beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah göylərin və yerin nurudur

Uca Allah buyurur ki:
"Allah göylərin və yerin nurudur (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən xaliqdir).Onun nuru içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan(Yəni bu, yer yox, göy ağacıdır )mübarək bir zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur(Allah istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir ). Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!" (Nur, 24/35)

1. İbn Qeyyim Uca Allahın: "Allah göylərin və yerin nurudur…" buyruğunu göyləri və yeri nurlandıran, göylərdə və yerdə olanlara doğru yol göstərən kimi təfsir etmişdir. Onun nuru ilə göylərdə və yerdə olanlar doğru yol tapır. Bu, Onun gördüyü işdir (felidir – red.), əks halda nur Onun Özü ilə bir olan sifətlərindəndir. Allahın gözəl adlarından biri olan ən-Nur adı da buradan Ona verilmişdir (İbn Qeyyim, İləmul-Muvaqqin, I, 185)
Uca Allah bu nura, onun olduğu yerə, onu daşıyana və onun maddəsinə qəndil oyuğunu (Qəndil oyuğu – taxça (20-ci əsrin ortalarınadək Azərbaycan evlərində daha çox paltar boxçaları və ya qab-qacaq qoyulması üçün nəzərdə tutulardı) nümunə göstərmişdir. Bu isə evin divarının içində düzəldilmiş oyuq formasında xüsusi bir yerdir. Bir tərəfdən köksə bənzəyir. Bu qəndil oyuğunda (taxça¬da) ən şəffaf şüşədən düzəldilmiş pəncərə vardır. Şəffaflığından və ap-aydın olmasından par-par parıldayan ulduza bənzədilmişdir. Bu da qəlbə bənzəyir. Qəlb isə şüşəyə bənzədilmişdir. Çünki bu şüşə möminin qəlbində olan bir sıra keyfiyyətləri özündə cəmləşdirmişdir. Bunlar təmizlik, incəlik və mətanətlilikdir. O, təmiz və bulanıqsızlığı ilə haqqı və doğru yolu görür. İncəxasiyyətliliyinə görə başqalarının halına yanması, rəhmliliyi və şəfqətli olması bilinər. Mətanəti ilə isə Uca Allahın düşmənlərinə qarşı mübarizə edir, onlarla sərt davranır, haqlı olduğu işdə mətinlik göstərir, mətanətliliyini itirmir. Ona məxsus olan keyfiyyətlər bir-birini inkar etmədiyi kimi, ona mane də olmazlar. Əksinə, Uca Allah möminlərə keyfiyyət bəxş edərkən, aşağıdakı buyruğunda olduğu kimi, onların hər biri digərinə kömək göstərərək onu müdafiə edir:
"…onlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər…" (Fəth, 48/29)
Şüşənin içərisində bir qəndil vardır. Bu ad fitildə olan işığa verilir və onu daşıyır. Bu nurun bir maddəsi var ki, o, günün başlanğıcında və sonunda ən münbit günəşli yerlərdə bitən bir zeytundan sıxılıb çıxarılmış yağdır. Zeytun yağların ən təmizi və törtöküntüsü olmayanıdır. Saflığı və təmizliyi üzündən ona od deyilməsə də, işıq saçandır. Bax, qəndilin işıqlılığının mənbəyi də budur.
Möminin qəlbindəki qəndilin işığını saxlayan mənbə də belədir. O, bərəkəti hər şeydən daha böyük və azmaqdan ən uzaq olan vəhy ağacındandır. Bu ağac ən mülayim, ən mütənasib və ən kamil xüsusiyyətləri özündə təmsil edir. Xristianlığın da, yəhudilin də yolundan azması kimi hallara səbəb olmur. Əksinə, o, hər sahədə pislənən iki qütbün ortasındadır. Bu zeytun yağı son dərəcə təmiz və şəffaf olduğundan və öz-özündən işıq saçan haldaykən, ona od təsir etdikcə işıqlığı artır və ondakı işıq saçan maddə güclənir və nəticədə isə, o, nur üstündə nur olur.
Bax, mömin də belədir. Onun qəlbi işıqlıdır. Ətrafı da işıqlandırır. O, istənilən anda ilahi təbiəti və ağlı ilə haqqı tanıya biləcək vəziyyətdədir, lakin şəxsən özündən gələn bir maddəsi yoxdur. Bundan ötrü vəhy cövhəri nazil olaraq onun qəlbinə girmişdir. Beləliklə vəhy sahəsində Uca Allahın yaradarkən fitri olaraq ona verdiyi nurun üstünə nur vəhylə artırılır. Bunun nəticəsində o fitrətin nuruna əlavə olaraq vəhy nuru da əldə edir.
Məhz ağıllı bir kəs bu çox böyük ayə və bu ayənin belə yüksək mənalara müvafiqliyi üzərində düşünməlidir. Uca Allah göylərdə və yerdə nurunu, mömin qullarının qəlbindəki nurunu, yəni, bəsirət və qəlb deyə ad qazanmış ağlı nur ilə uca və alt aləmin hər tərəfinin özüylə işıqlandırdığı gözlə görülən maddi nuru gerçəkləşdirir. Bunların hər ikisi çox qüdrətli nur mənbələridir, biri digərindən daha böyükdür.
Bunlardan hər hansı biri bir yerdə olmazsa və yaxud bir məkanda yerləşməzsə, orada bir insan və yaxud bir başqa varlıq yaşaya bilməz. Çünki canlı varlıqlar nurun (işığın) olduğu yerdə olurlar. İşığın doğmadığı qaranlıq yerlərdə isə canlı nə yaşaya, nə də ola bilməz.
Beləliklə, vəhy və iman nurunun olmadığı bir millət də eynilə və labüd olaraq ölü bir millətdir. Belə bir nurun olmadığı qəlb də qəti demək olar ki, ölü bir qəlbdir. Onda həyat nişanəsi görünməz. Necə ki, belə işıqlığın olmadığı bir yerdə yaşayan bir canlının tapılması mümkün deyil (Bax: İbn Qeyyim, ət-Təfsirul-Qeyyim, səh. 374; əl-Vabilus-Sayyib, səh. 736)
2. Təbəri Uca Allahın: "Allah dilədiyini öz nuruna qovuş¬durur" buyruğunu belə açıqlayır:
Allah Quran adlandırdığı Öz nurunun ardıyca getməyi istədiyi quluna nail edir.
" Allah insanlar üçün misallar çəkir" buyruğu da o deməkdir ki, Allah bu Qurani Kərimdə insanlara möminin qəlbində şüşə içindəki qəndili və bu ayədəki digər misalları göstərdiyi kimi, digər misallar da çəkir və bənzətmələr yaradır.
"Allah hər şeyi biləndir!" Allah bu və buna oxşar başqa misallar çəkərkən elm sahibi kimi davranır (Bax: Təbəri, VIII, 143)

