beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rusiya və Avropada

Kuman boyları getdikləri yerlərə öz etnonimləri ilə yanaşı bəzi yeradlarını da aparmışlar. Özlərini kumandı-kiji (kumanlı-kişi) adlandıran boyun bir hissəsi indi Altayda Solton və Staraya-Barda bölgəsində, Lebed və Viya çayı hövzəsində Aşağı-Kumanlı, Yuxarı-Kumanlı adlı kəndlərdə yaşayırlar. Burada Yeti-Kuman toponimi də vardır. Kuman boyları içində şəxs adı kimi də işlənən Koban etnoniminə Urmu gölü ilə Xəzər arasında Kaban, Arazdan yuxarı Qapan (Qafan), Şimali Qafqazda Kuban çayı, Kuban düzü şəklində rast gəlmək olursa, onlar ətəyində yaşadıqları Xarusa dağının adına da Azərbaycanın müxtəlif bölgələrində ikinci həyat vermişlər: Xoruz-dağ, Qorus, Xoruzlu. Van gölünün cənub-qərbindəki Xoruz toponimi indiyəcən qalmışdır. Kumanların Xunus toponimi indi Kürdəmir bölgəsində Xınıslı kəndinin adında yaşayır. Bu baxımdan, Tala, Saka, Tumurru, Kua, Koban, Şarim və başqa qədim kuman toponimlərinin sonralar bu və ya digər türk bölgəsində yenidən üzə çıxdığını düşünülür.

Kuman boylarının güclü olduğu çağlarda onların oturduğu bütöv ölkə Kuman ölkəsi adlanmışdır; Marko Polo (1254 – 1324) Şimali Qafqazı və Xəzərin cənub-qərb sahillərini Komaniya adlandırmış, əl-İdrisi (XII əsr) Avropanın cənub-şərq hissəsindəki bozqırı Qara Kuman, Ağ Kuman şəklində iki yerə ayırmışdır. Miladdan öncə Kiçik Asiya və Dəclə sahilində olduğu kimi, Miladdan sonra da II minilliyin müəyən çağlarında bütöv Qıpçaq Bozqırı, Rumıniya, Macar çölləri Kumaniya, Komaniya kimi tanınmışdır. Kuman, Koman, Kumanova (Kuman-oba) toponimlərinə isə kuman boyunun ayağı dəydiyi Avrasiyanın müxtəlif guşələrində rast gəlinir.

Şərqə getmiş kuman boyları Göytürk, ardınca Uyğur dövlətinin süqutundan sonra qərbə üz tutdu. Bu böyük köçün səbəbini XI əsrin tarixçiləri əl-Marvazi və Efesli Matfey belə izah edirlər ki, kai boyu tərəfindən sıxışdırılan sarı boyları türkmən, quz və peçeneq yurdlarına doğru getdilər. Onlar Aralüstü bölgələrdəki qıpçaqlara birləşib İtil (Volqa) çayını keçdilər.

Yerlərindən qopub sarı boylarına qoşulan qıpçaq boyları böyük qüvvəyə çevrilmiş bu yeni köç dalğasının sanbalını daha da artırdı və bu dalğa artıq XI əsrin ortalarından rus knyazlıqlarına və Avropanın digər cənub – şərq ölkələrinə etdiyi axınlarla tarixə düşdü. Səkkiz boy birləşməsindən yaranıb, 150 il buralarda at oynadan peçeneq hegemonluğu da kumanların gəlişi ilə bitdi.

Peçeneqlərin Bizansın mərkəzinə soxulmağından qorxuya düşən imperator A. Komnin bütün "xristian dünyasına" müraciət edib kömək dilədi. Lakin onun çağırışına xristianlar deyil, müttəfiqlik və böyük ödənc təklifi almış 40 min kuman atlısı gəldi, peçeneqləri geri oturdub, Bizansı xilas etdi. Ancaq kumanlar öz səhvini döyüş gününün sabahısı başa düşdülər; səhər açılanda gördülər ki, Bizans əskərləri gecə ikən xəlvətcə 30 min peçeneq əsirini qadın və uşaqlarla birlikdə qılıncla doğrayıb. Bu faciəli mənzərəni görən Kuman əskərləri nifrətlə oranı tərk etdilər.

