Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÖCÜZƏ haqda nəyi bilməliyik

Möcüzə – peyğəmbərlərin öz haqlılıqlarını sübut etmək üçün Allahın izni və yardımı ilə yerinə yetirdikləri fəvqəl-təbii və qeyri-adi əməllərə deyilir. Ərəb dilindən tərcümədə “başqalarının yerinə yetirməyə aciz olduğu iş” deməkdir.
Qəbul edilmiş qaydadır ki, hər bir iddiaçı öz iddiasını sübut etmək üçün dəlil gətirməlidir. Məsələn, insan ali təhsil aldığını sübut etmək istəyirsə diplomunu göstərməli, mağazadan nə isə almaq isətyirsə kassa çekini təqdim etməlidir. Allahdan vəhy aldığını söyləyən peyğəmbər də yalan danışmadığını möcüzələrlə sübuta yetirməlidir. Əgər bunu edə bilməsə, heç kəs ona inanmaz və arxasınca getməz. Möcüzə peyğəmbərliyin ən əsas sübutudur.
Peyğəmbərlər adətən iki cür möcüzə göstərmişlər:
1. Birinci növ möcüzələrə qeyb aləmindən verilən xəbərlər aiddir. Bu zaman peyğəmbər Allahdan aldığı qeyb xəbərlərini insanlara çatdırır. Məsələn, Həzrət Nuh Peyğəmbər (ə) camaata xəbər verirdi ki, tezliklə iman gətirməsələr, dəhşətli tufan nəticəsində məhv olacaqlar.
Peyğəmbərlərin qeybdən xəbər vermələri müxtəlif cür olmuşdur: onlar gah keçmişdə olanları, gah da gələcəkdə baş verəcək hadisələri söyləmiş, uzaq vilayətlərdəki vəziyyəti açıqlamış, insanın ürəyindən keçənləri ona xəbər vermişlər.
Peyğəmbərlərin qeyb aləmindən xəbər vermələri onların elmdə Allahla şərik olmaları demək deyil. Peyğəmbərlər qeyb elmlərini yalnız Allahdan öyrənirlər. Əgər Allahın iradəsi olmasa, peyğəmbərlər qeyb aləmindən heç cür agah ola bilməzlər: “Qeybi bilən ancaq Odur və öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi peyğəmbərdən başqa!” (Cin, 26-27).
2. Ikinci növ möcüzələr bilavasitə peyğəmbərin əməli iştirakı ilə həyata keçir. Belə ki, ya peyğəmbərin duası ilə möcüzə baş verir, ya da peyğəmbər öz əlləri ilə möcüzəni yaradır.
Peyğəmbər möcüzə göstərərkən bu məqsədi güdmür ki, insanlar ondan qorxsunlar, yaxud ona ehtiram bəsləyib əzizləsinlər. Peyğəmbər məsum olduğu üçün sərvət, şöhrət, vəzifə həvəsində deyil. Möcüzə insanları haqq yola çağırmaq üçün peyğəmbərin əlində bir vasitədir.
Möcüzənin bəzi şərtləri var. Məşhur kəlam alimi Nəsirəddin Tusi bu barədə yazır: “Peyğəmbərin doğruculluğunu onun bilavasitə öz əliylə göstərdiyi möcüzədən anlamaq olar. Möcüzənin mahiyyəti budur ki, qeyri-adi bir iş baş versin, ya da səbəb-nəticə qanunu ilə adi halda baş verməli olan bir hadisə həyata keçməsin. Möcüzə qeyri-adi olmalı və onu göstərənin iddiası ilə uyğun gəlməlidir”.
Peyğəmbərin möcüzəsi qeyri-adi olsa da, qeyri-mümkün olmamalıdır. Yəni möcüzənin həyata keçməsi maddi dünya ilə bağlı olduğundan, möcüzə maddi dünyanın imkanları çərçivəsində baş verməlidir. Başqa sözlə desək, möcüzə, baş verməsi mümkün olan, amma adi səbəb-nəticə qanunu ilə yox, qeyri-adi yolla mümkün olan hadisələri əhatə edir. Məsələn, peyğəmbərdən tələb etmək olmaz ki, onun duası ilə bir adam eyni vaxtda həm ölü, həm də diri vəziyyətdə olsun. Çünki insan eyni zamanda həm ölü, həm də diri ola bilməz; bu, qeyri-mümkün işdir. Əgər insan ölüdürsə, demək dirilik halından çıxıb. Əksinə, əgər diridirsə, ona ölü demək olmaz. Ölümlə həyat bir-birinin əksidir, onların bir araya gəlməsi qeyri-mümkündür. Lakin peyğəmbər ölünü dirildə bilər. Göründüyü kimi, bu iş qeyri-mümkün deyil, qeyri-adidir.
