beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əliqulu xan Şamlı

Həyatı
II Şah İsmayıl Səfəvi tərəfindən paytaxtda ustaclı tayfasının məruz qaldığı cəza tədbirləri genişləndi. Bu xəbər əyalətlərdə ustaclı nümayəndələrinin devrilməsi üçün sanki bir işarə idi. Belə ki, mühüm vəzifələrin bu tayfa əyanlarının əlində olduğu Xorasanda (Heratda) Avşar eliin digər tayfalarla birlikdə qiyamı baş verdi. Bunun nəticəsində Xorasan hakimi Şahqulu sultan Yegan öldürüldü. Tayfa darmadağın edildi və pərakəndə salındı. Şah, xan rütbəsi verməklə Əliqulu xan Şamlını Heratın hakimi və Xorasanın əmir əl-ümərası təyin etdi.

II Şah İsmayıl şamlı tayfasının əmiri Əliqulu xanı Heratı hakimi təyin etmişdi. Şah Məhəmməd Xudabəndə onu bu vəzifədə təsdiq edərək öz oğlu Abbas mirzənin (gələcək I Şah Abbasın) lələsi etmişdi. Abbas mirzə Xorasanın nominal canişini sayılırdı, lakin bütün işləri Əliqulu xan Şamlı idarə edirdi. 1578-ci ildə Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə birlikdə sarayda onun həyatı üçün "təhlükə olduğunu" bəhanə edərək, Məhdi Ülyaya oğlu Abbası verməkdən imtina etdilər. Əslində isə onlar, taxt-tacın varisini öz yanlarında saxlayıb idarə işlərini Abbasın adından icra etməklə özlərini daha müstəqil aparmaq niyyətində idilər. Əliqulu xan Şamlının güclənməsi, Xorasan üzərində öz nəzarətini yaratmağa cəhd göstərən Məşhəd hakimi Murtuizaqulu xan Türkmana təhlükəli göründü. Şamlı və ustaclı tayfasından olan Xorasan əmirlərinin əksəriyyəti, tərkibində türkman və təkəli tayfalarından olan əmirlərin böyük rol oynadığı Qəzvindəki mərkəzi hökuməti tanımamaq barədə öz aralarında saziş bağladı. Onlar Əliqulu xan Şamlını "xanlar xanı" elan edərək özlərinə başçı seçdilər. Beləliklə, Xorasanda əmirlərin bir-biri ilə düşmənçilik edən iki – Herat və Məşhəd dəstəsi yarandı.

Qızılbaş əmirlərinin qüvvəsini zəiflətmək, onların arasına təfriqə, düşmənçilik salmaq üçün Məhdi Ülyanın və Mirzə Salmanın şəxsində mərkəzi hökumətin həyata keçirdiyi tədbirlər, istilaçıları dəf etməkdən ötrü qüvvələri birləşdirməyə mane olurdu. Məsələn, qərara alındı ki, bir çox Xorasan əmirləri öz mülklərindən (tiyulat) məhrum edilsinlər və onların torpaqları Osmanlı basqını nəticəsində Şirvanda öz tiyullarını itirmiş, indi isə sarayda yaşayan əmirlərə verilsin. Yenicə mülk almış və keçmiş mülk sahiblərinin çox vaxt eyni tayfadan olması tayfadaxili müharibələr təhlükəsini gücləndirirdi. Bu vəziyyət, mərkəzin təzyiqinə qarşı dura bilmək üçün Xorasan əmirlərini Əliqulu xan Şamlının ətrafında daha çox birləşməyə məcbur edirdi. Əliqulu xan müttəfiqi olan əmirlərlə, öncə Murtuzaqulu xana qarşı Məşhəd üzərinə yeridi. Rəqib qoşunları darmadağın edildi, lakin Əliqulu xan Məşhədi tuta bilmədi. Şah sarayına müsbət münasibətini saxlayan Məşhəd hakimi əleyhinə olan bu yürüş, Herat hakimlərinin aşkar şəkildə mərkəzi hökumətlə əlaqələrini kəsməsi demək idi. Xorasanda tayfalararası müharibə, Əliqulu xanın və Mürşüdqulu xanın yürüşü, onların Məşhədi mühasirəyə alması xəbəri şah sarayının yerləşdiyi Təbrizə gəlib çatdı.

