beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın təşəkkül tapmasının zəruriliyi

İslam dininin ən gözəl və ən doğru tərifini Məhəmməd peyğəmbərin (s.ə.s) Cəbrayılın (Allahın əmrlərini peyğəmbərlərə çatdıran ən böyük mələk, Ona salam olsun) “İslam nədir?” sualına verdiyi cavabda bildirmişdir ki; “İslam – özünə heç bir varlığı (heç nəyi) şərik qoşmayaraq Allaha qulluq etmək ( təslim olmaq, itaət etmək), namaz qılmaq, fərz olan zəkatı vermək, ramazan orucunu tutmaqdır.

İslamın mənası vəhy ilə gələn Allahın əmr və qadağalarına təslim olmaqdır. Kim bütün işlərdə üzünü və qəlbini Allaha təslim edərsə müsəlman odur. Peyğəmbərlər digər insanlardan daha çox Allaha təslim olduqlarına görə onlar müsəlmanların ilkidir. “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (əl-Ənam (Davar) surəsi, 162). “Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar” (ən-Nisa (Qadınlar) surəsi, 65). İslam dini Məhəmməd peyğəmbərin (s.ə.s) Allah tərəfindən elçi olaraq göndərilməsindən sonra təşəkkül tapmağa, tanınmağa və yayılıb möhkəmlənməyə başladı. Çünki, Allah Təala Məhəmməd peyğəmbərdən (s.ə.s) də əvvəl, insan nəslini yaradandan bu dünya həyatında xoşbəxt, səadət içərisində olmaq, rahat yaşamaq üçün insanlara onları yaxşılığa dəvət edən peyğəmbərlər göndərmişdir. Məhəmməd peyğəmbər (s.ə.s) məhz bu peyğəmbərlərin sonuncusu, islam dininin son və kamil formasını tamamlayan bir peyğəmbər oldu. Digər peyğəmbərlər müəyyən bir xalqa, bir qəbiləyə, bir nəsilə, bir tayfaya, bir rəiyyətə göndərilmişdirsə, Məhəmməd peyğəmbər (s.ə.s) dünyanın sonuna qədər gələcək bütün xalqlara və millətlərə peyğəmbər olaraq göndərildi. O, islam dininin ən tam, kamil formasını qiyamətə qədər gələcək insanlara çatdırdı. Artıq Qiyamət gününə qədər yer üzərindən insanlara peyğəmbər göndərilməyəcək, bütün insanlıq yalnız onu tanımaqla səadətə çatacaq.

Əslində Məhəmməd peyğəmbərdən əvvəlki peyğəmbərlər də islam dininə mənsub müsəlmanlar idilər. Allah Təala Məhəmməd peyğəmbəri bu islam dinini tamamlamaq üçün göndərdi. İslam, ilk insan Adəmdən (ə.s) peyğəmbərlərin sonuncusu Məhəmmədə qədər bütün gəlib keçmiş rəsul və nəbilərin dinidir. Qurani Kərim bunu açıq-aşkar bəyan edir. Allahın Kitabında Nuh peyğəmbərin (ə.s) dilindən belə buyrulur: “Mənə müsəlman (Allaha təslim) olmaq əmr edilmişdir!” (ən-Nəml (Qarışqalar) surəsi, 91). İbrahim və İsmail peyğəmbərin (ə.s) dilindən: “(İbrahim və İsmail dedilər: ) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et” (əl-Bəqərə (İnək) surəsi, 128). İbrahim və Yəqub peyğəmbərin (ə.s) övladlarına vəsiyyətindən: “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!” (əl-Bəqərə (İnək) surəsi, 132). Musa peyğəmbərin dilindən: Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!” (Yunus (Yunis) surəsi, 84). Tövratdan bəhs olunarkən belə buyrulur: “Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər” (əl-Maidə (Süfrə) surəsi, 44). Musa peyğəmbərə inanan Fironun sehrbazlarının dilindən: “Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!” (əl-Əraf (Sədd) surəsi, 126). İsa peyğəmbərin (ə.s) həvarilərinin dilindən: “Biz Allaha inandıq. Sən də (Allaha) təslim olduğumuza şahid ol!” (Ali-İmran (İmran ailəsi) surəsi, 52). Salehin (ə.s) duasından: “Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)” (əl-Əhqaf (Qumsal təpələr) surəsi, 15). Səhih bir hədisdə belə buyrulur: “Peyğəmbərlər ataları bir, anaları ayrı olan qardaşlardır. Dinləri də birdir” (Buxari, Ənbiya 48, Müslim, Fəzail 143). Bundan başqa Quranda belə buyrulur: “(Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi” (əş-Şura (Şura) surəsi, 13). (1, Müqəddimə, s 5-6).

