Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhərrəm ayı və bu ayda olan Aşura günü.

Məhərrəm ayına qədəm qoyduq!
Bu ay haram aylardan biridir. Allah təala bu haram ayı bizim üçün xeyirli-bərəkətli etsin. Amin! İbn əl-Cövzi (Allah ona rəhmət etsin) buyurur: Allah sənə rəhm etsin, ey mənim qardaşım, bil ki, həqiqətən də Məhərrəm ayı ən qiymətli, ən hörmətli aylardan biridir. O ay ona görə Məhərrəm (Haram ay) adlandırılıb ki, bu ayda döyüşmək (dava etmək, müharibə etmək) qəti olaraq haramdır (ət-Təbsirat 2/6).

Bu ay haram ayların içərisində birinci aydır. Allah təala Qurani Kərimdə belə buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin” (ət-Tövbə surəsi 36-cı ayə).
Qurtubi (Allah ona rəhmət etsin) deyir: “Allah təala bu dörd haram ayı zikr edib, bu aylarda özünə və başqalarına zülm etməyi qadağan edərək, bu ayları şərəfləndirib. Bununla bu dörd ayı başqa aylardan fərqləndiribdir...” (əl-Cəmiul Əhkəmul-Quran, 8/134).
Müslimin Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə deyib: "Ən üstün (ən fəzilətli oruc), Ramazan ayından sonra, Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur" (Müslim).Nəvəvi deyir: "Burada açıq, aydındır ki, oruc üçün ən fəzilətli aylar bu haram aylardır (xüsusən də Məhərrəm ayıdır)" (Müslimin Şərhi, 7/296) .
İbn Rəcəb deyir: Bu hədis Ramazan ayından sonra ən fəzilətli orucun tətəvvu (yəni nafilə, sünnə) orucunun Məhərrəm ayında tutulan oruc olmasının açıq-aşkar sübutudur. Yəni bu hədis sübut edir ki, bu hədis bizə onu göstərir ki, Ramazan ayından sonra tutulan ən fəzilətli nafilə, sünnə, əlavə oruc haram aylardan biri olan Məhərrəm ayında tutulan orucdur. Lakin deyilir ki, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) Şaban ayında da oruc tutub. Onun (səlləllahu aleyhi və səlləm) Məhərrəm ayında oruc tutması nəql olunmayıb. Aşura günündə isə oruc tutması nəql olunubdur. Onun bu sözü son sünnə (tabe olunacaq yol) olub: “Əgər Məhərrəmin doqquzuncu gününə çatsam oruc tutacağam” (Müslim rəvayət edib). Bu ona sübutdur ki, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) bundan əvvəl Məhərrəm ayının doqquzuncu günü olan Aşura gününüdə oruc tutmayıb. Ancaq o bundan sonra deyib ki, əgər gələn il yaşasam oruc tutacam, gələn il isə artıq O (səlləllahu aleyhi və səlləm) dünyasını dəyişibdir. Buna baxmayaraq onun tövsiyəsi və əmri, sünnəsi olduğu üçün bütün müsəlmanlar Aşura günü oruc tuturlar.
İnsanlar bu məsələ barəsində belə deyiblər: Tatavvu (nafilə) oruclar iki növdür:
Birincisi mütləq tatavvu (nafilə) oruclar, bunların ən üstünü, fəzilətlisi Məhərrəm ayında tutulan oruclardır, bu gecə namazının digər nafilə namazlardan üstün olması kimidir. Yəni necə ki, nafilə namazlar içərisində ən üstünü, ən fəzilətlisi gecə namazı sayılırsa, nafilə oruclar içərisində də ən üstünü və ən fəzilətlisi Məhərrəm ayında tutulan oruclar sayılır. Xüsusən Aşura günü tutulan oruc;
İkincisi isə Ramazan ayından əvvəl və Ramazan ayından sonra tutulan oruclardır. Ramazandan əvvəl Şaban ayının orucu və Ramazandan sonra Şəvval ayından altı gün oruc tutmaq kimi. Bu isə mütləq nafilə oruc deyildir (Li Taifi-l məarif bi ixtisar, səh. 46)...
Allah Rəsulundan (səlləllahu aleyhi və səlləm) eşidilib ki, deyib: Məhərrəm ayı Allahın ayıdır. O ayın Allahın ayına izafə olunması, yəni Allahın ayı adlandırılması onun şərəfli ay olmasına, üstün ay olmasına, hörmətli ay olmasına dəlildir. Yaratdıqları içərisində Allah təala bu Məhərrəm ayını Özünə xas edibdir, necə ki, Məhəmmədin (səlləllahu aleyhi və səlləm) nəsəbini İbrahimin, İshaqın, Yəqubun və başqa peyğəmbərlərin (əleyhissəlam) nəsəbindən üstün edibdir (Li Taifi-l məarif bi ixtisar, səh. 49)...
