzi məlumatlara görə, XVI əsrin sonlarından XVIII əsrin əvvəllərinə qədər Ardanışda məskunlaşma olmayıb. Çox güman ki, bunun səbəbini tarixdə “Böyük sürgün” adı ilə tanınan köçürmə siyasətində axtarmaq lazımdır. Belə ki, III Səfəvi-Osmanlı müharibəsi zamanı (1603-1612-ci illərdə) Səfəvi hökmdarı I Şah Abbas (1587-1629-cu illər) Osmanlı qoşunlarının hərəkət istiqamətində Səfəvilərin ənənəvi “yandırılmış torpaq” taktikasını tətbiq etmək barədə əmr verib. Əhali başqa ərazilərə köçürülüb, daşınması mümkün olmayan nə varsa, məhv edilib dağıdılıb. Nəticədə Naxçıvan, İrəvan, Culfa və digər çiçəklənmiş diyarlar yandırıldı və on minlərlə əhali köçürüldü. Çox güman ki, Ardanış da həmin səbəbdən boşaldılmışdır. Ağsaqqalların da dedikləri kimi məskunlaşma olmayan dövr həmin dövrə təsadüf edir. “Ardanış” toponiminin yaranma tarixinin “Böyük sürgün”dən çox-çox əvvələ (1603-cü ildən əvvələ) təsadüf etdiyi şübhəsizdir. 1603-1612-ci illərdə baş verən “Böyük sürgün”dən sonra Ardanışda məskunlaşmanın dəqiq tarixi bəlli deyil. Ardanışda sonuncu məskunlaşanlar buraya yad yer kimi baxmayıblar, bəlkə də vaxtilə öz babalarının tərk etdiyi kəndə qayıdıblar. Ardanış kəndində sonuncu məskunlaşmanın tarixi ermənilərin Göyçə ərazisinə kütləvi şəkildə köçürülməsindən (1828-ci ildən) əvvələ təsadüf edir. Ermənilər istəsə də bunu inkar edə bilməzlər. Ümumiyyətlə, Ardanış kəndində 20-dən artıq nəslin nümayəndələri məskunlaşmışdır.Musalılar, Atıcılar, Aşıqusuflular, Arıxlılar, Gözdülülər, Göyisəlilər, Qaratatlar, Eyyublular, Duləhmədlilər, Məmmədxanlılar, Qaragözdülər, Kalvallar və s. nəsillər bu kənddə məskunlaşmış və törəyib artmışlar.

Əhalinin sayı barədə məlumat məskunlaşmanın tarixini və səviyyəsini əks etdirən ən səmərəli amildir. Siyahıya alınma - əhalinin etnik tərkibini, yaşını, cinsini, nikahda olanların sayını, dini mənsubiyyətini, vətəndaşlığını, təhsilini, əmlak vəziyyətini, məşğulluğunu, ölkədəki demoqrafik vəziyyəti müəyyən etmək üçün həyata keçirilən dövlət tədbiridir. BMT siyahıya alınmanın 10 ildən az olmayaraq dövri olaraq, 9 və ya 0 rəqəmi ilə qurtaran illərdə keçirilməsini tövsiyyə edir. Bəzi ölkələrdə 5, bəzilərində isə 10 ildən bir əhalinin siyahıya alınması aparılır. 1926-cı ildə Ermənistanda ilk dəfə olaraq əhalinin siyahıya alınması aparılıb. Ardanış kəndində müxtəlif illərdə əhalinin sayını əks etdirən cədvələ nəzər yetirsək, görərik ki, müəyyən tarixi proseslər və ya hadisələrlə əlaqədar bu göstərici dəyişir. İrəvan xanlığına aid olan dövrdə əhalinin siyahıya alınması barədə konkret məlumat yoxdur. Bəllidir ki, xanlıqlar dövründə mahallar üzrə vergilərin yığılması ilə əlaqədar əhalinin sayını müəyyən etmişlər. Lakin vergi toplanmasında mükəmməl qayda olmaması və mahal bəylərinin bu sahədə müəyyən əyintilərə yol vermələri, bundan əlavə, əhalinin bir qisminin həmin dövrdə bir mahaldan digərinə köçməsi prosesi tez-tez baş verdiyindən əhalinin sayının dəqiqləşdirilməsinə imkan vermirdi. 1829-cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollej assesoru İ.Şopen tərəfindən erməni vilayətində kameral siyahıya alınma keçirilmişdir. Əlyazması 20 cilddən ibarət olan bu siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr edilən "Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi" kitabında öz əksini tapıb. 1873-cü ildə əhalinin siyahıya alınması Rusiyada təhkimçilik hüququnun ləğvindən sonra aparılan ilk siyahıya alınma olub ki, həmin vaxt Ardanışda 389 nəfər yaşayıb. Zaman keçdikcə əhalinin sayı artmış, lakin müəyyən dövrlərdə müxtəlif səbəblərdən əhali sayında azalma da baş vermişdir. 