Allah Təala yaratdıqlarının ən xeyirlisini insanlığa, Onun risalətinə ən çox ehtiyac olduğu bir vaxtda göndərdi. Kitab əhli dinlərini dəyişdirib təhrif etdikdən sonra, dinə şiddətlə ehtiyac duyduqları bir vaxtda göndərdi. Bəşəriyyət şirkin və cahilliyin qaranlığında boğulmuşdu. Allah qulu Məhəmmədi (s.ə.s) bütün insanlara peyğəmbər olaraq göndərdi. Allah Təala buyurur:
“- (Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!” (əl-Əraf (Sədd) surəsi, 158-ci ayə).
Məhəmməd (s.ə.s) kiçik yaşlarından bütlərə ibadət etməmiş, bütpərəstliyə aid adət-ənənələrə riayət etməmişdir. Peyğəmbərliyinə qədər həniflərə və dinlərinə hörmət göstərmiş, bütlərə ibadət edənləri bu işlərindən çəkindirmişdir. (5, səh 89)
Məhəmməd peyğəmbər (s.ə.s) onları müxtəlif ilahlara ibadət edən gördü. Bəziləri ağaclara ibadət edir, bəziləri daşlara, Günəşə, Aya, ulduzlara, mələklərə, cinlərə, Məryəmin oğlu İsaya, qəbirlərə və vəlilərə ibadət edirdi. Allahdan başqa onlara dua edir, onlardan kömək istəyirdilər. Bəlaların və sıxıntıların dəf edilməsi üçün onlara sığınırdılar. Yaxşılıq və fayda əldə etmək üçün onlara yönəlir, onlar üçün qurban kəsib nəzir verirdilər. Onları; dualarını Allaha yüksəldən, Allaha yaxınlaşdıran vasitələr kimi qəbul edirdilər.

aralarındakı anlaşmazlığın həllində kahinlərə, sehrbazlara, cadugərlərə gedən gördü. Fahişəliyi və haramları yayır, qonşularla pis davranır və qohumluq əlaqələrini kəsirdilər. Halala, harama baxmadan mal əldə edirdilər.Faiz və ticarət onlar üçün bir idi. Allahın rəsulu (s.ə.s) isə insanları Allahdan başqa ibadət edilməyə layiq ilah olmadığına, Məhəmmədin (s.ə.s) onun rəsulu olduğuna şəhadət etməyə dəvət etmək üçün gəldi. Duada, qurbanda, nəzirdə, kömək istəmədə, sığınmada, fayda istəmədə, pisliyi dəf etmədə, təvafda, səcdədə və bu kimi digər müxtəlif ibadət növlərində Allahı təkləmək kimi bu şəhadətin əhatə etdiyi hər şeyi onunla birlikdə gətirdi. Allah Təala buyurur:
“- Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!” (əl-Cinn (Cinlər) surəsi, 18-ci ayə) və belə buyurur:
“- (Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!” (əl-Ənam (Davar) surəsi, 151-ci ayə).
Başqa bir ayədə Allah Təala buyurur:
“- (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!” (əl-Ənam (Davar) surəsi, 145-ci ayə).
Allah, Məhəmmədi (s.ə.s) qırx yaşındaykən peyğəmbərliklə vəzifələndirdi və ona vəhy endirdi. (3, 2-ci cild, səh 47-48)

