beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnkişaf anlayışı. Konsepsiyalar

İnkişaf dialektikanın öyrənilməsinin əsas predmetidir. Əslində dialektika təbiət, cəmiyyət, təfəkkürün ümumi inkişaf qanunları haqqında elm kimi çıxış edir. İnkişafa istiqamət götürmək dialektikanın kriteriyasına xidmət edir. İnkişaf qanunlarının dərk edilməsi inkişaf proseslərini idarə etməyə, bəşəri sivilizasiyanın obyektiv qanunları və tələblərinə müvafiq olaraq dünyanı dəyişdirməyə imkan verir.
Şübhəsiz, inkişaf anlayışının özünün tərifi mühüm əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, inkişaf ümumiyyətlə, «hər şeyin», «bütün materiyanın» inkişafı deyildir. İnkişaf ancaq konkret maddi və mənəvi sistemlərə əlaqədardır. İnkişaf edən sistem ayrıca orqanizm ola bilər. Günəş sistemi, cəmiyyət, nəzəriyyə və s. və i.a. bu qəbildəndir. Konkret sistemdən kənarda heç bir inkişaf yoxdur. Materiyanın (bütövlükdə kainatın) inkişafı haqqında danışarkən sonsuz sayda inkişaf edən ayrı– ayrı konkret sistemlərin inkişafı nəzərdə tutulur. Hətta materiyanın, yaxud metaqalaktikanın hərəkət formalarının konkret sistem kimi elan edilməsi materiyanın sonsuz mütərəqqi inkişafı haqqında nəticə çıxarmağa kifayət qədər əsas vermir. Materiya yalnız öz sistemliyi ilə konkretdir.

İnkişaf müxtəlif planlı, müxtəlif səviyyəli və müxtəlif mər­hələlidir. Lakin, şübhəsiz, inkişafdan sistemin özünün yaranması mo­menti və tənəzzülü, ləğvi, mövcudluğunun sonu momentləri birdəfəlik çıxarılmalıdır. Bütöv üzvi sistemlərin yaranmasının, onla­rın başlanğıc formalarının inkişafla əlaqədar olmasına baxmayaraq, onları tam şəkildə inkişaf hesab etmək olmaz. İnkişafın başlanğıcını nəzərdə tutan yeni strukturun doğulması bir sıra elementlərin qarşılıqlı təsirini təmsil edir. Əmələgəlmək və bərqarar olmaq inkişafın pillələridir. İnkişaf hərəkətdən, dəyişmədən ayrılmazdır baxımından xarakterizə olunur. Lakin bu, ayrı– ayrı dəyişikliklər deyil, çoxsaylı, kompleks elementlərin tərkibində, strukturunda, yəni verilmiş maddi sistem çərçivəsində sistemli dəyişkənlikdir. Bu zaman sistemlərdə baş verən differensiasiya mühüm əhəmiyyət kəsb edir. Bunu da bir sıra alimlər ümumiyyətlə inkişaf şəraiti hesab edirlər. Dəyişikliklərin sistemli xarakteri keyfiyyətin dəyişilməsini ifadə edir. Ona görə də inkişafın tərifində keyfiyyət dəyişikliyi əlamətini xüsusi qeyd etmək lazımdır. Bununla yanaşı, təkcə keyfiyyət dəyişikliyini deyil, bir sıra belə dəyişikliklər cərgəsində bəzi əlaqələr kompleksi inkişafı səciyyələndirir. Bu mənada inkişaf sistemin keyfiyyət dəyişiklikləri əlaqəsidir. Bu əlaqə üçün səciyyəvi cəhət onun dönməzliyidir. Bu anlayışın əksi özünün əsas struk­turlarında əvvəlki vəziyyətə qayıdışla əlaqədardır. Qayıdışı «sırf» dairəvi hərəkət kimi, köhnəyə qayıdış kimi traktovka edən metafizikadan (metod kimi) fərqli olaraq, dialektika dövrü hərəkəti (yaxud dairəvi hərəkəti) qətiyyən qapalı xarakterə malik olmayan, buna görə də qayıdış imkanı kimi səciyyələndirir. Mütləq qayıdış olmadığı kimi, mütləq dönməzlik də yoxdur. Əgər funksiyalaşma və dövri hərəkət əsasən qayıdış meyillidirsə, inkişaf başlıca olaraq dönməz prosesdir. Dəyişikliklərin dönməzliyi əvvələr mövcud olmayan keyfiyətcə yeni imkanların əmələ gəlməsi kimi başa düşülür.
