beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (İman kitabı )Allah-Təalanı görmək haqda

Əlli səkkizinci fəsil : Allah-Təalanı görmək haqda.

Masruq belə rəvayət edir: “Aişənin (r.anha) yanında idim, mənə belə dedi: “Ey Əbu Masruq, üç şey vardır ki, onlardan birini kim söylərsə, Allah-Təalaya böyük bir böhtan etmiş olar.” Ondan: “O hansı üç şeydir?” deyə soruşdum. O belə cavab verdi: “Muhəmmədin Rəbbini gördüyünü iddia edən kəs artıq Allaha böyük bir böhtan atmış olar.” Mən söykənmişdim, qalxıb oturdum. Ona: “Ey möminlərin anası, mənə imkan ver, tələsmə, məgər Allah-Təala belə buyurmur: “And olsun ki, onu açıq üfüqdə gördü” (“ət-Təkvir” /23), “And olsun ki, bir başqa dəfə də görmüşdü” (“ən-Nəcm” /13) deyə söylədim. Aişə (r.anha) mənə belə cavab verdi: “Peyğəmbərdən(s.a.v) bu ümmətdən bu haqda soruşan ən birincisi mənəm. O mənə belə cavab verdi: “Həqiqətən O, Cəbraildir. Onu xəlq olunduğu şəklində iki dəfədən savayı, başqa vaxtda görməmişəm. Onu səmadan enərkən gördüm, əzəmətli varlılığı ilə yerlə səmanı örtmüşdü.” Sonra mənə belə buyurdu: “Məgər Allah-Təalanın belə buyurduğunu eşitməmisən: “Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, Lətifdir, Xəbərdardır!” (“Ənam” /103). Məgər Allah-Təalanın belə buyurduğunu eşitməmisən: “Allah bəşər övladı ilə ancaq vəhylə, yaxud pərdə arxasından danışar Yaxud bir Elçi göndərər ki, o da Allahın izni ilə Onun istədiyini vəhy edər. Həqiqətən, O Ucadır, Hikmət Sahibidir!” (“əş-Şura” /51). Sonra o belə dedi: “Muhəmmədin Allahın Kitabından bir şey gizlətdiyini iddia edən kəs artıq Allaha böyük bir böhtan atmış olar. Allah-Təala buyurur: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər etməsən, risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz” (“əl-Məidə” /67). Sonra belə dedi: “Və onun sabah nə baş verəcəyini xəbər verə bilməsini iddia edən kəs, artıq Allaha böyük bir böhtan atmış olar. Allah-Təala buyurur: “De! Allahdan başqa göylərdə və yerdə olan heç kəs, qeybi bilməz!” (“ən-Nəml” /65). Davud bunu əlavə etdi: “O belə dedi: “Əgər Muhəmməd nazil olan bir şeyi gizlətmiş olsaydı, onda bu ayəni gizlədərdi: “Xatırla ki, bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyi şəxsə: “Zövcəni saxla, Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi ürəyində gizli saxlayır və adamlardan qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır (“əl-Əhzab” /37).”

Əbu Musa (r.a)belə rəvayət edir: “Peyğəmbər (s.a.v) bizə beş kəlmə ilə belə xitab etdi: “Allah-Təala yatmır və ona yatmaq yaraşmaz, tərəzini endirir və qaldırır, gecənin əməli Ona gündüzün əməlindən öncə qaldırılar, gündüzün əməli ona gecənin əməlindən öncə qaldırılar. Hicabı nurdur (bir rəvayətdə oddur) və onu açsa üzünün nuru gözünün ğördüyü bütün məxluqatı yandırar”.