İlk vəhydən sonra miladi 613-cü ildə bir gün Məhəmməd peyğəmbər (s.ə.s) Məkkə ətrafında tək başına gəzərkən birdən göy üzü tərəfindən bir səs eşitdi. Başını qaldırıb göyə baxdıqda böyük bir həyəcana qapıldı. Hira mağarasında onun yanına gələn mələk, yəni Cəbrayıl (ə.s) səma ilə yer arasında bir kürsü üzərində oturmuş Ona nida edirdi. Özünə böyük bir qorxu və dəhşət gəldi, evinə qayıtdı və titrəyərək ailəsinə: “Üstümü örtün, üstümü örtün” dedi və bürünüb yatdı. Bu zaman Cəbrayıl (ə.s) gələrək Müddəssir surəsinin ilk ayələrini nazil etdi. Bu ayələrdə Allah Təala buyururdu: “Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!) (Etdiyin yaxşılığı) çox bilib başa qalxma! (Heç kəsə minnət qoyma!) Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbr et!” (əl-Muddəssir (Bürünüb sarınan) surəsi, 1-7).
Müddəssir surəsinin ilk ayələri nazil olduqdan sonra Məhəmməd peyğəmbər (s.ə.s) yatdığı yerdən cəld qalxdı. Bunu görən Xədicə (r.a): “Ya Əbu Qasım! Niyə yatıb dincəlmədin?” dedi. O da: “Ya Xədicə! Mənim işim yatmaqdan, dincəlməkdən keçdi” – deyib Cəbrayılın (ə.s) təkrar gəldiyini və özünə vəhy gətirdiyini, təbliğlə vəzifələndirildiyini dedi. Ardınca da: “Mən kimi dəvət edim? Məni kim təsdiq edər?” – dedi. Xədicə (r.a) belə cavab verdi: “Mən təsdiq edirəm, ya Rəsulullah! Dinini hamıdan əvvəl mənə təbliğ et. Məhəmməd peyğəmbər onun bu sözlərindən çox şad oldu. (5, 91, 92).
610-cu ilin Ramazan ayından etibarən nazil olmağa başlayan ilk vəhylərdən birində Allah Təala öz peyğəmbərinə əmr edir ki, qalxıb öz qövmünə küfrə görə cəhənnəm əzabından xəbərdar etsin, öz Rəbbini uca tutsun (əl-Müddəssir, 1-3). Bu o demək idi ki, Məhəmməd peyğəmbərə (s.ə.s) islamı öz qövmü arasında təbliğ etmək təklif olunurdu. O öz yaxınlarını islama dəvət etdi.
Peyğəmbərə ilk iman gətirənlər qadınlar arasında həyat yoldaşı Xədicə, kişilər arasında isə əmisi oğlu Əli ibn Əbu Talib oldular. Üçüncü olaraq onun mövlası Zeyd ibn Harisə əl-Kəlbi iman gətirdi. Sonra Qureyşin teym qolundan Əbu Bəkr Abdullah ibn Əbu Quhafə onun çağrışına cavab verdi. Daha sonralar Osman bin Əffan bin Əbu-l-As bin Umeyyə, Təlha bin Ubeydullah, Səd bin Əbu Vəqqas, Əbd ər-Rəhman bin Əuf, Zubeyr bin əl-Əvvam, Əbu Zərr əl-Qəffari, onların ardınca isə qureyşdən Əbu Übeydə Amir bin əl-Cərrah, Ərqəm bin Əbu-l-Ərqəm bin Əbd Mənaf, Osman bin Məzun, Übeydə bin əl-Haris bin əl-Müttəlib bin Əbd Mənaf, Səid bin Zeyd bin Əmr bin Nufeyl, İbn Əbd əl-Üzza, Cəfər bin Əbu Talib, qeyri qureyşlilərdən Xəbbab bin əl-Ərət bin bəni-təmim, Əbdullah bin Çəhş, Əbullah bin Cüdanın mövlası Süheyb, habelə qureyşin müttəfiqləri olan qəbilələrdən bir neçə nəfər islamı qəbul etdilər. İslamı qəbul eənlər arasında qadınlar da çox idi.
Orta əsr müsəlman alimləri islamın ilk ardıcıllarını “gənclər” (əş-şəbab) və “zəiflər” (əl-müstədəfun) kimi səciyyələndirirlər. Həqiqətən, onların ən kiçiyi - Əli bin Əbu Talib on yaşında idi, büdpərəstlik əqidələrinə etiqad etməmişdi və birbaşa islama iman gətirmişdi. Onların arasında Əbu Bəkr və Əbd ər-Rəhman bin Əuf kimi varlı adamlar olsa da, əksəriyyəti yoxsul idi, kölə həyatı sürürdü və cəmiyyətin sosial baxımdan “zəiflər” təbəqəsindən çıxmışdı.
Məhəmməd peyğəmbər (s.ə.s) öz ətrafındakıları üç il islama gizli çağırdı. Bütün bu müddət ərzində müsəlmanlar ya Peyğəmbərin evində, ya Məkkənin gözdən uzaq dağlıq yerlərində namaz qılır, ibadət edirdilər. Nəhayət ayə nazil oldu ki: “(Ya Məhəmməd!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər. Şübhəsiz ki, istehza edənlərin (şərindən) səni qorumağa Biz kifayət edərik” (əl-Hicr, 94-95). Bu ayələrin nazil olma səbəbi təfsirlərdə belə açıqlanır: Məhəmməd peyğəmbər (s.ə.s) müşriklərin yanından keçərkən onlardan beş nəfəri – As bin Vail, Vəlid bin əl-Müğirə, Əbu Zəmə əl-Əsvəd bin əl-Müttəlib, Əsvəd bin Yəğus və Hərs bin Qeys, yaxud Haris bin ət-Təlatilə də daxil olmaqla altı nəfəri bir-birinə göz vurub ona istehza etmişdilər. Ayə nazil olmuşdu ki, Quranı açıq aşkar təbliğ et, müşriklərə fikir vermə, onlar sənə istehza etməklə səni Allahın ayələrindən ayırmaq istəyirlər, onlardan qorxma, Allaha təvəkkül et, O səni hifz edər. Sonralar həmin müşriklər çox qəribə şəraitə düşərək həlak olmuşdular.