İnkişaf vəziyyətlərin əlaqəsinin xüsusi növüdür. Bu əlaqə özü də qaydasız deyildir: əgər ilkin dəyişikliklər səviyyəsində xaotiklik bütöv dəyişikliklər tərəfindən «aradan qaldırılarsa», bütöv sistem səviyyəsində bu dəyişikliklərə daxili əlaqələr xasdır. Bu səviy­yədə qaydasız dəyişikliklər ola bilər, ancaq onu inkişaf adlandırmaq olmaz. İnkişaf isə əslində sistem səviyyəsində keyfiyyət dəyişiklikləri arasında varisliyi göstərir. Başqa sözlə desək, burada inkişaf istiqa­mətlənmiş dəyişikliklərlə əlaqədardır. İstiqmətlənmə– inkişafın üçün­cü kriterial əlamətidir. Deməli, əsas üç əlaməti: 1) dəyişik­lik­lərin keyfiyyət xarakteri; 2) onların dönməzliyi və 3) istiqamətlənmə xarakterindən ibarətdir. Bu əlamətlərin üçü bir yerdə inkişafın müəyyənləşdirilməsi üçün vacibdir. Deməli, inkişaf– sistemin istiqamətlənmiş, dönməz keyfiyyət dəyişikliyidir.
Ümumiyyətlə, inkişaf obyektiv hadisəə olub, maddi və mənə­vi reallığın fenomenidir. O, müəyyən münasibətlərdə idrak sub­yektindən asılı deyildir. İnkişafın mürəkkəbliyi onun müxtəlif inter­pretasiyasını doğurmuşdur. Bəzi əsas inkişaf konsepsiyaları («dia­lek­tika modelləri») üzərində ətraflı dayanaq.
Fəlsəfi fikir tarixində klassik modellərindən birini XVIII– XIX əsr alman filosoflarının əsərlərində (Kant, Fixte, Şellinq, Hegel) görmək mümkündür. Bu, dialektikanın rasionalist, məntiqi– qnoseoloji modeli olmuşdur. Təbii elmlərin daxilində dialektika ideyalarının yetişməsi XIX əsrin birinci yarısında birdən– birə inkişafın bir neçə konsepsiyasının yaranması üçün əsas nəzəri prinsiplər doğurmuşdur. Bu konsepsiyalar dialektik– materialist, qradualist və naturalist (yaxud da «sayentist») konsepsiyalar idi. İnkişafın qradualist modelinin ən görkəmli nümayəndəsi XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Avropa fəlsəfəsinə böyük təsir göstərmiş ingilis filosofu Q.Spenser (1820– 1903) olmuşdur.
