beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat, Sən Nə şirinsən

HƏYAT, SƏN NƏ ŞİRİNSƏN
Səndən doymaq olarmı, həyat
sən nə şirinsən!
Ancaq hamının deyil,
Sən həyatın qədrini
Yalniz bilənlərinsən!...
Özünü bu dunyada heç kəs
qonaq sanmamış,
Ancaq ömrün özü də bərabər
paylanmamış.
Ömür paylanan zaman görün
kimə nə düşdü ,
300 il boz qarğaya, on il şahinə
düşdü.
Həyat sən nə şirinsən, kim
səndən doydu getdi?
Gedənlər bu dunyada qəlbini
qoydu getdi.
Dunən bir qoca qarı
Dilində ahu zarı.
"Bu dunyanın əlindən gəlmişəm
zara" - dedi.
" ölmürəm ki, bir dəfə canım
qurtara" - dedi.
Ürəkdənmi söylədi o bu sözü
görəsən?
Xeyir inanmıram mən!
o, yana - yana dedi;
Dili soylədisə də,
Ürəyində o dərhal:
"lənət şeytana" - dedi.
Həyat, sevincin qədər, əzabın da
şirindir,
Səni mənalandıran o
keşməkeşlərindir.
200 il yaşadı ləzzət içində
Loğman,
Yenə möhlət istədi ölərkən
Allahından .
Yatırdı göy çəməndə, çatdı ona
Əzrail.
Söylədi: - 200 il
ömür sənə bəs deyil?!
Mən canını almağa gəlmişəm nə
sözun var?
Loğman dedi: - sözüm yox,
aldığımı gəl apar.
Ancaq mənə macal ver bircə
anlıq əcəldən,
Gəl canımı burda yox, o
çəmənlikdə al sən.
Əzrail razılaşdı...
Ayağa qalxdı loğman
Yeridi
Daş asıldı ancaq ayaqlarından,
Asta - asta yeriyib çatdı dediyi
yerə.
Loğman baxdı göylərə, Loğman
baxdı yerlərə
Bu son baxışı ilə üstündən 200 il
Yaşadığı cahanla vidalaşdı elə
bil...
Özü vidalaşsa da, gözü qaldı
cahanda
O düşündü bu anda:
"Nə görmüşəm dünyada bu
cahana gələndən?
Ahhh elə bilirəm ki, dünən
doğulmuşam mən.
Ömrümü verdim bada,
Nə görmüşəm dünyada."
Loğmanın gözü bu an bir gülə
dəydi, durdu.
Ürəyini quş kimi gülə doğru
uçurdu.
"Ahh onu kim üzəcək, bircə
bunu biləydim , - dedi.
O gülü də iyləyib , sonra
öləydim." -- dedi.
Ancaq, ancaq nə fayda ...
Yetişmiş artıq əcəl,
Loğman dedi: - Hazıram , al
canımı indi gəl.
Əzrail dedi: - Ancaq agah eylə
məni sən,
Ölüm üçün nə fərqi bu çəmən, ya
o çəmən?
Neçin məni qoymadın orda alım
canını?
Loğman dedi: - Həyatın şirin olur
hər ani
Ordan bura gəlincə bir az ömür
qazandım,
Onu da bu dünyada özümə
fayda sandım.
Qoca öldü ...
Dedilər - Yaranan bir gün ölər.
Nəvələri çəməndən həmən gülü
üzdülər,
Loğmanın qəbri üstə qoydular,
Titrədi gül
Gülün ətriylə doldu bütün çayır,
bütün çöl.
O ətriylə saxladı yolçuları
yolundan,
Torpağın altındasa bunu
duymadı Loğman.
Həyat sən nə şirinsən, kim
səndən doydu getdi?
Gedənlər öz qəlbini dünyada
qoydu getdi.
Səndən doymaq olarmı, çoxun,
azın da şirin.
Həyat, qışın da şirin, həyat, yazın
da şirin!
Cürbəcür yazılar var ömrün
varaqlarında...
Həyatımın qayğısız, fərəhli
çağlarında
Qədrini bilməmişəm.
Hələ nə var ki ... "ömrüm
qabaqdadır" demişəm.
Otuzdan adlayınca gündə otuz
min kərə
Başımı yelləyirəm hədər keçən
illərə .
Səndən doymaq olarmı, həyat
sən nə şirinsən
Ancaq hamının deyil,
Sən həyatın qədrini
Yalnız bilənlərinsən !
1957


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 209 Bölmə: Bextiyar Vahabzadə