Kuman-qıpçaq boyları ilk monqol dalğasına qədər İtil və Dnepr ovalıqlarına, güney Rusiyadan Qafqaz dağlarına qədər Kuban çöllərinə, bütöv Qıpçaq Bozqırına nəzarət edirdilər. Ona görə də, rus – kuman, Bizans – kuman, macar – kuman, hətta gürcü – kuman əlaqələrinə dair həmin çağlarda xeyli tarixi bəlgələr yaranmışdı. Bu dövrdə kuman dilini öyrənmək üçün yazılan məşhur "Kodeks Kumanikus" adlı əsərin ortaya çıxması da regionda kuman hegemonluğunu görən missionerlərin mövcud duruma gerçək baxışının nəticəsi idi.

Kuman döyüşçüləri ilə rus knyazları arasında vaxtaşırı savaşlar olurdu, bəzən də bir rus knyazı yeni əraziyə yiyələnmək üçün kumanlarla ittifaqa girib, başqa bir knyaza hücum edirdi. Hər iki halda polovetslər (kumanlar) ruslarla qarşı – qarşıya gəlirdi. O dövrün rus salnamələri kuman boyları ilə bağlı qiymətli bilgilər verir. Məşhur kuman xanları Tuqorxan, Bonyak (Bənək) və Şarukanın simasında rus folklorunda dəhşətli düşmən kimi Bunyak Şeludivıy – xişnıy, Tuqorin Zmeyeviç, Şark – velikan obrazları yaranmışdır. Bu adları Bizans imperatorunun qızı Anna Komnin yazısında Tuqortaq (Tuqorkan), Manyak (Bunyak) şəklində verir.

Kumanların daha çox qərb qanadında görünən, Bizans və Rusiya ilə savaşdan çox diplomatik əlaqələrə üstünlük verən Bonyak xan 90 – 95 yaşında 1167 – ci ildə ölənə qədər çoxlu savaşlarda olmuşdu. Belə savaşların birində Bonyak döyüşdən qabaq gecə çadırından çıxıb bir az uzaqlaşır və üzünü göyə tutub qurd kimi ulayır, bozqırdan səsinə hay verən bozqurdun cavabını eşidəndən sonra çadıra qayıdır və sabahkı döyüşdə qələbə çalacağını deyir. Rus salnaməsi 1097 – ci ildə baş vermiş həmin hadisəni belə yazır:

"…i yako bist polunoşi i vstav Bonyak i otyexa ot rati i poça volçski vıti"
— С.А.Плетнева. Половцы. M. 1990, səh 102
Bonyak kimi Sarıxan (Şarukan) da kuman boylarının bir qanadının başında duran şöhrətli xandır. Onun haqqında da xeyli bəlgə vardır, hətta bu bəlgələrə əsasən onun soyundan olan başçıların beş nəsil şəcərəsini müəyyənləşdirmək olmuşdur.

Babası kimi böyük nüfuz sahibi olan və döyüşlərdə göstərdiyi igidliyə görə adı dastanlara düşən Konçak XIII əsrin əvvəlində ölür, oğlu Yuri isə xristian adı daşıyır. Konçakın atası Atrak və əmisi Sırçan haqqında da maraqlı bəlgələr vardır.

Sarıxan öləndən sonra onu əvəz edən oğlu Sırçan ulusun başında durur, digər oğlu Atrak isə cənub bölgələrə nəzarət edir. Vaxtilə Sarıxanın adı gələndə qorxuya düşən qonşu ölkələrin başçıları Sırçan və Atrakdan da çəkinirdilər. Başçılıq etdiyi boylarla Kuban çöllərində oturan Atrak bəy gürcü çarı II Davidin (1088 – 1125) dəvəti ilə Gürcüstana gəlir və 40 min ailəni bu ölkənin cənub bölgələrinə yerləşdirir, özü isə çarın sarayındakı elitaya qoşulur. Bir müddət sonra Sırçan bəy qardaşının təkrar Kuman ölkəsinə qayıtması üçün elçi göndərir. Dəbdəbəli saray mühitindən Atrak bəyin ayrıla bilməsi üçün Sırçan bəy Orev adlı sevimli ozanını çağırır və tapşırır ki, gedib qardaşını bozqıra qaytarmaq üçün ona kuman nəğmələri oxusun, əgər təsir etməsə, apardığı yovşanı ona iylətsin:

"Пой же ему песни половецкие...Дай ему понюхати зелья именем йевшан"
Sonralar Tamaranın hakimiyəti dövründə də Gürcüstana xeyli kuman ailəsi gəlib yerləşdi. Bu cür məskunlaşma qərb ölkələrində də özünü göstərirdi.


Tarix: 15.01.2015 / 18:51 Müəllif: Feriska Baxılıb: 255 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