beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah sevgisini qazanmanın yolları

Ənəs bin Malik (r.a) rəvayət edir ki, Bir nəfər Peyğəmbərin (s.ə.s) yanına gəldi və dedi: “Ey Allahın Rəsulu! Qiyamət nə vaxt gələcək?” Rəsulullah (s.ə.s) buyurdu: “Onun üçün nə hazırladın?”. Ənəs bin Malik dedi ki, həmin adam sanki boynunu bükdü və sonra belə dedi: “Onun üçün nə çox namaz, nə çox oruc və nə də çox sədəqə hazırladım. Fəqət mən Allahı və Rəsulunu sevirəm”. Peyğəmbər (s.ə.s) bunu eşidərək buyurdu: “Onda sən sevdiyinlə birlikdə olacaqsan”. (Səhih Buxari və Müslim). Ənəs bin Malik (r.a) əlavə etdi ki, “İslamdan (müsəlman olduqdan) sonra Rəsulullahın (s.ə.s) “Şübhəsiz sən sevdiyinlə birlikdə olacaqsan” sözünə sevindiyimiz qədər heç bir şeyə sevinmədik”.

Ənəs bin Malik yenə demişdir ki, “Mən Allahı, Rəsulunu, Əbu Bəkri, Öməri və Əlini sevirəm, onların əməlləri kimi əməl işləməsəm də onlarla birlikdə olmağı arzulayıram”.
Bu sevgi məqamına çatmaq və bu səadəti qazanmaq üçün alimlər bir çox səbəb və yollar söyləmişdilər. Bu səbəblər və yollar, qulaqlarımıza xoş gələcək və diqqətlə oxuyacağımız bu amillərdən ibarətdir:

1) Mənalarını anlayaraq, sirlərini və hikmətlərini düşünərək Quran oxumaq. Buna görə də Peyğəmbərin (s.ə.s) səhabələrindən biri Allah sevgisini qazanmaq üçün İxlas surəsini namazında həmişə oxuyardı. Bunu nəyə görə etdiyini soruşduqda o demişdi: “Çünki o, Rəhmanın sifətidir və mən onu oxumağı sevirəm”. Peyğəmbər (s.ə.s) bunu eşidəndə buyurmuşdu: “Ona bildirin ki, Allah da onu sevir” (Səhih Buxari).

2) Allahın qoyduğu hüdudlara və fərzlərə bağlı qalmağa çalışdıqdan sonra nafilələrlə Allaha yaxınlaşmaq.

3) Dinlə, qəlblə və hərəkətlə hər zaman Allahı zikr etmək. Allah Təalə buyurur: “Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” (əl-Bəqərə, 152). Rəsulullah (s.ə.s) buyurur: “Allah Təalə buyurur ki, “Məni xatırlayanla birlikdəyəm” (İbn Macə).

4) Nəfsin qalib gəldiyi anda, Allah və Rəsulunun sevgisini nəfs sevgisindən üstün tutmaq. Beləcə qul başına gələcək müsibətlər böyük olsa belə, şərtlər ağır olsa da Allahın rızasını başqasının rızasından üstün tutar. Allahın rızasını başqasından üstün tutmaq aşağıdakı 3 amillə olur:
a) Nəfsin həva və həvəsini özündə tutub saxlamaq
b) Nəfsin həva və həvəsinə qarşı çıxmaq
c) Şeytan və dostları ilə mübarizə aparmaq

5) Qəlbin Allahın ad və sifətlərini anlaması, onları bilməsidir. Quran və sünnəni, anlamını pozmadan və təfsir etmədən, necəliyinə varmadan və yaradılmışa bənzətmədən Allah üçün zikr etdiyi ad və sifətləri və felləri ilə Allahı tanıyanı Allah sevər, şərəfləndirər və razı edər. Allah Təalə buyurur: “Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin”. (Əraf, 180).

6) Bu bütün amillərin ən heyrətvericisidir. Qəlbin tamamilə Allah Təalə qarşısında əyilməsidir. Sözlə və fellə, qəlblə və bədənlə Allahın böyüklüyünə boyun əyilməsidir. Allah Təalə buyurur: “Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)” (əl-Müminün, 1-2). Allah Təalə yenə buyurur: “Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər”. (Ənbiya, 90)

7) Salehləri sevmək, onların yanında olmaq və onlarla oturmaq. Rəsulullah (s.ə.s) Allah Təalənin belə buyurduğunu söyləmişdir: “Mənim üçün bir-birini sevənlərə sevgim vacib oldu. Mənim üçün birlikdə oturanlara sevgim vacib oldu. Mənim üçün bir-birini ziyarət edənlərə sevgim vacib oldu”. (Əl-Əlbani bu hədisi səhih saymışdır).

8) Qəlblə Allah arasına girə biləcək hər cür pis amillərdən uzaq durmaq. Bu da hər cür pislikdən, bütün haramlardan və böyük günahlardan uzaq durmaqla olur. Qəlb pozularsa, insan dünya işlərinin düzgünlüyündən fayda görməz. Axirətdə də heç bir yarar və qazanc görməyəcəkdir. Allah Təalə buyurur: “O gün ki, nə mal, nə də dövlət fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!” (əş-Şüəra, 88-89).

9) Allah Təalənin verdiyi nemətlərə şükr etmək, ona bolluq gələrsə şükr edər, darlıq olarsa səbr edər və bu onun üçün xeyirlidir. Allah Təalə buyurur: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam”. (İbrahim, 7). Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Möminin bütün işi onun üçün xeyrilidir. Ona bir bolluq gələrsə şükür edər və bu onun üçün xeyirlidir. Ona bir darlıq gələrsə səbr edər və bu onun üçün xeyirlidir”. (Səhih Müslim). Peyğəmbər (s.ə.s) yenə buyurmuşdur: “Şübhəsiz Allah qulunun yemək yeyib Ona həmd etməsindən və içib Ona həmd etməsindən razı olar” (Səhih Müslim).

Diqqət edin! Allahı sevmənin gərəklərindən biri də, rəhmət peyğəmbəri və hidayət öndəri Muhəmməd peyğəmbərə (s.ə.s) çoxlu salat və salavat göndərməkdir.


Tarix: 17.04.2013 / 13:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 241 Bölmə: Maraqlı melumatlar