1919-1922-ci illər ərzində əhali sayında baş verən azalma 1918-ci ildə ermənilərin törətdiyi məlum hadisələrlə (kənd əhalisinin qaçqın düşməsi ilə) əlaqədardır. 1858-ci ilə qədər əhalinin siyahıya alınması Rusiya imperiyasında quberniyaların təftişi zamanı aparılıb. Bu isə ümumi nəticədə qeyri-dəqiqliklərə səbəb ola bilərdi. 1862-ci ildə İ. Stebnitski tərəfindən Qafqazın siyahıya alınması zamanı əhalinin etnik və dini tərkibinə əsaslanan statistik cədvəl tərtib edilib və nəticələr 1865-ci ilə aid “Kavkazskiy kalendar”da dərc edilib. Lakin siyahıya alınmanın mütəxəssislər daha təkmil formasını axtarmaqda idilər. Hərbi məqsədlərlə aparılan siyahıya alınma daha məqbul variant kimi qəbul edildi. Bu işlə Nikolayevsk Akademiyasının (indiki Baş Qərargah Akademiyasının) rəisi, general Henrix Antonoviç Leyer məşğul olub. Məhz o, Rusiyada statistik tədqiqatların banisi hesab edilir. 1885-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Statistika Komitəsi tərəfindən əhalinin siyahıya alınması keçirilib və nəticələr “Hərbi və Dəniz Ensiklopediyası”nın VI cildində (1893, Peterburq) dərc edilib. 1897-ci ilin sentyabr ayında senator N. A. Troynitski tərəfindən nəzarət edilən siyahıyaalınma Rusiyada yaxşı təşkil edilmiş kampaniya sayılır. Bu ilk elmi şəkildə əsaslandırılmış və ictimaiyyətlə dövlətin birgə nəzarəti ilə həyata keçirilən kampaniya olub. Bu prosesə bütün təbəqələrdən olan savadlı şəxslər, o cümlədən çox sayda hərbiçilər cəlb edilmişdi. 25 sualı əhatə edən cədvəl əsasında bu kampaniya mütəşəkkil keçmiş və nəticələr əsasında D. İ. Mendeleyev ölkənin inkişaf proqramını işləyib hazırlamışdı. Lakin məlum oktyabr çevrilişindən sonra bu proqram həyata keçirilməmiş qaldı. Sovet dövründə 17 dekabr 1926-cı ildə əhalinin ilk Ümumittifaq siyahıya alınması keçirilib. SSRİ-də növbəti siyahıyaalınma kampaniyası 1933-cü ildə aparılıb. 1933-cü il siyahıyaalınmasından az sonra - 1937-ci ildə aparılan siyahıyaalınmanın nəticələrinə əsasən əhalinin sayı 1933-cü ildəkinə nisbətən 8 milyon az göstərildiyindən 1937-ci ildəki siyahıyaalınma kampaniyasına rəhbərlik edən məsul şəxslər cəzalandırılıblar və nəticələr dərc olunmayıb. Əslində əhalinin 8 milyon azalması faktı dəqiq idi. Ukraynada və digər regionlarda aclıqdan əhalinin kütləvi şəkildə məhv olması, repressiyalar əhali sayında azalmaya səbəb olmuşdu. Ona görə də 1937-ci ilin siyahıyaalınmasında səhlənkarlığa yol verməkdən söhbət gedə bilməzdi və cəzalandırılanlar əslində günahsız idilər. Bu səbəbdən də dünyadakı siyasi vəziyyətin gərginliyi və SSRİ-nin müharibə vəziyyətində olduğu nəzərə alınaraq, qısa müddətdən sonra 1939-cu ilin yanvarın 17-də siyahıya alınma başa çatdırılıb.1941-ci ilə qədər Ardanışda əhali artmaqda davam edib. 1945-ci ildə əhalinin sayı 1939-cu il göstəricisindən az olub. Müharibəyə görə əhalinin bir qisminin qonşu Şorca kəndinə köçməsi üzündən kənddə əhalinin sayı həmin ərəfədə aşağı düşüb. 1959-cu ildən başlayaraq əhalinin artımı yüksək templə davam edib. Lakin 1973-cü ildən 1979-cu ilə qədər əhalinin sayı azalıb. Səbəb isə aydındır: həmin dövrdə çoxuşaqlı ailələrin bir çoxunun qeydiyyatdan çıxaraq Azərbaycana köçməsi hesabına, həm də o dövrdə təhsilin yüksək səviyyədə olduğu Ardanışdan ali təhsil almaq üçün gənclərin Gəncəyə, Bakıya və SSRİ-nin müxtəlif şəhərlərinə üz tutması hesabına baş verib. Pedaqoji və aqrar sahə üzrə ixtisaslar istisna olmaqla, digər mütəxəssislər işlə təmin olunmadıqları üçün təhsil alan gənclər doğma yurda qayıtmırdılar. Bu da Azərbaycanın qərb torpaqlarında yaradılmış Ermənistan ərazisinin azərbaycanlı əhalidən təmizlənməsinə yönəldilmiş məkrli erməni planının tərkib hissəsi idi.


Tarix: 07.02.2015 / 13:17 Müəllif: Feriska Baxılıb: 304 Bölmə: Qərbi Azərbaycan