Əksinə, adətən baş verməli olan bir hadisə də peyğəmbərin duası ilə ləğv ola bilər. Məsələn, Qurani-kərimdə buyurulur ki, Nəmrudun əmri ilə Həzrət Ibrahimi (ə) tonqalın içinə atanda alov Onu yandırmadı. Yaxud Həzrət Mühəmməd Peyğəmbərin (s) möcüzələrindən biri bu idi ki, Onun duası nəticəsində xeyli adam az miqdarda xörəkdən yeyib doyurdu, xörək isə azalmırdı.
Möcüzənin şərtlərindən biri də budur ki, iddiaya tam uyğun olsun. Yəni peyğəmbər nə edəcəyinə söz verirsə, onu da etsin. Peyğəmbər bir işi görəcəyini iddia edib, sonra ondan tamamilə fərqli olan möcüzəni göstərsə, düzgün olmaz. Özünü peyğəmbər elan etmiş bəzi adamların yalanı elə bu yolla açılmışdır. Məsələn, yalançı “peyğəmbər” Müseylimə Həzrət Mühəmməd Peyğəmbərin (s) hər hansı möcüzəsi barədə eşidəndə bunu təkrar edəcəyini söyləyir, amma hər dəfə cəhdləri tamam fərqli və mənfi nəticə ilə bitirdi.
Peyğəmbərin ümməti içində heç kəs onun möcüzələrini təkrar etməyə qadir olmamalıdır. Əgər Müseylimə Həzrət Mühəmmədin (s) möcüzəsini təkrar edə bilsəydi, camaat yalanla doğrunu, fırıldaqçı ilə əsl peyğəmbəri ayıra bilməzdi. Hər peyğəmbərin zəmanəsində müəyyən adamlar onun möcüzəsini təkrar etmək istəsələr də, heç vaxt buna müvəffəq olmamışlar. Məsələn, Həzrət Musa Peyğəmbərin (ə) ilana dönən çəliklə göstərdiyi möcüzəni fironun saray sehrbazları təkrar etmək istəsələr də, uğursuzluğa düçar oldular.
Möcüzəni kəramətlə qarışdırmaq olmaz. Bəzi qeyri-mömin (hətta qeyri-müsəlman) şəxslərin (məsələn, cadugər, falçı və ekstrasenslərin, buddist yoqların) müxtəlif vasitələrlə həyata keçirdikləri əməllər də möcüzə deyil. Bu əməllər düz ya səhv, faydalı yaxud ziyanlı, dinə uyğun ya da zidd ola bilər. Halbuki, peyğəmbərin göstərdiyi möcüzə yalnız və yalnız müsbət əməl olur, insanların xeyrinə yönəlir və Allahın istəyi ilə üst-üstə düşür.
Möcüzə çox zaman müəyyən zamana və şəraitə uyğun olur. Məsələn, Həzrət Musanın (ə) zamanında sehrbazlıq geniş yayıldığı üçün, Allah sehrbazları ifşa edən möcüzəni (ilana dönən çəliyi) Ona bəxş etdi. Isa Peyğəmbərin (ə) dövründə tibb elmi inkişaf mərhələsini yaşayırdı. Ona görə də, Həzrət Isa (ə) bütün təbibləri heyrətə salan və aciz edən möcüzələr göstərirdi (sağalmaz xəstəliklərə şəfa verir, ölüləri dirildirdi).
Həzrət Mühəmməd Peyğəmbərin (s) möcüzələri çox olsa da, ən məşhuru təkrarolunmaz və əsrarəngiz Qurani-kərimdir. 14 əsrdir ki, bu kitab dil səlisliyi, məntiqə uyğunluğu, bütün elmi kəşfləri qabaqlaması ilə dünyanı heyrətə gətirir. Böyük ədəbiyyatçılar, şair və alimlər Quran qarşısında öz heyranlıqlarını gizlətmirlər. Qurani-kərimin nazil olduğu əsrdə ərəblər arasında şeir, bəlağətli söz söyləmək bacarığı yüksək qiymətləndirilirdi. Quran öz ecazı ilə cahiliyyə dövrünün qüdrətli şairlərinə meydan oxudu. Allah-təala Həzrət Mühəmməd Peyğəmbəri (s) məhz Quran kimi ecazkar bir kitabla göndərdi ki, ərəblər bu kitabın bəşər kəlamından üstünlüyünü və həqiqətən, ilahi vəhy olduğunu anlayıb qəbul etsinlər.


Tarix: 21.11.2012 / 23:44 Müəllif: [Ram] Baxılıb: 825 Bölmə: Maraqlı melumatlar
loading...