beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhabələrin Allah Qorxusu

Allah Rəsulunun (s.a.s.) Səhabələri haqqında məlumatlı olan və onlar haqqında düşünən bir kimsə, onların həm ciddi səy, arzu, çalışqanlıq, həm də böyük bir qorxu içində olduqlarını rahatlıqla görə bilər.. Lakin, bizlər isə xeyirli əməllər işləmək yolunda olduqca həvəssiz və hətta səhlənkar olduğumuz kimi, eyni zamanda da özümüzü qorxudan uzaq, güvən hissi içərisində hiss edirik..


Buyurun, bu da - Əbu Bəkr əs-Siddiq (r.a.)..

O, belə buyururdu:

"Kaş ki bir möminin bədənində bir tük olsaydım.."

Peyğəmbərin dostu, sirdaşı və doğru danışdığından dolayı Rəsulullah tərəfindən "SİDDİQ" (doğru danışan) ləqəbini alan Əbu Bəkr, dilindən də şikayətçi idi.. Belə deyərdi:

"Bu dil məni bəlalara düçar etdi.."

Çox ağlayar və:

"Ağlayın.. ağlaya bilməsəniz heç olmasa ağlamış kimi bir hal alın" - deyərdi..

Namaza qalxdığı zaman, bədəni Allah qorxusundan sanki odun kimi kəsilərdi..

Bir dəfə ona gətirilən bir quşu əlində tutdu, çoxlu-çoxlu baxdı və sonra belə dedi:

"Bir heyvan ovlanıbsa və bir ağac mütləq kəsilibsə, bu - mütləq Allahı zikr edib, Onun şəninə təriflərdən laqeyd olmaları səbəbilə olmuşdur.."

Vəfat edərkən qızı Aişə`yə (r.a.):

"Ey qızım, mən müsəlmanların malından bu əbanı, bu süd sağıcını və bu köləni götürmüşdüm.. Bunları Ömərə apar" - deyirdi..

Əbu Bəkr (r.a.) : "Vallahi kaşki, bu meyvəsi yeyilən və kəsilib dirək edilən ağac olardım.." deyərdi..

Qatadə (r.a.) belə deyir:

"Əbu Bəkr belə deyərdi - "Kaş ki heyvanların yediyi bir ot olardım"


Bəlkə də, bunları oxuyan kimsə heç əhəmiyyət belə vermədən digər sətrlərə keçməyə üstünlük verir.. Lakin, heç düşünmür ki, haqqında danışılan şəxs - Allah Rəsulunun (s.a.s.) səhabəsi, Allahın Öz Peyğəmbəri üçün seçdiyi ən yaxın dost, sirdaş və eyni zamanda Onun qayınatası, Quranda adına işarə edilən şəxs, Peyğəmbərimizin (s.a.s.) daima sağında olmasını istədiyi insan, Rəsulullahdan sonra bütün müsəlmanların ittifaqına görə ən fəzilətli şəxs, Ondan sonra ilk xəlifə olmuş bir insan olan - Əbu Bəkr əs-Siddiqdir (r.a.).. Lakin, bunlara baxmayaraq heç bir zaman arxayınlaşmamış, özünü aciz bir qul hesab etmiş insan olması ona təqvalı olmağı vacib edirdi.. Bu səbəblərdən də, hər bir müsəlman üçün bu kimi insanların sözləri, əməlləri daima örnək və məsələnin nə dərəcədə ciddi olmasından xəbər verən bir dərs olmalıdır..


Buyurun, bu da - Möminlərin Əmiri - Ömər ibn əl-Xattab (r.a.)..

Bu ad cəsarət, şücaət və igidlikdən xəbər verir elə deyilmi? O insan sərt xasiyyətli və güclü bir səhabə idi.. Bir haqsızlıq görərkən:

"Ey Allahın Rəsulun, izn ver, bunu edənin boynunu vurum!" - ləfzini olduqca çoxlu sayda rəvayətlərdə görmüşük.. Lakin, bu insanın yumşaldığı, cəsarətinin qırıldığı bir məqam var idi - ALLAH QORXUSU..