Ayədən çıxarılan nəticələr
1. Uca Allah möminə işıqlığında doğru yol tapacağı bir nur yaratmışdır.
2. Allah istədiyi qulunu imana çatdırar.
3. Bu doğru yol ilahi müvəffəqiyyətinin təzahür etdiyi doğru yoldur.
4. İlahi müvəffəqiyyətinin təzahür etdiyi doğru yol Allahın əlindədir, ona başqa bir kimsənin gücü çatmaz.
5. Anladılması istənilən məsələlərin daha yaxşı başa düşülüb qavranılması üçün misallar çəkmək gözəl bir işdir.
6. ən-Nur Uca Allahın adlarındandır.
7. Nur iki cürdür. Biri günəş işığı kimi maddi işıqdır ki, insan, heyvan və bitkilər onsuz yaşaya bilməz; digəri isə mənəvi nurdur ki, bu da Uca Allahın nur adını verdiyi Qurani Kərimdir. Gözəl həyat arzulayan kimsə onsuz yaşaya bilməz.

. Şairin bu beytləri nə qədər doğrudur:
"Allahu Əkbər! Məhəmmədin dini və kitabı
Ən güclüdür, sözü ən doğrudur,
Onun yanında danışılmaz digər kitablardan,
Çünki səhər açılmışdır, qəndilləri söndürün".


Tarix: 17.04.2013 / 12:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Maraqlı melumatlar