beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ardanış - İncəsənəti

Ardanışda zəngin ədəbi və incəsənət mühiti olub. Bu mühit illər boyu formalaşıb və dövrün tələblərinə uyğun olaraq zənginləşib. Ardanışda İrəvan, Gəncə, Naxçıvan teatrlarının kəndə qastrol səfərləri olurdu. Azərbaycandan gələn müğənni, xanəndə və aşıqların konsertləri əhalinin musiqi zövqünün formalaşmasına xidmət edirdi.

Ardanışın 450 yerlik müasir mədəniyyət evində müxtəlif sahələr üzrə özfəaliyyət kollektivləri fəaliyyət göstərirdi. Qeyd etmək lazımdır ki, erməni məmurları bu obyektlərin tikilməsində o qədər də maraqlı deyildilər, əksinə imkan daxilində bu işə mane olmağa çalışırdılar. 1964-cü ildə müasir klub binası inşa edilib.

Ardanış kəndində 40-cı illərin sonlarından etibarən klub binası olmadığı bir dövrdə belə teatr tamaşaları hazırlanıb. Teatr mütəxəssisləri olmasa da bu tamaşalar istər bədii, istərsə də tərtibat baxımından olduqca mükəmməl şəkildə hazırlanıb tamaşaçılara təqdim edilirmiş. Əvvəllər böyük ev damlarında, daha sonralar isə yay vaxtlarında fermalarda teatr tamaşaları verirlərmiş. Hətta qadınlardan da tamaşalarda rol oynayanlar olub. Bu isə bir daha Ardanış əhalisinin müasir dünyagörüşünə malik olduğunu göstərən amillərdən biri kimi qiymətləndirilməlidir. Sonradan klub binası tikildiyindən kəndə müxtəlif peşəkar teatrların (Naxçıvan, Gəncə və İrəvan teatrlarının), eləcə də qonşu kəndlərin özfəaliyyət kollektivlərinin qastrol səfərləri olub. Kəndlər arasında bir teatr yarışı, mədəni mübadilə mövcud idi. Ardanış bu sahədə həmişə fərqlənib. Ardanışlılar Azərbaycan Respublikasının xalq artistləri Vidadi Əliyev, Elmira Əliyeva, əməkdar artist Süleyman Nəcəfov kimi aktyorların canlı ifalarına baxmışlar. Mədəniyyət evində Azərbaycanın müxtəlif bölgələrindən mahnı və rəqs ansamblları çıxış edirdilər. Tanınmış incəsənət ustalarından Əlibaba Məmmədov, Tükəzban İsmayılova və başqaları Ardanış kənd mədəniyyət evinin səhnəsində çıxış etmişlər. "Aşıq Pəri" məclisinin kənddə çıxışı əsl el şənliyinə çevrilirdi. Azərbaycan televiziyasının verilişləri translyasiya edilməyən uzaq dağ kəndində bu insanlara, zəhmət adamlarına böyük töhfə idi. Bundan əlavə, əhalinin maraqla tamaşa etdiyi pəhləvanların və gözbağlayıcıların çıxışları da mütəmadi xarakter almışdı. Əsasən yay vaxtlarında kəndirbazlar demək olar ki, hər il kəndə gələrdilər.

Ardanış kənd mədəniyyət evində M.F.Axundovun, N.B.Vəzirovun, Ə.Haqverdiyevin, S.Vurğunun dram əsərləri tamaşaya qoyulurdu. Aşağıdakı teatr tamaşaları bu gün də o dövrün tamaşaçılarının ürək və göz yaddaşında qalıb: "Zəmanəmizin pəhləvanları", "Vaqif", "Hacı Qara", "Yoldaş Koroğlu", "O olmasın, bu olsun", "Sevil", "Solğun çiçəklər", "Lənkəran xanının vəziri", "Molla İbrahimxəlil kimyagər", "Ac hərflər" və s. Əhalinin teatra olan tələbatının ödənilməsi baxımından, bu tamaşalar peşəkar teatrların tamaşalarından heç də geri qalmırdı. Həmin tamaşalarda rejissor və bədii rəhbər, eləcə də rəssam və qrim ustası qismində uzun illər klub müdiri və mədəniyyət evinin direktoru işləmiş Əli Zeynalabduyev çıxış edib. Vaqif və Arif Abdullayev qardaşları, Mais İsmayılov, Pullu Vəliyeva və başqaları yüksək səviyyədə aktyor bacarığı nümayiş etdirirdilər.

Ardanış kənd mədəniyyət evinin ansamblı fəaliyyət göstərirdi. Bu ansamblın üzvlərindən Əli Zeynalabduyev (qarmon ustası), Vaqif və Əbülfət Bayramov qardaşları (solo oxuyanlar), İmran Kazımov (xanəndə), Mehman Həsənov (xanəndə), Cəmaləddin Bayramov (gitaraçı), Rəşid Allahverənov (gitaraçı), Firdovsi Həsənov (qoşa nağara), Tahir Məmmədov və Mustafa Abdullayev (balaban), İmran Xəlilov (saz), Şükür İsmayılov (saz) öz çıxışları ilə könülləri oxşayıblar. Bu ansambl rayon və bölgə üzrə keçirilən musiqi festivallarında həmişə birinci yeri tutub. Ansamblın üzvləri həm də Ardanış və qonşu kəndlərin toylarının aparıcı musiqiçiləri olublar. Hətta onları erməni kəndlərindən də toya dəvət edənlər olubdur.

Ardanışda Azərbaycanın bütün bölgələrindən olan ustad aşıqlar çıxış ediblər. Ardanışda sazı-sözü o qədər yüksək səviyyədə biliblər ki, hər aşıq burada məclis keçirmək iqtidarında olmayıb. Ardanışda aşıq sənəti incəsənətin digər sahələrinə nisbətən geniş və ilkin inkişaf etmişdir. Bunun isə obyektiv səbəbləri vardır. Aşıq Ələsgər Qazax, Borçalı, Tovuz və Gədəbəy bölgələrinə gedərkən yolüstü Ardanışda qalar, bu kənddə gecələyərmiş. Şagirdlərinə də orada gecələməyi tapşırarmış. Bu həm Ardanışın qonaqpərvərliyindən, həm də sənətə verdiyi qiymətdən irəli gəlib. Ona görə də Ardanışda aşıq sənətinə maraq həddən artıq böyük idi. Nəticədə Ardanışda da aşıqlar yetişməyə başlayıb. Bunlardan ilk növbədə Aşıq Niftalı Süleymanovun adını xatırlamaq gərəkdir. Aşıq Niftalıdan əvvəl Ardanışda peşəkar aşıq olmayıb. Əvvəllər Ardanışda ağır məclislər keçirmək üçün Dədə Ələsgərə və onun şəyirdlərinə, Aşıq Alının şəyirdlərinə müraciət edərmişlər. Aşıq Əziz, Aşıq Hüseyn Şamoy oğlu, Aşıq İsa, Aşıq Məhəmmədəli, Aşıq Kərim Paşayev, Aşıq Kərim Mahmud oğlu, Aşıq Qiyas, Aşıq İmran Xəlilov, Aşıq İsbi, Aşıq Bəhmən Göyçə aşıq məktəbinin yetirmələri olaraq Ardanış kəndini aşıq sənətində ləyaqətlə təmsil etmişlər və sağ olanları yenə də bu sənəti yaşatmaqdadırlar.


Tarix: 07.02.2015 / 13:13 Müəllif: Feriska Baxılıb: 203 Bölmə: Qərbi Azərbaycan