beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fərdi məsuliyyət hissi

Şübhəsiz, fərd cəmiyyətin bir hissəsidir və İslam həyat tərzinin çox mühüm aspektidir.
Allah təala buyurur: “Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: “Bu haradan gəldi?” – dediniz. (Ya Rəsulum!) Söylə: “Bu sizin özünüzdəndir”. (Ali-İmran 3:165)

Həmçinin Allah təala buyurur: “(İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz.” (ər-Rəd: 13:11).

Həqiqətən də, qiyamət günü həşr olunma və hesaba çəkilmə məsələsinin özü fərdi məsuliyyət məfhumu üzərinə bina edilmişdir. Eyni şeyi yaradılışımız üçün də söyləyə bilərik. Allah təala buyurur: “(Ya Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax!”. (Əl-Mudassir 74:11)

İnsan qiyamət günü Allah qarşısında hesabda tamamilə tək olacaqdır. Öz mal-dövləti, övladları, xüsusi tanışları və yaxud öz həmvətənləri ilə birlikdə olmağı arzulasa da insan qiyamət günü tək olacaqdır. Bununla belə, həqiqət budur ki, hətta onun ən yaxınları və ən əzizləri həmin günü onu tərk edəcəkdir.

Allah təala buyurur: “O gün insan qaçacaq öz qardaşından;
anasından,atasından; zövcəsindən və oğullarından!”. (Əbəsə 80:34-36)

Məsciddə etikaf (ramazanda edilən ibadət) etdiyimizdə, belə əməlin arxasında duran hikmətlərdən biri fərdi məsuliyyət hissimizi özümüzdə bərpa etmək və nəfsimizə onu xatırlatmaqdır. Çünki etikaf bizləri qrup mənsubiyyətimizin xarici təzyiqindən və ümumiyyətlə isə cəmiyyətdən azad edir. Bu təzyiqlər adətən bizim düşüncələrimizə güclü təsir edir və mühüm rolu var. Məscidlərə sığındığımızda, fərdi müsəlman kimi düşüncələrimizin sağlamlığını və təbii vəziyyətini bərpa edirik.

Ümumi kütlənin səs-küy salması, irəli-geri hərəkət etməsi və müxtəlif hərəkətlər etməsi mümkün haldır. Ona görə də Allah təala buyurur: “(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün, (görəcəksiniz ki) sizin yoldaşınızda (Muhəmməd əleyhissəlamda) heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla (düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!”. (Səba 34:46)

İslam dininin dəvət etdiyi aydın düşüncə və təfəkkür insanların həva və arzularına tabe olmayan, lakin bununla belə digərlərinin düşüncələrinə hörmətlə yanaşmağı tələb edən, həmin rəylərə lazımi ehtiramın verilməsini buyuran bir düşüncədir. İnsan digər bir insanın fikirləri, düşüncələri ilə razılaşmaya bilər, lakin digər insanın inandıqlarını ifadə etmə haqqını ona tanımağa hazır olmalıdır.

Hər bir fərd insanların ümumiyyətlə sahib olduqları maraqlar ilə qarşı-qarşıya qalmalı olur və toqquşmalı olur. Hər bir müsəlman bu gün müsəlmanların qarşılaşdıqları problemlər ilə üzləşməkdədir. İnsan, İslam dininin ona tərbiyə etmək istədiyi fərdi məsuliyyət hissiyatını daşımadan bu cür problemlər ilə üzləşdikdə, həmin insan təqsiri xarici təsirlərə ötürməyi asan görür. Həmin insan qloballaşma, sionizm, gizli əllər və bir sıra gizli oyunlar oynayan örütülü qüvvələrdən danışmağa başlayır. Üzləşdiyi hər cür böhranlar ilə əlaqədar o insan hökuməti, alimləri, taleyi və yaxud tarixi ittiham edir.

Heç vaxt, heç zaman özünü təqsirləndirmək haqqında belə düşünmür. Özünü günahsız, təqsirsiz hesab etməyi adi hal kimi, təbii görür. Düşübür ki, onun görüşləri və rəyləri həmişə doğrudur! O bunların hamısını bilir. Kaş ki, hər bir kəs onun ardınca getsəydi, onu özünə nümunə götürsəydi, hər bir şey öz axarına düşərdi-deyə düşünür!!!

Həmin bu insanın öz evində olan problemlərini həll etməkdə bacarıqsız olduğunu müşahidə etmək olur. Birin üstünə bir gəlməyi bacarmır. Təcrübəsiz, elmsiz və qərarsız! Özündə olan pis vərdişləri və şəxsiyyətindəki nöqsanların öhdəsindən gələ bilmir.

Bu cür halları adətən biz dini sadəcə təzəliklə qəbul etmiş gənclərdə müşahidə edirik. O gənc düşünür ki, onun əlində hər bir şeyin açarı, yolu var. Özünü elə aparır ki, sanki o İsa əleyhissəlam kimi sadəcə bir barmağının toxunuşu ilə cüzzam xəstəliyinə tutulmuş şəxsə və korlara şəfa verə bilər, Allahın izni ilə ölüləri dirildə bilər. Quran və Sünnədən danışdıqda elə davranır ki, sanki yalnız o bunu başa düşür. Başqalarını cahillik və yaxud zəlalətdə olmaqla ittiham etmək onun üçün necə də asandır.