Əsasən Məhərrəm ayında ən üstün və fəzilətli oruc Aşura günündə, yəni Məhərrəm ayının doqquzuncu və onuncu günündə tutulan orucdur. Buxari və Müslimdə İbn Abbasdan gələn hədisdə Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) Mədinədə bir yəhudinin oruc tutduğunu (oruclu olduğunu) görür, yəhudi deyir: Bu gün çox böyük bir gündür. Allah təala bu gün Musanı və qövmünü xilas etmiş, Fironu və onun qövmünü isə həlak etmişdir. Musa şükr etmək üçün oruc tutub. Biz də bu gün oruc tuturuq. Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) deyir: “Biz Musaya sizdən daha yaxınıq və daha haqq edirik (yəni daha haqqıq)” (Müslim rəvayət edib). Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) oruc tutur və bu gündə oruc tutulmasını əmr edir. Buxari və Müslimdə gələn bir hədisdə Sələmə bin əl-Əqva Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) İslamdan olan bir kişiyə insanlara belə deməsini əmr edir: “Kim yeyirdisə günün yerdə qalanını oruc tutsun, kim yemirdisə oruc tutsun, həqiqətən də bu gün Aşura günüdür” (Ləfz Buxarinindir). Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) Aşura günü oruc tutmağın böyük savab olması haqqında İbn Abbas (Allah ondan razı olsun) belə deyir: Bu günün orucundan başqa Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) daha fəzilətli, daha üstünlük verdiyi oruc görmədim. Bu da Aşura günüdür. Yəni, Ramazan ayından sonra daha əhəmiyyət verdiyi, daha üstün hesab etdiyi, daha möhkəm tapşırdığı Aşura orucundan başqa digər oruclara bu qədər əhəmiyyət verdiyini görmədim (Buxari və Müslim. Ləfz Buxarinindir). Allah Rəsuluna (səlləllahu aleyhi və səlləm) Aşura orucu haqqında sual verəndə belə deyib: “Bu bizdən əvvəlkilərin etmədiyi (inkar etdiyi) bir sünnədir (yoldur)” (Müslim). Bizə gəlib çatan hədislərə əsasən bəzi alimlər bu orucun vacib olduğunu görüblər. Bəzi alimlər isə deyiblər ki, artıq uca Rəbbimiz Ramazan ayını bizə tam bir ay oruc tutmaqla bizə Ramazan orucunu fərz (vacib) edib. Ona görə də Aşura günü oruc tutmağın vacib olması Ramazan orucu ilə nəsx olunub. Yəni Ramazan orucu bizə əmr olunmaqla Aşura günü orucunun vaciblik hökmü qüvvədən düşüb. Ancaq Aşura günü oruc tutmağın vaciblik, fərzlik hökmü qüvvədən düşsə də bütün alimlərin də icması ilə fəziləti, üstünlüyü və savabı, bunu tutmaqla böyük dərəcələrə nail olunması qüvvədən düşməyib.
İbn Rəcəb Aşura orucu haqqında dörd vəziyyəti qeyd edib:
Birincisi, Məkkədə bu orucu tutmaq insanlara əmr olunmayıb;
İkincisi, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) Mədinə yaxınlığında oruc tutan bir yəhudini görüb, ona hörmət edib, təzim göstərib, onların bu hərəkətini sevib, ancaq insanlara da oruc tutmalarını əmr edib. Rəbiə binti Məud (Allah ondan razı olsun) deyir ki, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) Aşura günü Mədinə yaxınlığına bir nəfəri göndərib deyir: “Kim oruclu olaraq sabahladısa orucunu tamamlasın, kim yeyərək sabahladısa günün geridə qalanını orucla tamamlasın”. Biz uşaqlı-böyüklü bundan sonra Allahın zini ilə oruc tutduq, məscidə getdik, yeməyi hazırladıq və ifatara qədər orada qalıb, iftar etdik” (Təxmini məna) (Müslim).
Üçüncüsü, Ramazan orucu fərz olunanda Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) Aşura orucunu tərk edir və səhabələrə də bunu əmr edir. Yəni səhabələrə də tərk etməsini əmr edir. Buxari və Müslim İbn Ömərdən (Allah hər ikisindən razı olsun) rəvayət edirlər ki, “Allah Rəsulu (səlləllahu aleyhi və sələm) Aşura orucunu tutmağı bizə əmr etmişdi. Ramazan orucu fərz olunanda bunu tərk etdi” (Ləfz Buxarinindir). Müslimin rəvayətində: Cahiliyyə əhli Aşura günü oruc tuturdular. Ramazan orucu fərz olunmamışdan əvvəl Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) müsəlmanlar da oruc tuturudular. Ramazan orucu fərz qılınanda Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) dedi: “Həqiqətən də Aşura günü Allahın günlərindən bir gündür. Kim istəsə o günü oruc tutsun, kim istəsə tərk etsin, oruc tutmasın”.
