Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nisə surəsi 24- ayəsinin izahı

“Sahib olduğunuz cariyələr istisna olmaqla, ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehir müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir”. (NİSƏ -24)

Kişilərə evli qadınlarla evlənmək qadağan edilmişdir. Heç kimə, hələ evli olan qadınla evlənməyə yol verilməyib və əri onu boşadığını elan etdikdən və boşanma üçün müəyyən edilmiş müddət bitdikdən sonra bu qadağa götürülür. Bu qaydadan istisna təşkil edən müsəlmanlara əsir düşən qadınlardır. Buna görə, əgər evli kafir qadın müsəlmanlara əsir düşərsə, onun sahibinə, qadının hamilə olmamasına əmin olmaq üçün müəyyən olunmuş müddət keçdikdən sonra, onunla cinsi yaxınlıq etməyə icazə verilir. Əgər ərli kölə qadın satılıbsa və ya başqa birisinə hədiyyə edilibsə, onun nikahı pozulmur, çünki onun yeni sahibi onun əvvəlki sahibinin yerini tutur. Bunun dəlili Bariranın əhvalatıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona öz taleyini özünün müstəqil sürətdə müəyyənləşdirməsinə imkan verdi. Allahın hökmü belədir və müsəlmanlar ona riayət etməli və onu rəhbər tutmalıdırlar, çünki o, şəfa və aydınlıq gətirir və halalla haramı izah edir.
“Sifah” (“əxlaqsızlıq”) safaha (axıtmaq) felindən törəmişdir, çünki zinakar öz mayesini icazə verilən yerdə deyil, qadağan olunan yerdə axıdır. Belə addım atdıqda, kişi öz arvadını zinakarlıqdan qorumur, çünki o, öz şəhvətini qadağan olunmuş qaydada təmin edir və icazəsi olduğu qadınına həvəs göstərmir. Bu ayədən aydın olur ki, müsəlmanlar ismətini saxlamayanlarla nikah etməməlidirlər. Uca Allah buyurur: “Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir” (Nur, 24/3).
Sonra Allah bildirir ki, ər arvadını, ondan məmnun qaldığına görə, mükafatlandırmalıdır. Arvadına hədiyyələr bağışlayaraq, ər onu ondan əldə etdiyinə görə bəxşişlərlə təmin edir və buna görə də, zövcəsi ilə yaxınlıq etdikdən sonra, mehrin verilməsi tam mənada ərin vəzifəsinə çevrilir.
Allah bu mükafatı müəyyən olunmuş adlandırır, çünki o – fərzdir və insanın öz istəyi ilə verdiyi və verməyə də biləcəyi könüllü ianələrə aid edilmir. Başqa bir şərhə görə, o mükafat müəyyən olunmuş ona görə adlandırılır ki, insanlar onun ölçüsünü özləri təyin edirlər və bundan sonra o, məcburi olur və azaldıla bilməz. Əgər vacib mükafatın ölçüsü təyin edildikdən sonra ər öz xoşu ilə mehrin ölçüsünü artırmaq istəyərsə və ya arvad alicənablıqla mehrinin bir hissəsini ərinə güzəştə gedərsə, onlar günah işlətmiş olmazlar. Quran təfsirçilərinin çoxu bu rəyə tərəfdar olmuşlar.
Bir çoxları elə hesab edirdilər ki, bu ayə İslamın təşəkkül tapmağa başladığı ilk illərdə qısa müddət ərzində icazə verilmiş müvəqqəti nikahla (siğə ilə) əlaqədar nazil edilmişdir və sonra isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onu qadağan etmişdir. Həmin şərhçilərə görə, kişi qadınla müvəqqəti nikah bağlayarkən (siğə edərkən) onun müddətini və mükafatının ölçüsünü müəyyən etməlidir və əgər onun müddəti keçəndən və mükafatı veriləndən sonra, kişi və qadın hər ikisinin razılığı ilə yeni razılıq əldə etsələr (müvəqqəti nikah bağlasalar), onlar günah etməzlər .
( Allahın Elçisinin (s.ə.s.), müəllifin mətnində qeyd edildiyi kimi: “qadağan edilmişdir” hökmü qəti şəkildə göstərir ki, İslamda müvəqqəti nikah (siğə) İslam Peyğəmbəri (s.ə.s.) tərəfindən birmənalı olaraq qadağan edilmişdir və bunu təsdiq edən mötəbər dəlillər mövcuddur (Bax: İmam əl-Buxari və İmam Müslim topluları). Müəllifin 24-cü ayənin şərhində verdiyi: “Bir çoxları elə hesab edirlər ki...” ifadəsi Muhəmməd Peyğəmbərin (s.ə.s.) həmin nikahı ləğv etdiyi dövrə qədərki gerçəkliyi əks etdirir.
Siğə (muta) mövzusunun bir sıra məzhəblər üçün aktuallığını nəzərə alaraq, qeyd etmək lazımdır ki, siğə adlandırılan müvəqqəti nikah İslamdan əvvəlki cahillik dövründə ərəblər arasında mövcud idi. İslamın bərqərar olması ilə o ləğv edilmişdir. Son dəfə, istisna hal kimi, Allahın Elçisi (s.ə.s.) siğəyə bir sıra döyüşlər zamanı çox qısa müddətə yol vermiş və sonra da Allahdan iradəsini yerinə yetirərək onu qəti surətdə qadağan etmişdi. Bu barədə səhih hədislər çox etibarlı mənbələrdən rəvayət edilmişdir. Onların arasında Əli ibn Əbu Talibin (Allah ondan razı olsun), İbn Abbasın (Allah ondan razı olsun) və bir çox başqalarının rəvayətləri xüsusilə fərqlənir. Hədisləri əldə etdiyimiz mənbələr: “Sahih-i Muslim ve Tercemesi”, türk dilində, İrfan Yatınları N 7/4, İstanbul, 1972, İV cild, 290-300. s.s. F.S. )

Bunu ən yaxşı bilən Allahdır.

Allah kamil və həddi-hüdudu olmayan biliklərə və qüsursuz müdrikliyə malikdir. Ö, Öz biliyi və müdrikliyi sayəsində insanlar üçün qanunlar yaratmış və halal və haram arasında hədd qoymuşdur.

Allah kamil və həddi-hüdudu olmayan biliklərə və qüsursuz müdrikliyə malikdir. Ö, Öz biliyi və müdrikliyi sayəsində insanlar üçün qanunlar yaratmış və halal və haram arasında hədd qoymuşdur.


Tarix: 13.04.2013 / 16:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 296 Bölmə: Maraqlı melumatlar
loading...