Bir gün Tur surəsini oxuyarkən "Şübhəsiz Rəbbinin əzabı mütləq baş verəcək" (Tur, 7) ayəsinə çatarkən, xəstələnənə qədər hönkür-hönkür ağladı və insanlar Onun şiddətli dərəcədə xəstələndiyini görərək, ziyarət etməyə gəldilər..

Ölümünə az qalmış oğluna:

"Vay sənin halına!.. Yanağımı torpağa qoy.. Bəlkə Rəbbim ona mərhəmət edər.." - deyirdi..

Sonra üç dəfə:

"Əgər bağışlanmazsam vay halıma!.." - dedi və beləcə ruhunu təslim etdi..

Dəfələrlə Quran oxuyarkən bir ayə səbəbilə dəhşətə düşüb xəstə olduğu, günlərlə evində qaldığı və insanların onu xəstə sanaraq ziyarət etmələri rəvayət olunur..

Üzündə çoxlu ağladığından dolayı meydana gəlmiş iki qara xətt var idi.

İbn Abbas (r.a.) ona:

"Allah sənin vəsilənlə şəhərlər saldırdı, səninlə fəthlər etdirdi və belə belə etdirdi.." - dediyi zaman:

"Kaş ki, nə savabım, nə də, günahım olmayardı və beləcə əzabdan xilas olsaydım.." - deyirdi...


Buyurun, bu da Osman ibn Afvan (r.a.)..


Allah Rəsulunun (s.a.s.) iki qızını Ona ərə verdiyi və:

"Rəhmanın Mələkləri belə Ondan həya edir" - dediyi kimsə..

Bir qəbrin başında dayanarkən saqqalı yaşayarana qədər ağlar və:

"Əgər hansına girməklə əmr olunacağımı bilmədən Cənnət ilə Cəhənnəm arasında olsam, hansına gedəcəyimi bilmədən öncə qul olmağı tərcih edərdim.." - deyərdi..


Buyurun, bu da Əli ibn Əbu Talib (r.a.) və (Onun) təqvası...

İslamı ən erkən qəbul edən gənc və Rəsulullahın:

"Əli məndəndir, mən də Əlidən" - dediyi kimsə.. Onun fəzilətləri haqqında danışsaq, Allaha and olsun ki, buna nə saatlar, nə günlər, nə də illər kifayət etməz..

Uzun-uzun əməllər etmək və həva-həvəsinə uymaq - Onun ən şiddətlə qorxuduğu şeylərdən idi..

Belə deyərdi:
"Uzun (saysız-hesabsız) əməl - axirəti unutdurar, həva-həvəsə uyğun davranmaq isə, haqqdan uzaqlaşdırar.. Diqqət edin!.. Dünya çəkib gedir, axirət isə, bizə doğru gəlir.. Hər ikisinin də, adamları var.. Siz dünyanın deyil, axirətin adamlarından olun.. Çünki, bu gün əməl var hesab yoxdur, sabah isə, hesab olacaq əməl isə yox.."


..Əbu Dərda (r.a.) belə deyərdi:

Qiyamət günü ən çox qorxduğum şey - mənə:

"Ey Əbu Dərda! Bilirdin.. Bəs bildiyinlə necə əməl etdin?!" - deyilməsidir..
Həmçinin, belə deyərdi:

"Ölümünüzdən sonra sizləri nələrin gözlədiyini bilsəydiniz, iştahla yemək yeməz, su içməz, kölgələnmək üçün evlərə girməzdiniz.. Dağlara çıxar sinələrinizə vurar və özünüz üçün hönkür-hönkür ağlayardınız.. Ehh.. Kaş ki, yetişdirilən və meyvəsi yeyilən bir ağac olardım.."