1852– ci ildə Q.Spenser «İnkişaf hipotezi» adlı məqalə ilə çıxış etdi. Bu məqalə sonralar onun ideyalarının inkişafı üçün əsas vermişdir. Onun ideyalarının mahiyyəti belə idi. Bizim təcrübədə heyvan və bitki növlərinin çevrilməsinin dəqiq sübutu yoxdur. La­kin növlərin yaradılması hipotezinin (maddi və yaxud ideal amillərin təsiri altında) xeyrinə faktlar da yoxdur. Ancaq növlərin çevriləsi hipotezi yaranma hipotezi ilə nisbətdə daha çox ağlabatan­dır. Çünki bitki və heyvanlarda daim dəyişikliklər müşahidə edil­mək­dədir. Məsələn, toxum tədricən ağaca çevrilir, burada moment yox, tədricilik vardır. Bu zaman toxum sanki öz mövcudluğunu saxlamışdı, lakin bizim qarşımızda artıq ağac durur. Növlərin ya­radılması hipotezi ilə inkişaf hipotezini müqayisə edərək Q.Spenser təbii seçmə haqqında Darvin nəzəriyyəsindən istifadə etmiş, onu yeni mülahizələrlə zənginləşdirmişdir. Q.Spenser bütün təbiətin ümumi, tədricən təkamülü haqqında müddəalarını elan etmiş və əsaslandırmışdır. Spenserin inkişaf konsepsiyasının traktovkasının tərkib hissəsi materiya hərəkətinin yüksək formalarının aşağı for­malara müncər edilməsi ideyasıdır. Məsələn, sosial hərəkətin bioloji hərəkətə, bioloji, fiziki və kimyəvi və s. hərəkətlərə keçid də bu qəbildəndir. Bundan başqa O, tarazlıq nəzəriyyəsini də bu baxım­dan təhlil etmişdir. Ümumi inkişafa baxışdan Q.Spenserin başlıca səhvləri: 1) təkamülün mütləq tədrici xarakteri və 2) maddi sistem­lərin inkişafının və dəyişməsinin xarici mənbəyi ilə əlaqədar olmuş­dur.
Müasir ədəbiyyatda onun əsas qüsurunu inkişafda sıçrayışın inkar edilməsində götürülür. Spenser konsepsiyasının nəzərə çatdır­dığımız qüsurları XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində inkişaf ideyasının digər müdafiəçilərində də müşahidə edilməkdədir. Lakin onların bəzilərində spesifik cəhətlər də özünü göstərmişdir. Məsələn, F.Le.Dintek (1869– 1917) əksliklərin mübarizəsini dünya­nın izahının aparıcı prinsiplərindən biri hesab etmişdir. Lakin hərəkətin mənbəyini O, xarici ziddiyyətlərdə görürdü.
İnkişafın qradualist traktovkası XX əsrin əvvəllərində ger­çək­liklə daha kəskin ziddiyyətlərə girmişdir. XIX əsrin sonunda fizi­kada elmi inqilab genişlənirdi. Rentgen şüası və radioaktivlik kəşf edilmişdi. Hərəkətin xarakterini anlamaq üçün kvant nəzəriyyəsinin əhəmiyyəti böyük idi. Biologiyada təbii mutagenez, sonra isə süni mutagenez kəşf edilmişdi. Kəşf çoxalırdı. Gerçəklik hələ vaxtilə Hegelin sürdüyü dialektik konsepsiyanın xeyrinə çox şey deyirdi.
Bu dövrdə Qərbi Avropa fəlsəfəsində daha bir yeni konsepsiya– «yaradıcı evolyusionizm», yaxud da «emercentizm» yaran­mışdı. Fəlsəfi ədəbiyyatda bu cərəyanın başlıca ideyaları aşağıdakı kimi verlmişdir. Birincisi, «yaradıcı evolyusiya» yeni keyfiyyətin əmələ gəlməsi aktının etiraf edilməsi əsasında qurulurdu; həmçinin «partlayışvari», sürətli sıçrayış qəbul edilirdi. İkincisi, yeni keyfiyyət müxtəlif cür adlanan və müxtəlif şəkildə şərh olunan daxili «yara­dıcılıq qüvvələrinin» nəticəsi kimi çıxış edir. Üçüncüsü, bir– birinə müncər olmayan yüksək pillələr başlanğıc keyfiyyətlərdən çıxış edi­lə­rək göstərilə bilərdi. Dördüncüsü, gerçəklikdəki yaradıcılıq evol­yusiyası sayəsində qəfil sıçrayışlar nəticəsində formalaşan təkamü­lün səviyyəsi sistemi yaranır.
Emercentizmin qısa mahiyyətinə gəldikdə isə, onun əsas cəhəti inkişafda sıçrayışları mütləqləşdirmək, özü də inteqrativ, partlayışabənzər sıçrayışları mütləqləşdirmək olmuşdur.