İlk vəhylər qısa, lakin son dərəcə fəsahətli və bəlağətli ayələrdən ibarət idi. Bu ayələrdə tövhid təlimi şərh edilir, Allahın Rəhman və Rəhim sifətləri açıqlanır, qiyamət və haqq-hesab günü , möminlər üçün hazırlanmış cənnət nemətləri və kafirlərə yetişəcək cəhənnəm əzabı olduqca təsirli şəkildə təsvir edilir, islamın düşmənləri pislənir. Allah bir-birinin ardınca göndərilən mələklərə, Məhəmməd peyğəmbər (s.ə.s)lərə, şiddətlə əsən küləklərə, haqqı batildən ayırd edənlərə and içir ki, insanlara vəd edilmiş qiyamət günü gələcəkdir, o vaxt ulduzlar sönəcək, göy yarılacaq, dağlar parça-parça olub dağılacaq, vay ogünün gələcəyini yalan hesab edənlərin halına (əl-Mürsəlat, 1-15).
Bu cür ayələr qüreyşlilərin canına qorxu salır, onları dəhşətə gətirirdi. Onlar Ütbə bin Rəbiəni (Əbu-l-Vəlidi) Peyğəmbərin yanına göndərdilər ki, onu dilə tutsun, tutduğu əməllərdən çəkindirsin. Ütbə dedi: “Camaatımızı parçalamısan, işimizi qatışıq salmısan, dinimizə ayıb tutmusan, bizi ərəblərin içində abırsız etmisən. Ərəblərin arasında söz yayılıb ki, qüreyşilərin içində sehrbaz var, qüreyşilərin içində kahin var. Vallahi az qalıb ki, doğan qadının qışqırtısını eşidəcək qılınclarla bir-birimizin üstünə qalxaq və həlak olaq. Ey kişi! Əgər sənin bir şeyə ehtiyacın varsa, sənin üçün toplarıq, sən də qüreyşin ən zəngin bir adamı olarsan. Başqa bir istəyin varsa, qüreyş qadınlarından istədiyini seç, onu sənə arvad edək”. Allahın rəsulu (s.ə.s) dedi: “Qurtardınmı?” Ütbə dedi: “Bəli”. Peyğəmbər (s.ə.s) bir ayə oxudu: “Bismillahir-Rəhmanir-Rəhim! Ha, Mim! (Mənə nazil olan Quran) Rəhimli və Mərhəmətli Allah tərəfindən nazil edilmişdir. (Bu) ərəb dilində Quran olaraq (onu) bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir kitabdır. Onların (Məkkə əhlinin) əksəriyyəti (Qurandan) üz döndərib (onu) dinləməz (Allah kəlamının qüdsiyyəti, hikməti haqqında düşünməz). Deyərlər ki: “Sənin bizi dəvət etdiyinə (tövhidə) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl edək! (Sən öz istədiyini et, biz də öz istədiyimizi)”. Sən də de ki: “Məndə ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. ¬¬¬¬Vay¬¬ müşriklərin¬ halına!
¬¬¬O¬ ¬¬¬¬¬¬¬müşriklər ¬ki,¬ zəkat¬ ¬vermir ¬və axirətə inanmırlar!¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬ İman gətirib yaxşı işlər görənləri tükənməz ¬¬¬¬(minnətsiz) ruzi gözləyir!” (Ya Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki,¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬ aləmlərin Rəbbidir! ¬¬¬¬O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi. (Yaxud yerin və yer üzündə olanların neçə gün ərzində yaradıldığını soruşanlar bilsinlər ki, Allah onların hamısını birlikdə dörd gündə xəlq etdi). Sonra Allah tüstü (düman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə ¬cavab¬ verdilər. Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər çür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!” (Ya Məhəmməd peyğəmbər (s.ə.s)!) Əgər (Məkkə müşrikləri sənin bu sözlərindən sonra haqdan, imandan) üz döndərsələr, de: “Mən sizi Ad və Səmud ildırımı kimi bir ildırımla (bu tayfaları məhv etmiş tükürpədici bir səslə, müdhiş bir əzabla) qorxuduram!” (Fussilət, 1-13). Məhəmməd peyğəmbər (s.ə.s)in bu oxuduqlarını eşidən Ütbə dəhşətə gəldi, onun ağzını tutdu, yalvardı ki, rəhm etsin. Sonra o öz evinə qayıtdı, qüreyşilər arasına çıxmadı, onlardan çəkindi. Əbu Cəhl dedi: “Vallahi, Ütbəni görmürük. O ki, Məhəmmədin yanına yollanmışdı, yoxsa Məhəmmədin yeməyi onun xoşuna gəlib? Bəlkə ona bir ehtiyac üz verib, onun yanına gedək”. Müşriklər yığışıb Ütbənin yanına gəldilər. Onların başçısı Əbu Cəhl dedi: “Ey Ütbə, niyə bizdən çəkinirsən? Sən ki, Məhəmmədin yanına yollanmışdın, yoxsa onun yeməyi sənin xoşuna gəlib? Əgər bir ehtiyacın varsa, mallarımızdan sənin üçün toplarıq ki, Məhəmmədin yeməyinə möhtac olmayasan!” Ütbə qəzəbləndi. And içdi ki, heç vaxt Məhəmmədi danışdırmayacaq və dedi: “Vallahi, bilirsiniz ki, mən qüreyşilərin arasında mal-dövləti ən çox olanlardanam. Lakin mən onun yanına gəldim, hekayəti ona danışdım, o isə mənə elə cavab verdi ki, vallahi, bu nə şer, nə kahinlik, nə də sehrdir.” Sonra o, “Fussilət” surəsinin həmin ayələrini oxudu” (bax: Fussilət, 1-13).