Abdullah İbn Abbası (r.a.) görənlər tərəfindən - Onun iki gözünün altında gözyaşından meydana gəlmiş, ayaqbağına bənzər bir izin olduğunu rəvayət edilir..


Əbu Zər (r.a.) belə deyərdi:

"Kaş ki, bir ağac olardım, kaş ki yaradılmayardım.."

Ona Beytul-Mal`dan (dövlət xəzinəsindən) maaş təklif edildiyi zaman:

"Bizdə südünü içdiyimiz bir keçi, üzərində əşya daşıdığımız eşşək, xidmətçi və bir də, əba var.. Mən bunların hesabından qorxuram!.. Belə halda maaşın hesabını necə verim?!"


Təmim əd-Dari (r.a.) bir gecə Casiyə surəsini oxuyarkən:

"Yoxsa günah qazanan kəslər onları həyatda olduğu kimi, ölümündən sonra da iman gətirib yaxşı işllər görənlərlə eyni tutacağımızı güman edirlər?.." (Casiyə, 21) - ayəsinə çatdığı zaman bu ayəni səhərə qədər ağlayaraq təkrarladı..

Əbu Ubeydə Amir ibn Cərrah (r.a.) belə buyurur:

"Kaş ki bir qoç olardım.. Sahibim məni kəssəydi və ətimi yesəydilər, şorbamı içsəydilər.."


Səhabələrin bu və bundan daha artıq keyfiyyətlərə sahib olduqları hər kəsə məlumdur.. Məhz buna görə, Uca Allah onları Öz Peyğəmbəri (s.a.s.) üçün seçdi və onlardan razı oldu.. Bu səbəbdən də istənilən halda Onların bu cür fəzilətləri haqqında danışılan sözlər, yazılan kitablar tam olaraq haqqını verə bilmir ki, bilmir.. Gəlmiş geçmiş bir çox alim səhabələr haqqında -haqqını tam verə bilməyəcəyi qorxusuyla- çox danışmaq riskinə girməyiblər.. Buna görə biz də, mövzunu bir çox uzatmaq istəmirik..


İbrahim Təmimi (r) buyurur:

"Hər dəfə sözümlə əməlimi müqayisə edərkən, yalançı olmaqdan qorxmuşam.."


İbn Əbu Malik (r) belə buyurur:

"Otuz səhabə gördüm.. Hamısı özləri haqda qorxu içində idilər.. Onların heç biri, imanının Cəbrayıl (a.s.) və Mikayılın (a.s.) imanı kimi olduğunu söyləmirdi.."


Həsən əl-Bəsridən (r) belə rəvayət olunur:

"Allahdan yalnız mömin qorxar, Ondan (Onun əzabından) yalnız münafiqlər özünü rahat, güvəndə hiss edərlər.."


Uca Allah Öz Peyğəmbərinə (s.a.s.) münafiqlərin adlarını bildirmişdi.. Bu sirri Peyğəmbərimiz yalnız Huzeyfəyə (r.a.) bildirmişdi.. Hz. Ömər Huzeyfə`yə:

"Allah xatirinə söylə, Rəsulullah münafiqlərin adları arasında mənim də adımı zikr etdimi?" - dəyincə, O: "Xeyr" - cavabını vermiş, sonra:
"Səndən sonra heç kimə Peyğəmbərin söylədiyi adlar arasında olub-olmadığını söyləməyəcəyəm" dedi..