XX əsrin ikinci yarısında elmdə daha bir inkişaf konsepsiyası– «naturalist» konsepsiya geniş yayılmışdı. Bu təbii– elmi materialistlərin dialektikası idi. Kortəbii– dialektik inkişaf konsepsiyası haqqında az– çox düzgün təsəvvürü Ç.Darvinin evolyusio­nizmi yaradır. Darvin konsepsiyası, fəlsəfi inkişaf təlimlərindən çox, «təkamülün» xüsusi elmi anlayışına arxalanırdı. O, sosial inkişafın spesifikasını nəzərə almadığından fəlsəfi statusa malik ola bilməzdi. Bundan əlavə o, tədqiqatda universal metodoloji prinsip və anlayış­lardan, eləcə də məntiqi vasitələrdən istifadə etmirdi. İ.Diogen qeyd edirdi ki, Hegel Darvini tərifləyirdi, lakin Darvin təəssüf ki, Hegeli tanımırdı. Hegel inkişaf haqqında təlimi Darvinə nisbətən daha geniş ifadə etmişdir. Əlbəttə deyilənlər Darvin nəzəriyyəsinin dünyagörüşü əhəmiyyətini aşağı salmır.
XX əsrin kortəbii– dialektik inkişaf konsepsiyası təbiətşü­naslar arasında geniş yayılmışdı. c.X, L.Bertalanfi, Q.Müller, c.Sip­son, E.Mayr, A.Sent– Dyerdi və başqalarının əsərlərində hə­min konsepsiya öz əksini tapmışdır. Bu konsepsiyanın dinamiz­mində elm– dialektik inkişaf konsepsiyası ilə yaxınlaşmağa güclü meyl vardır.
Sayentist (naturalist) konsepsiyanın əksinə inkişafın antropo­loji modeli yayılmış­dır. Ona xas olan cəhətlərdən biri antisayentist istiqamətdir. Bu istiqamət isə o deməkdir ki, o ümumiyyətlə elmin rolunu, xüsusilə texnikanın istehsalın inkişafındakı əhəmiyyətini inkar edirdi. Həmin nəzəriyyənin tərəfdarları insanın mənəviyyatına rasionalist– neqativ təsirinə, təbiətin dialektikasına «həddən artıq istinad etdiklərinə» görə elmi kəskin tənqid edirdilər. Ekzisten­sializmin görkəmli nümayəndələrindən biri J.P.Sartr hesab edirdi ki, təbiət analitik əqlin» fəaliyyət sahəsidir, orada mexanistiklik fəaliyyət göstərir. Dialektika– insan ruhunun ümumiliyində, onun ziddiyyətli dinamizmindədir. Dialektik zərurət, məqsəd, seçmək, layihə, azadlıq, məsuliyyət kimi ekzistensial varlıq ölçüləri ilə əlaqədardır. Dialektika sintetikdir, təbiət analitik mahiyyətdədir. Təbiət hadisələri daxilən ziddiyyətli olmasına baxmayaraq, ona vəhdət kimi baxmaq olmaz. Dialektikanı insanların təbiətlə, eləcə də adamların bir– birinə münasibətində axtarmaq lazımdır.