Əbu Hüreyrənin (r.a) belə dediyi rəvayət olunur: “Bir dəstə insan Peyğəmbərdən (s.a.v) belə soruşdu: “Ey Allahın Elçisi, Rəbbimizi qiyamət günü görəcəyik?” Peyğəmbər (s.a.v) onlara belə cavab verdi: “Siz bədr gecəsi açıq aydın görünən bir ayı görmək üçün bir- birinizə əziyyət edirsiniz?” Onlar: “Xeyr, ey Allahın Elçisi” deyə cavab verdilər. O yenə soruşdu: “Siz buludsuz bir gündə günəşi görmək üçün bir-birinizə əziyyət edirsiniz?” Onlar: “Xeyr, ey Allahın Elçisi” deyə cavab verdikdə O belə buyurdu: “Həmçinin Onu da beləcə görəcəksiniz” Allah-Təala insanları qiyamət günü yığacaq və onlara belə deyəcək: “Kim nəyə ibadət edirdisə, onun ardınca getsin! Və kim günəşə ibadət edirdisə günəşin, kim aya ibadət edirdisə ayın, kim tağutlara (bütlərə, şeytana) ibadət edirdisə tağutların ardınca gedəcək. Yalnız bu ümmət və münafiqlər qalacaq. Sonra Allah-Təala onların yanına Onu tanımadıqları bir şəkildə gələcək və belə deyəcək: “Mən sizin Rəbbinizəm” Onlar deyəcəklər: “Səndən Allaha sığınırıq, Rəbbimiz gələnədək bizim yerimiz buradır. O gəlsə, biz onu tanıyacayıq.” Sonra Allah-Təala onların yanına onu tanıdıqları simada gələcək və belə deyəcək: “Mən sizin Rəbbinizəm” Onlar: “Sən bizim Rəbbimizsən” deyərək onun ardınca gedəcəklər. Sonra Cəhənnəmin üzərində Sirat körpüsü salınacaq və ilk keçən mən və ümmətim olacaq. O gün yalnız peyğəmbərlər danışacaq və bu duanı edəcək: “Allahım, salamat et salamat et.” Cəhənnəmdə Sədan tikanı kimi qarmaqlar
var. “Sədanı görmüsünüzmü?” deyə onlardan soruşdu. Onlar: “Bəli, ey Allahın Elçisi” deyə cavab verdilər. O belə buyurdu: “Bəli, Sədan tikanı kimi. Onun əzəmətliliyini yalnız Allah bilir, insanları əməllərinə görə caynağına alacaq.
Onlardan bəziləri əməlinə görə qurtulacaq, bəziləri isə xilas olana kimi cəzasını çəkəcək. Elə ki, Allah-Təala insanlar arasında hökm verib qurtaracaq, öz rəhməti ilə Cəhənnəm əhlindən kimi istəsə çıxaracaq. Mələklərə, rəhm etmək istədiyi, Allaha heç bir şeyi şərik qoşmayan kəsləri çıxarmalarını əmr edəcək. Onlar: “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur!” deyənlərdir. Onları Cəhənnəmdə tanıyacaqlar. Onları səcdə yerlərindən tanıyacaqlar. Cəhənnəm Adəm övladının səcdə yerindən başqa hər bir əzasını yeyəcək (yandıracaq). Yanıb kül olmuş halda Cəhənnəmdən çıxarılacaqlar. Onların üstünə həyat suyu tökəcəklər. Selin suyunda yabanı otun bitdiyi kimi bitəcəklər. Sonra Allah-Təala insanlar arasında hökm verib qurtaracaq. Üzü Cəhənnəmə dönmüş bir kişi qalacaq. O, Cənnətə daxil olan ən sonuncu kəs olacaq. O: “Ey Rəbbim, mənim üzümü Cəhənnəmdən uzaq et, onun iyi məni zəhərləyir, həlak edir, alovu isə yandırır” deyə Allaha Onun istədiyi qədər dua etdi. Allah-Təala buyurdu: “İstədiyini etsəm, məndən, başqa heç bir şey istəməyəcəksən? O: “Xeyr, başqasını istəməyəcəyəm!” deyə cavab verdi. Rəbbi ona Allahın istədiyi qədər əhd-peyman verib onun üzünü Cəhənnəmdən çevirəcək. Elə ki, üzü Cənnətə çevrildi, Onu gördükdə Allahın istədiyi qədər sakit qaldıqdan sonra belə dedi: “Ey Rəbbim, məni Cənnətin qapısına yaxınlaşdır.” Allah-Təala ona deyəcək: “Məgər sənə əhd-peyman etmədim ki, sənə istədiyini versəm məndən başqa heç nə istəməyəcəksən. Vay olsun sənin halına Adəm oğlu, sən nə qədər də bivəfasan (qəddarsan).” O: “Düzdü Rəbbim!” deyərək dua etdi. Nəhayət “İstədiyini etsəm, məndən, başqa heç bir şey istəməyəcəksən?” deyə ondan soruşduqda, o: “Xeyr, izzət və cəlalına and olsun ki, başqasını istəməyəcəyəm!” deyə cavab verdi. Ona, Allahın istədiyi qədər əhd-peyman verildikdən sonra Cənnətin qapsına yaxınlaşdırdılar. Cənnətin qapısının qabağında dayandıqda Cənnət ona açılacaq və o, orada olan xeyir və sevinci görəcək. Allahın istədiyi qədər susduqdan sonra belə deyəcək: “Ey Rəbbim, məni Cənnətə sal.” Allah-Təala ona deyəcək: “Məgər sənə əhd-peyman etmədim ki, sənə istədiyini versəm məndən başqa heç nə istəməyəcəksən. Vay olsun sənin halına Adəm oğlu, sən nə qədər də bivəfasan (qəddarsan). O: “Ey Rəbbim, məxluqlarının ən bədbəxti mən olmayım” deyə o qədər dua edəcək ki, nəhayət Allah-Təala ona və onun bu sözlərinə güləcək. Allah-Təala güldükdən sonra isə ona belə buyuracaq: “Gir Cənnətə” O Cənnətə girdikdən sonra Allah-Təala ona belə deyəcək: “Dilə (arzula, istə)” və o, Allahdan diləyəcək istəyəcək, Allah-Təala ona bunu və bunu da dilə deyə xatırladacaq. Elə ki, dilədiyi hər şey qurtaracaq, Allah-Təala ona belə buyuracaq: “Dilədiyin və onun mislində verirəm.” Əta ibn Yezid belə deyir: “Əbu Səid əl-Xudri Əbu Hüreyrə ilə rəvayət etdiyi hədisdən heç bir şey rədd etmədi, hətta Əbu Hüreyrənin hədisin bu ləfzinə kimi: “Allah, İzzət və Cəlalət sahibi kişiyə belə dedi: “Dilədiyin və onun mislində verirəm.” Bu zaman Əbu Səid əl-Xudri belə dedi: “Onun on mislində” Əbu Hüreyrə (r.a) ona: “Mən yalnız onun belə dediyini “Sənə dilədiyin və onun mislində verirəm” əzbərləmişəm. Əbu Səid əl-Xudri (r.a) ona belə cavab verdi: “Şəhadət edirəm ki, Peyğəmbərin (s.a.v) belə dediyini: “Sənə dilədiyin və onun on mislində verirəm” əzbərləmişəm. Əbu Hüreyrə belə buyurdu : “Cənnətə ən son girən o kişi olacaq”.


Tarix: 24.04.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 215 Bölmə: Maraqlı melumatlar