beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BU DÜNYA HƏYATI SİZİ ALDATMASIN!

Ey ALLAHın qulları!.. ALLAHdan layiqincə qorxun və Onu layiqincə xatırlayın. Çünki ALLAH gizli və açıq olanları bilir. Dünya həyatı sizi aldatmasın, şeytan sizi ALLAH`ın bağışlamasına arxayın edərək aldatmasın!

Ey Müsəlmanlar!.. Arzulara, ümidlərə çatma və istəkləri əldə etmə yarışında insanlardan bir qrup, bu yarışın daim istədiyi şəkildə olmayacağını görmür və ya görmək istəmir. Bu səbəbdən, istədiyi bəzi şeylərdən məhrum olduğu zaman və ya qarşısına bir maneə çıxdığı zaman genişliyinə baxmayaraq, yer üzü ona dar gəlir. Bütün bunlar onu, UCA ALLAHın bol nemətlərini və keçmişdə ona etdiyi nemətləri inkar etməyə sövq edir. Səhər-axşam kədərli və narahat olur, həyatından zövq almır.
Ey qardaşlar!. Bütün bunlara səbəb, bağışlama və qarşısını alma həqiqətini bilməmək, bu ikisinin əsla birləşməyəcək zidd şeylər olduğunu düşünmək. Bu səbəbdən Sələfi-Salehinin (ALLAH onlardan razı olsun) haqqı izah etmək və hidayətə istiqamətləndirmək üçün bu mövzuyla bağlı hikmətli sözləri vardır. Süfyan əs-Səvri, Sələf alimlərinin birindən belə nəql edir: "Şübhəsiz ki, ALLAH`ın qulunu sevdiyi bəzi şeylərdən uzaqlaşdırması ona nemətdir. Çünki ALLAH ona, xəsisliyinə görə qadağa qoymamışdır. Əksinə, bu şəkildə olmasını dilədiyi lütfünə görə qarşısını almışdır. UCA ALLAH quluna daim bir cür nemət vermir. Ona, sevdiyi və əldə etməyi arzuladığı müxtəlif nemətləri verir. Bəzən sevdiyi şeyləri ondan uzaqlaşdıra da bilər. Çünki O, sonsuz kərəm sahibidir. Comərdliyinin və ehsanının sərhədi yoxdur. O, dünyaya milçəyin bir qanadı qədər dəyər verməyəndir. ət-Tirmizi “əs-Sunən”əsərində, Səhl ibn Sad əs-Saididən "səhih" sənədlə, Rəsulullahın (sav) belə buyurduğunu rəvayət edir:
"Əgər bu dünya ALLAH dərgahında milçəyin bir qanadı qədər dəyərli olsaydı, kafirə ondan içməyə bir qurtum su da verməzdi."

UCA ALLAH dünyada bir şeyi yalnız dərin hikmət, biliyə əsaslanan təqdir və insanlardan bir çoxunun bilmədiyi faydalara görə yaratdığı insandan uzaqlaşdırır. Rəsulullahın (sav) aşağıdakı hədisi buna dəlildir. ət-Tirmizi “əs-Sunən” və İbn Hibban "əs-Səhih" əsərlərində, əl-Qatadə ibn ən-Numandan "səhih" sənədlə, Rəsulullahın (sav) belə buyurduğunu rəvayət edir:

"Şübhəsiz ALLAH, bir qulu sevdiyi zaman, birinizin xəstəsini (zərərli olacağını bildiyinə görə) sudan qoruduğu kimi onu dünyada pisliklərdən qoruyur."

əl-Hakimin “Müstədrək”indəki bir rəvayətdə isə, Əbu Səid əl-Xudri (r.a) Rəsulullahın (sav) belə buyurduğunu rəvayət edir:

"Şübhəsiz ki, ALLAH sizin xəstənizi, onun üçün qorxtuğunuza görə yemək və içməkdən qoruduğunuz kimi, sevdiyi mömin qulunu qoruyur."

Hafız İbn Rəcəbin də dediyi kimi, ALLAHın qullarını, ehtiyacları olmayan lüzumsuz dünya şəhvətlərindən, bəzək və sevincdən məhrum etməsi də buna misaldır. Onları, axirətdə vermək üçün saxlamışdır. UCA ALLAH`ın ayəsində buna işarə edilmişdir:

“Əgər insanların (müşriklərin cah-calal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı (təhlükəsi) olmasaydı, ər-RAHMAN`ı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin tavanlarını və (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik. Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları (gümüşdən düzəldərdik). (bunlardan əlavə onları) qızıl bəzəklər (içində qərq edərdik, yaxud həmin şeyləri qızıldan düzəldərdik). Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət (Cənnət) isə sənin RƏBB`inin yanında ancaq ALLAH`dan qorxub pis əməllərdən çəkinənlər üçündur!”
(əz-Zuxruf surəsi, 43/33-35)

Rəsulullahın (sav)belə buyurduğu "səhih" olaraq rəvayət edilmişdir:

"Kim dünyada ipək geyinsə, axirətdə onu geyinməz."
(əl-Buxari. Muslim)

Huzeyfədən "səhih" sənədlə, Rəsulullahın (sav) belə buyurduğu rəvayət edilir:

"İpək və dibac (bir növ ipək parça) geyinməyin, qızıl və gümüş qabdan içməyin, qızıl və gümüş boşqablardan da yeməyin. Çünki bunlar, dünyada kafirlər üçün, axirətdə sizin üçündür."