İslamı qəbul etmiş kişilərin sayı 30-32 nəfərə çatanda müsəlmanlar namaz qılmaq üçün Ərqəmin Səfa dağının ətəyində yerləşən evində yığışmağa başladılar. İslamın Ərqəmin evində təbliği dövründə bu dini çox az adam qəbul etmişdir. Nəzərə alsaq ki, Ərqəmin evində islamı qəbul edən sonuncu adam Ömər bin əl-Xəttab olmuşdur, o isə bütövlükdə müsəlmanların sırasında qırxıncı, yaxud qırx beşinci adam olmuşdur, deyə bilərik ki, Ərqəmin evində yalnız 10-15 adam islamı qəbul etmişdir.
Bəzi tədqiqatlarda islamın Ərqəmin evində təbliği illərinin “Gizli təbliğ” dövrünə aid edilib-edilməməsi sual altına alınır. Zənnimizcə, bu iki dövr bir-birindən fərqləndirilməlidir. Ərqəmin evindəki yığıncaqlar islamın 610-614-cü illər arasındakı müddətdə gizli təbliğindən sonra başlamış və təqribən iki il çəkmişdir, yəni 616-cı ilin axırlarına qədər davam etmişdir. Bu düvrdə müsəlmanlar öz ibadətlərinə açıq aşkar əməl edir, Quranı təbliğ edir və islama çağırırdılar. Bəs necə oldu ki, müsəlmanlar hələ Ərqəmin evində yığışarkən artıq ilk müsəlman mühacirləri Məkkəni tərk edib Həbəşə köçməli oldular.