İnkişafın tarazlıq– inteqrasiyasına gəldikdə isə, bu nəzəriyyə hələ XVII əsrdən cəmiyyəti izah etmək məqsədilə yaranmışdır. Onun başlıca ideyası cəmiyyət haqqında təsəvvürlərin bütün his­sələ­ri öz arasında tarazlaşdırılan bərabərtərəfli sistem haqqında təsəv­vür­lərin inkişaf etdirilməsi ilə əlaqədar idi. Əvvəlcə, cəmiyyət Nyu­to­nun üçüncü qanununa tabe olan fiziki tarazlıq sistemi ilə bəra­bərləşdirilirdi. Sonra fizikalist reduksionizm bioloji ilə (XIX əsrin ikinci yarısında) əvəz olundu və cəmiyyətə sabit tarazlığa malik, özü nizamlanan canlı orqanizm kimi baxmağa başladılar. Hazırda tarazlıq nəzəriyyəsinə kibernetikanın faktları və prinsipləri əlavə olunmuşdur. Tarazlıq nəzəriyyələrinin görkəmli nümayəndələri Q.Spenser, Le Dintek, L.F.Uord və başqaları olmuşdur. Son on illiklərdə Qərb ölkələrində bu nəzəriyyə sinfi dünyanın konsepsiyası formasında, o cümlədən struktur– funksional təhlil məktəblərinin prinsiplərində çıxış edir. Tarazlıq nəzəriyyəsinin əsas müddəalarına gəldikdə isə bunlardır:
1) tarazlıq mütləq mənada (o, sistemin yüksəkdə duran vəziyyətini əks etdirdiyinə görə) nisbi mübarizədir;
2) tarazlıq ziddiyyətlərdən mərhum edilmişdir; bu müsbət vəziyyət­dir; ziddiyyətlər və mübarizə neqativdir, sistem üçün zərərlidir;
3) tarazlığın pozulması xarici qüvvələrin (yaxud başlıca olaraq bu qüvvələrin) təsiri altında baş verir;
4) ziddiyyətlərin aradan qaldırıl­ması sistemin xarici mühitə uyğunlaşdırılması (yaxud da sistemin elementinin ona əks olanla uyğunlaşdırılması) sayəsində həyata keçirilir, bu isə, öz növbəsində ziddiyyətlərin «neytrallaşdırılmasını» və yeni tarazlığı təmin edir;
5) inkişaf– bu formula ilə gedir: ta­razlıq– qeyri–tarazlıq– tarazlıq.

Nəzərdən keçirilən konsepsiyada sistemin tarazlıq vəziyyəti­nin əhəmiyyəti mütləqləş­dirilir ki, bununla da tam şəkildə razılaş­maq olmaz. Əslində tarazlıq inkişaf edən sistemin təbiətdə zəruri momentdir. Həmin nəzəriyyənin əsas qüsuru tarazlıq vəziyyətinin ziddiyyətlərindən mərhum edilməsidir. İkincisi, onun ziddiyyət­ləri­nin ancaq neqativ kimi verilməsi də doğru deyildir. Məlum olduğu kimi, pozitiv konfliktlər də mövcuddur.
Müasir Qərb sosiologiyasında münaqişəni mütləqləşdirən münaqişə nəzəriyyəsi də mövcuddur. Bu nəzəriyyədə söhbət, hər şeydən əvvəl, nəsillərin, millətlərin, etnik, professional qrupların və b. münaqişəsindən gedir. Özü də həmin münaqişələr əbədi münaqi­şələr hesab olunur. Antaqonist cəmiyyətlərdəki sinfi münaqişələr ikinci dərəcəli sayılır. R.Darendorfa görə, münaqişələrin başlıca mənbəyi cəmiyyətdəki idarəçilik sistemindədir, maraqların toqquş­masını doğuran «hakimiyyət və avtoritet dialektikası» ilə əlaqə­dardır. Münaqişə– dönməz, qarşısıalınmaz prosesdir. O, bir sıra struktur şərtlərə görə möhkəmlənməyə imkan tapa bilir.
Münaqişənin «həlli» yeni münaqişələrin yaranması səbəbi olur. Müəllifə görə, «Bütün sosial həyat– bütövlükdə konfliktdir». Onun fikrincə, nəinki sosial həyatda, həmçinin həyatın olduğu hər yerdə münaqişələr mövcuddur. «Münaqişə» anlayışı getdikcə daha çox fəlsəfənin mərkəzi probleminə çevrilir. R.Darendorfa görə, münaqişə sistemin dəyişikliklərə olan tələbatını təmin etməkdən ötrü mövcuddur.
Bu konsepsiyanın digər nümuyəndəsi L.Kazer münaqişənin pozitiv funksiyalarını düzgün qiymətləndirmədiyinə görə R.Daren­dorfu tənqid etmişdir.