əl-Buxari və Muslim "əl-Camiu`s-Sahih" adlı əsərlərində Abdullah İbn Ömərdən (r.a) Rəsulullahın (sav) belə buyurduğunu rəvayət edir:

"Kim dünyada içki içsə, axirətdə onu (axirət içkisini) içməz."

Bununla yanaşı, içənlər üçün ləzzət olan, başlarını ağrıtmayan və ağıllarını başlarından almayan axirət içkisi ilə şeytanın əməlindən bir pislik olan dünya içkisi arasında böyük fərq vardır. Dünya içkisi ilə şeytan, möminlər arasına kin və düşmənçilik salmaq, onları ALLAH`ın zikrindən və namazdan uzaqlaşdırmaq istəyir. Belə ki, bu dünya içkisidir.
Əhməd ibn Hənbəl “Kitabu`z-Zühd” əsərində Əmiru`l-Möminin Ömər ibn Xəttabın (r.a) belə dediyini rəvayət edir:
"Həsənatım əksilməsə, mən də sizin həyatnıza qoşulardım. Lakin mən, ALLAHın bir topluluğu məzəmmət edərək:

“…Siz dünyada həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı)…” (əl-Əhqaf surəsi, 46/20.) buyurduğunu eşitdim."

Hər kəsin gündəlik həyatında baş verən, Süfyan əs-Səvrinin nəql etdiyi xəbərin doğruluğuna açıq şəkildə dəlalət edir. Nə qədər ümid içində olan insan var ki, ümidinə çatsa, işinin aqibəti məyuluq, zərər və peşmançılıq olacaq. Nə qədər ehtiraslı insan var ki, istədiyini əldə etsə, bundan sonra fəlakətlərə və məğlubiyyətlərə düçar olacaq. Bu səbəbdən UCA ALLAH gözlərin həqiqətə çevrilməsini istəmişdır. Qulun dünya zövqlərindən istədiyi şeylərin bir çoxu onun üçün pis və günahdır. Xoşlamadığı şeylərin bir çoxu da onun üçün daha xeyirli və daha uyğundur. UAC ALLAH belə buyurur:

“…Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) ALLAH bilir, siz bilməzsiniz”
(əl-Bəqərə surəsi, 2/216)

UCA ALLAH Peyğəmbərini bolluqda yaşayanların nemətlər içərisində xoş vaxt keçirmələrinə baxmaqdan uzaqlaşdıraraq bunun müvəqqəti bir əyləncə olduğunu və onları, bununla imtahan etdiyini, onlardan bu nemətlərə şükr edənlərin az olduğunu açıqlayır və belə buyurur:

“(Kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) RƏBB`inin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (sürəklidir, əbədidir)!”
(Taha surəsi, 20/131)

Elə isə ey qardaşlar, ALLAH`ın bir hədiyyəsi olaraq insanı sevdiyi bəzi şeylərdən məhrum etməsi təəccüblü vəziyyət deyildir. Bu, xəsislik səbəbilə baş verən bir maneə deyil, qoruma və himayə səbəbilə baş verən haldır. UCA ALLAH ayəsində nə doğru buyurur:

“(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) ALLAH`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.”
(əl-Hadid surəsi, 57/20)

Ey ALLAH`ın qulları!.. Elm əhli, Quran və sünnədə dünya üçün deyilən pisləmələrin, Qiyamət gününə qədər bir-birini təqib edəcək gecə və gündüzdən ibarət olan dünya üçün olmadığını açıqlamışdır. Çünki UCA ALLAH gecə və gündüzü, ibrət almaq və şükr etmək istəyən insanlar üçün bir-biri ardınca yaratmışdır. İsanın (aleyhissələm) belə dediyi rəvayət edilir:

"Gecə və gündüz bir xəzinədir, onlara nə qoyduğunuza baxın!"

Dünya haqqında olan pisləmə, ALLAH`ın Adəmoğlu üçün məskən və yurt etdiyi yer üzü üçün, orada yaratdığı dağlar, dənizlər, çaylar və mədənlər üçün, orada bitirdiyi bitkilər və ağaclar üçün, yaratdığı heyvanlar üçün də deyildir. Çünki bunların hamısı, ALLAH`ın qullarına bağışladığı nemətlərdir. Orada onlar üçün faydalar yaratmışdır. Yaradanın birliyinə, gücünə və böyüklüyünə işarə edən dəlillər yaratmışdır. Quran və sünnədə dünya haqqında zikr edilən pisləmə, Adəmoğlunun hərəkətləri üçündür. Çünki bu hərəkətlərin çoxunun sonu, təriflənən və faydası gözlənən hərəkətlər deyildir.
Ey ALLAH`ın qulları! ALLAH`dan layiqincə qorxun!.. ALLAH`ın sizə bağışladığı nemətlərlə axirət həyatını istəyin. Dünyadan payınızı da unutmayın. ALLAH`ın sizlərə, insanların ən xeyirlisinə xeyir-dua etməyinizi əmr etdiyini daim xatırlayın. UCA ALLAH belə buyurur:

“Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! “
(əl-Əhzab surəsi, 33/56)


Tarix: 14.04.2013 / 13:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 368 Bölmə: Maraqlı melumatlar