beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quqarçi tayfasının adı toponimlərdə

Quqarçi tayfasının adı toponimlərdə Göyərçi (Göyərçin) və Göyərçinli kimi qalmışdır. Aydındır ki, onların göyərçin quşunun adı ilə heç bir əlaqəsi yoxdur, yalnız zahiri oxşarlıq vardır. Keçən əsrdə Ermənistanda Göyərçin (demək, əslində Quqarçin) kənd xarabalığı, Qars əyalətində Göyərçin kəndi və s. vardı. Göyərçin və Göyərçinli adlı kəndlər Azərbaycanda da vardır. Quqarların Ermənistanda mənşəcə türk olduğunu göstərən faktlardan biri də keçmişdə Quqark rayonunda yaşayan əhalinin bütünlüklə azərbaycanlılardan ibarət olmasıdır. Hər halda quqarların Ermənistandakı azərbaycanlıların etnogenezindəki rolu təkzibedilməzdir. Quqarlar orada erkən orta əsrlərdə yığcam halda yaşayırdılar. V əsr müəllifi Moisey Xorenski quqarları Ermənistanda "böyük və qüdrətli tayfa" kimi səciyyələndirir. Quqarların türkdilli tayfa olmasını bir fakt da aydınlaşdırır. "VII əsr erməni coğrafiyası" adlı əsərdə189 Ermənistanda Quqar əyalətinin 9 mahaldan ibarət olması göstərilir: Şorapor ("Şor dərəsi" deməkdir, türk mənşəli şor, yaxud çor etnonimindən və ermənicə por "dərə" sözündən; Gürcüstanda Şulaver toponimində qalır; "Dədə Qorqud"da "Şir Şəmsədddin" adındakı "şir" komponenti də əslində şor etnonimindən və "Dədə Qorqud"da oğuzların "Üç ox" adının gürcücə tərcüməsi olan Samişvilde sözündən ibarətdir) ; Çopapor ("Çöp dərəsi" deməkdir. Qədim türk dillərindəki çöp "dağarası çökəkliyi olan yüksəklik" sözündəndir. Ermənistanda keçən əsrdə Altı-Çöp, Qara-çöp adlı kəndlər vardı. Zəngilan rayonunda Çöpədərə kəndinin adında da bu söz vardır), Kolbopor ("Kuloba dərəsi" deməkdir), Taşir ("Daş yer", "Daşlıq" deməkdir), Trel (saklarla gəlmiş trer tayfasının adından, gürcücə Tialeti), Kəngər, Cavak, Artaqan və Klarçi. Göstərilən toponimlərin hamısı türk mənşəlidir. Qoqar əyaləti gürcü mənbələrində Qoqareti, Qoqaleti adlanır ki, bu da Kırzıoğlu M. Fəxrəddinin yazdığı kimi190 "Dədə Qorqud"da "Qəflət (əslində Qoqalet) Qoca oğlu" adında əksini tapmışdır. Deyilənlər quqarların türkdilli olmasına heç bir şübhə yeri qoymur.


Tarix: 17.01.2015 / 15:46 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