İlk vaxtlar Qureyşilər Məhəmmədin peyğəmbərlik iddialarına əhəmiyyət verməsələr də, müsəlmanların islamı açıq-aşkar təbliğ etmələri, Quranın ecazkar təsir gücü, Peyğəmbərin bütlərə qarşı dediyi sözlər tədricən onları qəzəbləndirirdi. Onlar görəndə ki, Peyğəmbərin əmisi Əbu Talib onu himayə edir, hücumlardan qoruyur, adam göndərib ona qardaşı oğlundan şikayət etdilər. Əbu Talib qardaşı oğlunu müdafiə edəcəyini bildirdi, hətta haşimiləri başına yığıb onlardan Məhəmmədi qorumağı tələb etdi. (4, səh 110-117). İbn Cərir, İbn Abbasın (r.a) belə dediyini rəvayət edir: “Əbu Talib xəstələndikdə aralarında Əbu Cəhilin də olduğu Qureyşin nüfuzlu insanları onun yanına getdilər. “ Qardaşının oğlu ilahlarımıza söyür, belə-belə edir, belə sözlər deyir. Onun yanına birini göndər və bundan uzaqlaşdır ki, ondan və ilahından əl çəkək” dedilər. Əbu Talib Allahın rəsuluna belə dedi: “Ey qardaşımın oğlu! Qövmünə nə olub ki, səndən şikayət edir, onların ilahlarına söydüyünü iddia edirlər”. Allahın rəsulu (s.ə.s) belə buyurdu: “Ey əmi! Mən onlardan tək bir kəlimə demələrini istəyirəm. O sözü desələr ərəblər onlara boyun əyər, bu söz ilə əcəmlər (qeyri ərəblər) onlara cizyə verər”. Əbu Cəhil: “On dəfə deyərik” dedi. Allahın rəsulu (s.ə.s): “ La ilaha illallah / Allahdan başqa ilah yoxdur deyin” buyurdu. Bundan sonra qışqıraraq və paltarlarını silkələyərək qalxdılar: “İlahları bir ilahmı etdi? Doğrusu bu təəccüblü bir işdir” dedilər”.
Onlar bu sözün mənasını, onun insanı həm ibadətində, həm sosial əlaqələrində, həm əxlaqında, ümumiyyətlə bütün həyatında islamın gətirdiyi yeni bir şəkildə olacağını bilirdilər. Allah Təalanın bu sözü buna işarə edir:

“De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam (Davar) surəsi, 162, 163-cü ayələr).
Bu məna müşriklərin deməkdən qaçdığı Lə ilaha illallah (Allahdan başqa ilah yoxdur) haqq sözdür. Allahın rəsulu (s.ə.s) insanların hamısını bu uca mənaya dəvət etdi. Bütün bəşəriyyət tarixinin ən uca vəzifəsi olan bu uca vəzifəni yerinə yetirdi. İnsanı ən uca məqamlara yüksəldən və axirətdə bitib tökənməyən əbədi xoşbəxtçiliyə qovuşduran doğru bir dinə çağırdı. Bir qrup mömin onun dəvətinə cavab verdi. Müşriklər onlara atəşlə yandırma, qızğın quma basdırma kimi şiddətli işgəncələr verdilər. Üç qrup insan Allah rəsulunun (s.ə.s) dəvətinə cavab vermədi: Həqiqəti bildikləri halda kibirli olduqları üçün inkar edənlər, qısqanclıqdan yananlar və cahil nadanlar. Bu üç qrup Allah yolundan uzaqlaşdırmaq üçün sınamadıqları yol və vasitə qoymadılar. Allah Təala buyurur:
“- Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.” (əs-Saff (Səf) surəsi, 8-ci ayə)

Qaynaqlar

1. Qurani Kərim, (Tərcümə Vasif Məmmədəliyev və Ziya Bünyadovundur), Bakı-2005, Abu Bakr məscidi.
2. Said Havva, İslam (Trc Mesut Tat), Konya-1992, Tekin kitabevi.
3. İbnül-Esir, İslam Tarihi, El-kamil fit-tarih tercümesi, Bahar yayınları, İstanbul-1991, 15 cilddə
4. Rafiq Yəhya oğlu Əliyev, İslam, Bakı-2004
5. Hayati Ülkü, İslam Tarihi, Çile yayınları, İstanbul-1982,( ü.s 1088)


Tarix: 13.04.2013 / 15:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 759 Bölmə: Maraqlı melumatlar