beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaqub Yolçiyev

Yaqub Yolçiyev - Görkəmli alim, AMEA Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru (1984), İnstitutun "Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları" laboratoriyasının müdiri, professor

Həyatı
Yaqub Yamin oğlu Yolçiyev 1938-ci ildə Qərbi Azərbaycanın Zəngəzur vilayətinin Sisian bölgəsinin Urud kəndində anadan olmuşdur. O, 1964-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, gənc mütəxəssis kimi AMEA Zoologiya İnstitutunda işə baş laborant, elmi işçi, laboratoriya müdiri, direktor müavini vəzifələrində çalışmışdır.

AMEA-nın müxbir üzvü Y.Yolçiyev 1971-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.

AMEA-nın müxbir üzvü Y.Yolçiyev öz tədqiqatlarına heyvanlar aləmində parazit həyat tərzinin biokimyəvi və immunoloji əsaslarını öyrənməklə başlamış, müasir zoologiyanın eyni adda yeni bir elmi istiqamətini inkişaf etdirmişdir. Alim tərəfindən koksidilərin müxtəlif mərhələlərinin biokimyəvi tərkbi öyrənilmiş, ev toyuqlarının, qoyunların və camışların eymeriozu və sarkosporidiozu zamanı zülal, aminturşu, Krebs dövriyyəsi komponentlərinin və onların mübadiləsində iştirak edən fermentlərin fəallığında baş verən biokimyəvi dəyişikliklər müəyyənləşdirilmiş, parazit-sahib münasibətlərində biokimyəvi proseslərin bəzi məsələləri nəzəri cəhətdən əsaslandırılmışdır.

AMEA-nın müxbir üzvü Y.Yolçiyev 106 elmi əsərin, o cümlədən 2 monoqrafiya və 4 ixtiranın müəllifidir. Onun rəhbərliyi ilə 7 doktorluq və namizədlik dissertasiyası müdafiə edilmişdir.

2003-2004-cü illərdə NATO-nun "İlan zəhərinin kimyəvi tərkibinin öyrənilməsi" qrantı, "Gürzənin zəhər vəzinin zəhər almaq üçün kulturada in vitro yetişdirilməsi" qrantı üzrə işlər aparmış, 2006-cı ildə BP şirkətinin biomüxtəliflik üzrə 5-ci müsabiqəsinin 3-cü mükafatına layiq görülmüşdür.

Alim Beynəlxalq Nobel Nəşriyyat Təşkilatının təsis etdiyi "Tətbiqi biologiya elmləri jurnalı"nın redaksiya heyətinin üzvü, Azərbaycan Zooloqlar Cəmiyyətinin protozoologiya bölməsinin sədri idi.

O, respublikamızda və xarici ölkələrdə keçirilmiş zoologiya, parazitologiya, biokimya və baytarlıq üzrə 20-dən çox qurultay, simpozium və konfranslarda iştirak etmişdir.

AMEA-nın müxbir üzvü Y.Yolçiyev elmi-tədqiqat işlərinin müasir səviyyədə yerinə yetirilməsinə görə İnstitutun müdiriyyəti tərəfindən dəfələrlə mükafatlandırılmış, ümumittifaq elmi-texniki cəmiyyətlərin Fəxri fərmanlarına layiq görülmüş, Azərbaycan Respublikasının "Şöhrət" ordeni və "Əmək veteranı" medalı ilə təltif olunmuşdur.


Tarix: 06.02.2015 / 17:19 Müəllif: Feriska Baxılıb: 154 Bölmə: Qərbi Azərbaycan