Dördüncüsü: Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) ömrünün axırında onu bir dəfə tutub və ona bir gün də əlavə edib. Bununla O (səlləllahu aleyhi və səlləm) yəhudilərə və xristianlara müxalif olub. Səhih Müslimdə İbn Abbas (Allah ondan razı olsun) deyir: “Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) Aşura günü oruc tutduğu zaman, biz onun oruclu olduğunu görüb dedik: “Ya Rəsulullah, həqiqətən də bu gün xristianların və yəhudilərin təzim etdikləri, hörmət etdikləri gündür”. Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) buyurdu: “Əgər mən gələn il həyatda olsam, inşəallah Aşuradan əvvəl doqquzuncu günü də oruc tutacağam”. Dedi: “Gələn il Aşura günü gəlməmişdən əvvəl Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) dünyasını dəyişdi” (Müslim rəvayət edib). Həmçinin İbn Abbasdan (Allah hər ikisindən razı olsun) gələn rəvayətdə Allah Rəsulu (səlləllahu aleyhi və səlləm belə deyib: “Əgər gələn il Aşura orucuna sağ qalsam doqquzuncu və onuncu günləri oruc tutacağam” (Litaiful-Məarif, müxtəsər səh 72-68).
Beləliklə, müxaliflərin əksinə olaraq, yəni yəhudilərin və xristianların əksinə olaraq müsəlmanlar Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) əmrini yerinə yetirərək hər hicri təqvimi ilə Məhərrəm ayının doqquzuncu günü və onuncu gününü oruc tuturlar. Bu oruc araşdırmamızdan da göründüyü kimi əvvəlki bütün ümmətlərin tutduğu orucdur, müslmanlar da bu orcu həmişə tutublar. Bundan sonra da Allahın izni ilə Qiyamətə qədər tutacaqlar. Allah təala bütün yaxşı əməllərə bizi daima müvəffəq etsin. Amin!
Dostlar! Həm özümə həm də sizə bu Allahın ayı olan Məhərrəm ayına hörmət göstərməyimizi nəsihət edirəm. Biz hələ bilmirik bu ayı yaşayacayıq ya yox. Əgər uca Allah bu ayda bizi yaşatsa bizə olan lütfünə görə Allaha həmd olsun, öldürsə yenə bizə olan lütfünə görə Allaha həmd olsun. Əgər yaşatsa dərk etməliyik ki, bu ay çox əzəmətli və hörmətli ay, haram aydır. Yəni qorunması lazım olan aylardandır. Qorunma dedikdə, onu başa düşməliyik ki, bu ayda bütün haramları tərk etməliyik, əgər aramızda siqaret çəkənlər varsa dərhal tövbə edib o haramı tərk etməlidirlər, əgər aramızda yalan danışan varsa dərhal tövbə edib o yalanı tərk etməlidirlər, əgər aramızda söz gəzdirən varsa dərhal tövbə edib o haramı tərk etməlidirlər. Əgər aramızda yalan danışan, qeybət edən, böhtan atan, zina edən, vaxtını boş-boş keçirənlər varsa dərhal tövbə edib özünü, özümüzü düzəlməliyik. Bu ay bizə verilən bir fürsətdir. Gəlin bu fürsətin qədrini bilək. Yəni bunu dərk edək ki, bizə inşAllah yeni bir toxum verilir. Bizdən də tələb olunur ki, o toxumu yaxşı bir torpaqda əkək. Əgər biz verilən toxumu qaydasında əksək Allahın izni ilə yaxşı məhsul əldə edə biləcəyik. Bu toxum bizə verilən fürsətdir, vaxtdır. Bu da bu Məhərrəm ayıdır. Bu ayda gəlin saleh əməllərimizi çoxaldaq, günah və haramları tərk edək. Qurani Kərimi öyrənək, oxuyaq, əməl edək. Məscidə camaat namazına gələk. Özümüzün də əl çəkmək istədiyimiz bütün pisliklərdən əl çəkək. Gəlin birlikdə özümüzü düzəldək. Ya Rəbbimiz bu mübarək Məhərrəm ayında bizi Sənə haqqı ilə ibadət və itaət etməyi nəsib et! Amin! Bilmədiklərimizi bizə öyrət! Amin! Günahlarımızı və xətalarımızı bağışla! Amin! Bizi borcdan qurtar! Amin! Aqibətimizi xeyirli et! Amin! Xəstəliklərimizə şəfa ver! Amin! Bilmədiyimiz və dərk etmədiyimiz bütün xeyirlərə bizi qovuşdur! Amin! Bilmədiyimiz və dərk etmədiyimiz bütün şərlərdən bizi qoru! Amin!..

Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...


Tarix: 08.04.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 402 Bölmə: Maraqlı melumatlar
loading...