XX əsrin inkişaf konsepsiyaları içərisində ən geniş yayılmış nəzəriyyə dialektik materializm konsepsiyasıdır. Hələ XIX əsrin 40– cı illərində Marks və Engels tərəfindən əsası qoyulmuş bu konsepsiya 150 ildən çox özünə xeyli tərəfdar toplaya bilmişdir. Marksizm inkişaf nəzəriyyəsi obyektiv surətdə mövcud olan gerçəkliyə uyğun olaraq, inkişafı yeninin köhnəni əvəz etməsi kimi, köhnənin ölüb getməsi və yeninin meydana gəlməsi kimi başa düşür. Dəyişən şeylərin daxili ziddiyyətlərini aşkara çıxarır və inkişafın başlıca hərəkətverici qüvvəsini həmin ziddiyyətlərin genişlənməsində və həll olunmasında görür. V.İ.Lenin «Dialektika məsələsinə dair» məqa­ləsində 2 inkişaf nəzəriyyəsindən danışır. Lenin yazır: «İki əsas... inkişaf (təkamül) konsepsiyası bunlardır: inkişaf kiçilmə və böyümə kimi, təkrar kimi və inkişaf əksiliklərin vəhdəti kimi (vahidin haçalanıb bir– birini qarşılıqlı surətdə istina edən əksiliklərə ayrıl­ması və onların arasındakı qarşılıqlı münasibət). Hərəkətin birinci konsepsiyasında öz hərəkət, onun hərəkətverici qüvvəsi, onun mən­bəyi, onun motivi kölgədə qalır (ya da bu mənbə kənara çıxarılır)– allah, subyekt... ikinci konsepsiyada başlıca diqqət məhz «öz hərə­kətinin mənbəyini dərk etməyə verilir. Birinci konsepsiya ölüdür, miskindir, qurudur. İkincisi isə həyatidir. Ancaq ikincisi... «sıçrayış­lar» üçün, «tədriciliyin fasiləsi» üçün, «əkslikliyə çevrilmə» üçün, köhnənin məhv olması və yeninin meydana gəlməsi üçün yol açır. «Ən ümumi qanunların traktovkasında bir sıra aksentləri, xüsusilə «proletar partiyalılığı»nı və xüsusi mülkiyyətə neqativ münasibəti müşahidə etmək mümkündür. K.Marks belə hesab edirdi ki, burjua cəmiyyətinin əsasını təşkil edən xüsusi mülkiyyət ləğv edilməlidir. Həm «Kommunist Partiyasının Manifesti»ndə, həm də «Kapital»da bu fikirləri Engelslə birlikdə K.Marks müdafiə etmişdir. Bu nəticə dialektikanın qanunları, xüsusilə «inkarın inkarı qanunu» əsasında çıxarılmışdır.
Əlbəttə, K.Marksın irəli sürdüyü inkişaf nəzəriyyəsində müs­bət elementlər çoxdur. Lakin onun sonralar inkişaf etdirilən varian­tında neqativ cəhətlər də vardır. Nəticədə bu konsepsiya dialektika­nın siyasiləşdirilmiş (yaxud da ideolojiləşdirilmiş) modelinə çevril­miş­dir. Dialektikanın dialektik materializm çərçivəsində bu cür interpretasiyası ilə yanaşı digər modeli– humanist dialektik modeli də mümkündür. Burada materializm, humanistlik, dialektika prin­sipləri ziddiyyətsiz birləşə bilər və dialektika özü sinfilik, partiyalılıq deformasiyasından azad ola bilər, təbiətə, sosiuma və insanın mənəvi aləminə münasibətdə özünün bütün imkanlarını nümayiş etdirə bilər.
Beləliklə, inkişafın dialektik materialist konsepsiyasınında ən azı iki istiqamət aşkara çıxır. Onlardan ikincisi, gənc K.Marksın ideyalarına arxalanaraq rəsmi ehkamlar içərisində 10 illərlə özünün varlığını saxlayaraq tarixin sübut etdiyi kimi, daha realist olduğunu göstərmişdir. Son illərdə V.İ.Lenin və İ.V.Stalinin əməllərinə dair bir sıra əsərlərin nəşr olunması (həm xarici, eləcə də rus və Azərbaycan mətbuatında), dialektik materializmdə müxtəlif, siyasi planda bir– birinə zidd istiqamətlər, həqiqi dialektikanın nə olduğunun haqqında düzgün təsəvvür yarada bilmişdir.


Tarix: 09.12.2014 / 13:51 Müəllif: Aziza Baxılıb: 261 Bölmə: Fəlsəfə