Həqiqətən qorxulmağa, həya edilməyə ən layiq olan - Pak və Nöqsansız olan aləmlərin Rəbbi - Uca Allahdır.. Allahdan qorxmayan bir qəlb - qəlblərin ən şərlisidir.. Allahdan qorxmayan insanın istənilən zaman, istənilən hərəkəti etməsi gözlənilməlidir.. Beləliklə də, bir valideynin övladına verə biləcəyi ən böyük tərbiyə - Allah qorxusudur.. Uca Allah, Xaliqdən qorxmayanın məxluqdan qorxacağını vacib etmişdir.. Çünki, Allahdan qorxan kəs, başqa heç bir şeydən qorxmaz.. Allahdan qorxmayan kəs isə, İlahi duyğulardan uzaq qaldığı üçün acizləşər və zəlil olar.. Bunu istədiyi qədər gizlətməyə çalışsada..
Səhabələr Cənnətlə müjdələnmiş, mübarək şəxslərdir.. Uca Allah onlara rəhmət etsin.. Lakin, buna baxmayaraq öz Müəllimləri (s.a.s.) kimi heç vaxt bununla arxayınlaşmamış, qəlblərin Rəhmanın Barmaqları arasında olduğunu heç vaxt unutmamışdılar..
Onlar bizim burnumuza qonan, sonra isə əlimizlə qovduğumuz milçək kimi dəyər vermədiyimiz, bəlkə də, heç günah belə hesab etmədiyimiz əməlləri dağlar boyda günah hesab edirdilər..
Onlar namazlarını 2-3 dəqiqəlik bir iş hesab etmirdilər.. Rəbblərinin hüzurunda duracaqları üçün qəlbləri titrəyər, ayaqları əsərdi..
Onlar dəstəmaz alarkən isti havada sadəcə sərinləmək vəya soyuq havada biraz soyuq su görən kimi dəstəmaz almaq fikrindən dönən kəslər kimi deyildilər.. O kəslərin dəstəmaz alarkən rəngləri saralardı.. Bunun səbəbi soruşulduqda isə:
"İndi kimin hüzurunda duracağımı bilirsənmi?!" - deyə cavab verirdilər..
Onlar gəzərkən "birdən ayağımın altında kiçik bir həşərat qalar" düşüncəsilə ehtiyyatla gedərdilər..
Onlar ayaqlarının altındakı torpaqdan, daşdan və hətta tozdan belə zövq alırdılar.. Çünki, Onlar bunları Allahın xəlq etdiyini və heç bir şeyi boş-boşuna yaratmadığını bilən, düşünən bir təfəkkür əhli idilər..
Onlar əməllərini "birdən görən olar, savablarım puç olar və mənə riya olaraq yazılar" qorxusuyla gizlincə etməyə çalışardılar..
Onlar bir-iki ayə, hədis öyrənən kimi özlərini alim hesab etmirdilər.. Öyrəndiklərini əmələ çevirməyənə qədər bunu elm saymaz, bundan qürur duymazdılar..
Onlar ölümü sadəcə basdırılmaq və dünyəvi bir itki kimi qəbul etmirdilər.. Ölüm haqda daima fikirləşər, tədarük görərdilər.. Tədarükləri isə - təqva, əxlaq və elm idi..
Sufyan əs-Səvri (r) buyurur:
"Əgər heyvanlar sizin kimi ölümün nə olduğunu dərk etsəydilər, yeməyə bir dənədə olsun kök heyvan tapmazdınız.."

Qorxu yalnız ümidlə cəm edildiyi təqdirdə fayda verər.. Alimlər gözəl buyurmuşlar:

"Əgər qorxu qəlbini parça-parça edərək, səni ümidsizliyə doğru apararsa, o zaman Allahın rəhmətini yadına sal və ümidini heç bir zaman itirmə.. Əgər Allahın rəhmətinə ümid edərək, əməllərini yetərli hesab edərək və özünü arxayınlaşmış hiss edirsənsə, o zaman Allahın əzabını xatırlayaraq Qorxunu yada sal.."


Uca Allah bizləri sevib seçdiyi və razı qaldığını bildirdiyi Rəsulullah`ın Əshabının yolunda sabit etsin və bizləri O`ndan həqiqi mənada qorxan və eyni zamanda ümidini itirməyən qullarından etsin..



_____________________________
Bu yazının bir qismində İbn əl-Qeyyimin "əl-Fəvaid" adlı kitabından istifadə etdim.
Ayxan Məmmədəlioğlu (noyabr/2011)


Tarix: 08.04.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 530 Bölmə: Maraqlı melumatlar