Bilin ki, bu şəxsiyyətin inkişafı yolunda, onunla əlaqədar böyük bir məğlubiyyətdir və bu gün müsəlmanların üzləşdikləri ümumi böhranı daha da gücləndirir, məsələlərin həllinə heç bir yardım göstərmir.

Fərdi məsuliyyət insanın cəmiyyətdə olan əhəmiyyəti, elmi və təcrübəsindən asılı olaraq bir-insandan digərinə fərqlilik ərz edir. Fərdi məsuliyyət tarix kontekstində meydana çıxır və sadəcə bir gecədə ortaya çıxan bir şey deyil. Məsuliyyət-yükləri, öhdəlikləri öz üzərinə götürmək, əhdləri yerinə yetirmək, haqqları müdafiə etmək və uyğun olanı yerinə yetirmək deməkdir.

Məna etibarilə fərdi məsuliyyət şəxs üzərində cəm olunsa da, bunun səmərəsi ümumiyyətlə cəmiyyət üzərində əks olunur. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Günəşin doğduğu hər bir gündə insanın bədənindəki hər bir oynaq üzərində ona vacib olan sədəqə var. İki insanı barışdırmaq sədəqədir. İnsanı atına minməyə kömək etmək sədəqədir. Eynilə, yükünü ona qaldırmaq sədəqədir. Xoş söz sədəqədir. Namaza getmək üçün yolda atılan hər bir addım sədəqədir. Yoldan bir maneəni uzaqlaşdırmaq sədəqədir”.

Hətta başqa insanları təhqir etməkdən öz nəfsimizi saxlamaq bizim lehimizə olan bir sədəqədir.

İslam hüququnun klassik kitablarında müzakirə olunan fərdi öhdəliklər elə fərdi məsuliyyət, cavabdehliklərdən başqa bir şey deyil. Sözügedən öhdəliklərin hamısı fərdin cəmiyyətə müsbət töhfə, kömək təmin etməsi üçün insanda İslam şəxsiyyətini inkişaf etdirmək məqsədilə ona əmr olunmuşdr.

Buna baxmayaraq, olduqca çox sayda müsəlmanın öz nöqsanlarına göz yumaraq, unudaraq ümumi problemlər və qlobal məsələlərləə dərindən məşğul olduqlarına rast gəlirik. Onlar müsəlman dünyasının məsələləri haqqında düşünür və öz ölkələrində onlara təsir edən məsələlərə biganə yanaşırlar, əhəmiyyət vermirlər. Onlar bəşəriyyətin halından əziyyət çəkirlər, lakin özlərinin saysız-hesabsız nöqsanlarını düzəldə bilmirlər və yaxud öz eyiblərini, səhv hərəkətlərini islah edə bilmirlər. Halbuki özləri ola bilsin ki,insanlara zülm edirlər və cahillik, tənbəllik və imanın zəifliyi ilə başdan-ayağa əhatə olunmuşdurlar.

Əgər fərd olaraq bizlər də bu cür acınacaqlı halda isər - o yerdə ki, insanların mallarını qeyri-qanuni olaraq mənimsəyir, fahiş işlərə, insanların qiybətini etməyə və onlara böhtan atmağa dalmışıqsa və ağlımızı, düşüncələrimizi pərdələyən maraqlara uyğun fəaliyyət göstəririksə - o zaman Müsəlmanların vəziyyətindən ümumiyyətlə necə danışmağa cürət edə bilərik ki? Vəziyyətimiz bu cür isə, artıq bizlər özümüz problemin mərkəzində dururuq.

Ona görə də, dünyadakı problemləri həll etmək üçün fərdi olaraq ilk öncə özlərimizi islah etməkdən başlamalıyıq. Cəmiyyətin islahı üçün uzun yolçuluqdakı ilk addımlar elə öz nəfislərimizi islah etmək üçün atdığımız addımlardır.

Dünyada baş verən ümumi problemlər və böhranlar bizləri bu məqsəddən asanlıqla yayındırır və öz nəfislərimizdə olan ciddi problemləri unutdurur. Özlərimizi və düşüncələrimizi inkişaf etdirmək kimi mühüm bir vəzifəyə göz yumuruq, əhəmiyyət vermirik. Halbuki bunlar bizlərin ümumi problemlərimizi həll etməkdə öz töhfəsini verəcəkdir.

İlk günlərdə İslamın geniş vüsət alması və yayılması sadəcə adları tarixə yazılan böyük, məşhur rəhbərlər kontekstində yadda qalmamalıdır. Bu yolda qurbanlar verənlər, mübarizə aparanlar və hətta öz həyatlarını verənlər, öz dəstəklərini verən və mətanət göstərən bütün qadınlar da eynilə yadda saxlanılmalıdır.

Fərdi məsuliyyətin mənası Quran və Sünnədə təcəssüm olunmuşdur. Bu cəmiyyətin ən ümdə inşa edici dayağıdır. Bina çox saylı tək-tək kərpiclərdən inşa edilir.

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Möminlər biri-digərinə münasibəti bina kimidir, hər biri (bir)bütünə dəstək verir”. (Səhih Buxari və Səhih Muslim)


Tarix: 14.04.2013 / 13:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Maraqlı melumatlar