beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şabadin

Şabadin (hal-hazırki adı: Yeğek; erm. Եղեգ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd. 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi.

Ecanan Şabadini adı ilə də tanınan kənd Qafan şəhərindən 13 km şimal-şərqdə, meşəlik ərazidə yerləşir. Tarixi
Qafan ərazisində tarixən iki Şabadin kəndi olub: Oxçu Şabadini və Ecanan Şabadini.

Oxçu Şabadini XIX əsrdə bölgənin ən böyük kəndlərindən biri kimi məşhur olmuş, 1918-ci ildə Andranikin dəstəsi tərəfindən dağıdılmış, əhalisinin xeyli hissəsi qətlə yetirilmiş, sonradan bərpa edilməmişdir. Bu kənd Qapıcıq dağının ətəklərində, Oxçuçayın kənarında yerləşirdi. Məmməd Səid Ordubadi 1908-ci ildə qələmə aldığı Qanlı illər adlı kitabında bu Şabadindən «Oxçu-Şəbadək» kimi söz açır.

Ecanan Şabadini isə 1988-ci ilə kimi azərbaycanlılar yaşayan kənd idi, hal-hazırda isə ermənilər yaşayır. Çox güman ki, bu kənd Oxçu Şabadinindən köçən insanlar tərəfindən salınmışdır.

Etimologiyası
Şabadin sözünün mənası «iki dağ arasında yerləşən yaşayış məntəqəsi» kimi izah olunur. Toponim türk dilində «bitkisiz qumlu, daşlı dağ yamacı», «yastı sıldırım sahili», «uçurum, sıldırım», «yamac», «dərin dağarası çuxurda yüksəklik» mənasında işlənən çap (> şab) sözü ilə türk dilində «dincəlmək üçün dayanmaq», «istirahət», «dincəlmək» mənasında işlənən din (dın) sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Şabadin sözünün «bitkisiz, qumlu, daşlı yer» mənasına gəldiyi də toponimin etimologiyalarından biridir.

Kəndin adı Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilərək Yeğek (erm. Եղեգ) edilmişdir.

Əhalisi
Kənddə 1831-ci ildə 51 nəfər, 1873-cü ildə 198 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 317 nəfər, 1914-cü ildə 275 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalan kənd camaatı Ermənistanda sovet hökuməti qurulduqdan sonra öz evlərinə dönə bilmişlər. Ermənistan SSR zamanı kənddə 1922-ci ildə 151 nəfər, 1926-cı ildə 175 nəfər, 1931-ci ildə 213 nəfər, 1959-cu ildə 380 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının sonlarında isə azərbaycanlılar yenidən öz doğma yurdlarından qovulmuşlar.

Hal-hazırda kənddə ermənilər yaşayır. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə 2001-ci ildə kənddə 166 nəfər, 2010-cu ildə isə 113 nəfər yaşayıb.
İnfrastrukturu
1930-cu ildə Şabadin kəndində ibtidai məktəb açılmıŞ, kolxoz qurulmuşdur. 1959-cu ildə kolxoz ləğv edilmiş, təsərrüfatı isə Ecanan mahalının digər azərbaycanlı kəndləri kimi Sünik erməni kolxozuna verilmişdir. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi və s. sosial obyektlər var idi.

Görkəmli şəxsləri
Şabadin camaatı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən mübarizədə olduqca fəal iştirak etmiş və 7 nəfər şəhid vermişdir:

Ramazanov Firudin Bəhram oğlu
Əliyev Vəzir Əli oğlu ("Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir)
Əhmədov Yaqub Ağəli oğlu ("Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir)
Əhmədov Şirvan Məhəmməd oğlu
Mehdiyev Nurəddin İmran oğlu
Ağakişiyev Asif Xankişi oğlu
Albəndəyev Rizvan Hümbət oğlu.

1994-cü ilin 16 aprel tarixində Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş leytenant Vəzir Əliyev 1993-94-cü illərdə cəbhədə göstərdiyi şücaətlərə görə canlı əfsanəyə çevrilmişdir. Onlarla düşməni məhv edən, düşmənin texnikasını sıradan çıxardan leytenant Vəzir Əliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.


Tarix: 06.02.2015 / 19:17 Müəllif: Feriska Baxılıb: 201 Bölmə: Qərbi Azərbaycan