Əmir xan Türkman və türkman tayfasından olan əmirlər yubanmadan bu xəbərdən istifadə etdilər, şamlı və ustaclı tayfalarını dövlət əleyhinə qiyamda təqsirləndirməyə başladılar. Onlar sarayda bu tayfalardan olan əmirləri Xorasan qiyamçıları ilə əlaqələr saxlamaqda təqsirləndirərək, şahın qarşısında onlara etimad göstərməmək məsələsini qaldırdılar. Türkman tayfasının əmirləri saraydakı şamlı əmirlərinin yüksək vəzifələrindən sıxışdırılıb çıxarılmasına və onların yerinə öz həmtayfalarından olanları keçirməyə nail oldular. Bu yüksək və gəlirli dövlət vəzifələri uğrunda qızılbaş tayfa əyanları arasında gedən əski mübarizə üsulu idi. İskəndər bəy Münşinin göstərdiyi kimi, sarayda şamlı tayfasından olan əsas əyanlar bunlar idi: Həmzə Mirzənin doğma anası kimi münasibət bəslədiyi Əliqulu xanın anası Xanixan xanım; onun qardaşı və Həmzə mirzənin vəziri olan Hüseyn bəy; şahzadənin yanında xidmətdə olan Vəli Xəlifə Şamlının oğlu İsmayılqulu bəy (şahzadə ona özünün xüsusi rəğbətini bildirməsi əlaməti kimi onu "yoldaşbaşı" fəxri adı ilə təltif etmişdi); mötəbər eşikağasıbaşı Hüseynqulu sultanın oğlu Mehdiqulu bəy; əmiraxurbaşı vəzifəsini tutan Fulad bəyin oğlu Əbülfəth bəy; Qorxmaz xanın oğlu Təhmasibqulu bəy və b. Adları çəkilmiş şəxslər "şahın yaxın adamlarından" olduqları üçün sarayda böyük nüfuz sahibləri idilər. Həmzə Mirzənin vəziri Mirzə Hüseyn bəy Şamlının sarayda tutduğu yüksək mövqeyindən xoşu gəlməyən vəzir Mirzə Salman, şamlı əmirlərinin paxıllığını çəkən türkman əmirlərini müdafiə edirdi.

Əliqulu xanın anası Xanixan xanım Həmzə mirzənin tərbiyəçisi olmuş və Məhdi Ülya öldürüldükdən sonra, əslində ona anasını əvəz etmişdi. İndi isə Əmir xan Türkman və onun həmfikirləri Əliqulu xanın qiyamına, separatçı hərəkətlərinə əsaslanaraq bildirirdilər ki, qiyamçının anası bundan sonra sarayda yaşaya bilməz. Onlar hərəmxana binasına soxuldular və "günahsız qadını" boğub öldürdülər. Sonra isə Əliqulu xanın atası Sultan Hüseyn xanın izinə düşdülər.

Kiçik yaşdaki Abbas mirzənin Herat valiliyi ismən və şəklən idi. Heratın gerçək hakimi Şamlı elinin rəisi Əliqulu xan Şamlı idi. Heratda kiçik şahzadəni böyüdən hətta əmzdirən Əliqulu xan Şamlının anası Xan Ağa xanım (Xanixan xanım) idi. O, şahzadəni altı yaşında ikən mərhameti və ilgisi sayəsində ölümdən bilə qurtarmışdı. Ayrıca Əliqulu xan Şamlı və həyat yoldaşı Can Ağa xanım, Abbas mirzə ilə yaxından ilgilənmiş və onu şəfqətli bir ana-ata kimi böyütmüşdülər.

Mürşüdqulu xan, Səfəvi şahzadəsini yanına aldırdıqdan sonra Məşhəddə Abbas mirzəni Xorasan hökmdarı elan edib adına pul kəsdirdi və özünü də vəkil olaraq açıqladı. Bunun qarşılığında öç almağı istəyən Herat bəylərbəyi Əliqulu xan Şamlı, Özbəkləri Xorasana dəvət etdi. Əslındə bundan məqsədi onların dəstəyi ilə paytaxt Qəzvini ələ keçirmək idi. Fəqət bir gün gəlib işlərin dəyişib, özünü Özbəklər tərəfindən qətl ediləcəyini əlbəttə təxmin edə bilməmişdi.


Tarix: 14.01.2015 / 18:56 Müəllif: Feriska Baxılıb: 101 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