beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərlər

Tarixi
Azərlərlə bağlı ilk qeydlər Assur mənbələrindədir. M.ö. VIII əsrin son rübündə II Sarqon o vaxt Arrapha adlanan indiki Kərkük bölgəsindən Urmu gölünün cənubundakı Mazamua bölgəsinə gedən "şah yolu" haqqında fərman vermişdi ki, bu yol təmir edilsin. Fərmanın icrası ilə bağlı məlumat verən şəxs kitabənin sonunda yazır:

1. TA* ŞA-bi URU.sa-re-[e]
2 a-di URU.BAD – a-ta-na-t[e]
3 ana-ku u-pa-sa-ak
4 TA* URU.BAD – a-ta-na-t[e]
5 a-di URU.BAD –ta-li-ti
6 URU. arrap-ha!-a-a u-pa-su-ku
7 TA* URU.BAD – ta-li-ti
8 a-di ŞA-bi URU. a-za-ri
9 [a-na-ku-m]a u-pa-sa-ak…

I remove […] from Sare to Dur-Atanate, the Arraphaeans remove […] from Dur-Atanate to Dur-Taliti, [I] remove [the…] again from Dur-Taliti to Azari….

"Mən yenidən Sare şəhərindən Dur-Atanate şəhərinə çıxıram. Arraphalılar Dur-Atanate’dən Dur-Taliti şəhərinə hərəkət edirlər. (Mən) yenidən Dur-Taliti’dən Azari şəhərinə yönəlirəm".
Göründüyü kimi, şah yolunun marşrutu Arrapha-Atanate-Taliti-Azari şəhər və ya bölgələrindən keçir. Mətni dərc edən tədqiqatçılar Azari şəhərini Mazamua bölgəsində yerləşdirirlər. Bu bölgənin tarixindən məlumdur ki, əvvəllər orada lulu, turuk (türk), zəngi və kuman boyları yaşayırdı. Kitabənin yazıldığı dövrdə həmin bölgə Manna dövlətinin mərkəzində idi. Ona görə də, indiki Kərkük ilə Urmu gölü arasında yerləşən Azari şəhəri və ya qalasının türk boylarından olan azərlərin adı ilə adlanması təbii idi.

Türk boy (tayfa) adlarının ər sözü ilə işlənməsi geniş yayılmış hadisədir. Məsələn, xəzər, suvar, avar, tatar, qamər, göyər, dügər, padar, qacar və sairə. Ona görə də, mütəxəsislər , azər boyadını (etnonimi) az və ər hissələrinə ayırırlar. Eyni qayda ilə xəzər boyadı da belə hissələrə bölünür. Və hər iki adın başında gələn az və xəz sözünün eyni ad olması ortaya çıxır. Bu eyniliyin həm dilçilik izahı, həm də tarixi örnəkləri vardır. Bunun dilçilik izahı belədir ki, qədim dövrlərdə boğaz tutulması ilə tələffüz olunan saitlər bəzi türk tayfalarının dilində samitlə işlənmiş, a səsi ha, qa, ka, xa şəkillərində tələffüz olunmuşdur. Ona görə də, eyni söz bir dialektdə bir cür, digər dialektdə isə başqa cür tələffüz olunaraq yayılmışdır: at – hat
ot – xot
en(li) – gen(iş)
aran – haran və s.

Bu baxımdan, azər və xəzər sözləri də eyni adın qədim dialekt fərqləridir. Xəzər dövləti ərazisində olan Xazar-qala adı bəzi yazılarda Azər-qala kimi verilir. Antoni Avqusta aid yol xəritəsində azların yaşadığı bir məntəqə Haza, Plinidə isə Aza şəklində yazılmışdır. İrəvan çuxuru Urartu yazılarında Aza ölkəsi, Strabonun kitabında isə Azar ölkəsi adlanır. Bəzi ərəb mənbələrində Qəbələ şəhərinin adı da Xəzər adı ilə verilmişdir. İndi də araba, açar kimi onlarla söz bəzi Azərbaycan dili dialektlərində haraba, haçar kimi işlənir.

Azər və xəzər adlarının başqa bir variantı da kaspi sözüdür. Bu sözün də əvvəli az//as və xaz/kas kimi, sadəcə dialekt fərqindən başqa bir şey deyildir. Sözün sonundakı -pi//-bi şəkilçisi isə qədim Azərbaycanda tayfa adlarına qoşulan geniş yayılmış sonluqdur:

lulu-bi (lulubi);
suv-bi (suvbi);
azər-bi (azərbi);
elli-pi (ellipi),
kas-pi (kaspi),
tras-pi (traspi) və s.
Gürcüstanda azər türklərinin yaşadığı Kaspi şəhərinin adı V əsrdən məlumdur. Qədim kaspi boylarının Muğanla Xəzər arasında yaşaması, Xəzərin də həmin boyların adı ilə Kaspi adlanması da bəllidir. Ələyəz dağından Araza axan Kazax çayının adını da antik dövr mənbələrində görmək olur. Prof. F. Cəlilov qeyd edir ki, azər, xəzər və kaspi sözləri eyni mənşəli olub, qədim Azərbaycanın müxtəlif bölgələrinə yayılan boyların adıdır.

Əfqanıstanda yaşayan türk – monqol soylu xəzər tayfaları dilini dəyişib, indi irandilli olmuşlar. Eyni durumu bəzi iranşünas alimlərin Orta əsrlərdə azəri adlanan bir boyun talış dilinə yaxın bir dildə yazıları olduğunu söyləməsinə də aid etmək olar. Əfqanıstan xəzərləri kimi, Azərbaycan azərləri də müəyən bölgədə fars dilini qəbul edə bilərdilər. Nəzərə almaq lazımdır ki, son iki minildə türk dili ilə yanaşı, fars dili də Dərbənddən tutmuş Səmərqəndə qədər əsas dillərdən biri olmuşdur. Bu ərazilərdə xüsusilə farsdilli ədəbiyatın təsiri və bu təsir altında bir çox türkün farsca danışıb – yazması gələnəyi də danılmaz faktdır. Lakin bunlar bütün azər boylarının irandilli sayılmasına əsas vermir, ən azı ona görə ki, həmin iran (fars) dilinin Azərbaycana gəlmə tarixi bəllidir, azər boyu isə Azərbaycanda həmin tarixdən əvvəl məlumdur və yuxarıda verilən Assur mənbəyi bunu təsdiq edir. Həm də türk – azər boyları başqa adaşları (az, as, asar, azaq, kaspi, qazax, xəzər) ilə bərabər müxtəlif regionlarda türk toplumları içərisində görünməkdədir. Azərlərin bir qolu da az – kişi adlanmışdır. Bartold əvvəllər xristianlığı qəbul etmiş Qafqaz türklərinin sırasında azkişi tayfalarının adını çəkir. Türküstan və Altayda askisi adlı xeyli etnotoponim vardır. Göytürk yazılarında az budun (az xalqı) haqqında olan məlumat isə elm aləminə çoxdan bəllidir. Hələ II əsrdə Klavdi Ptolemey Quzey Qafqazda Azara şəhəri və Azaraba (Azar-oba) kəndi olduğunu göstərmişdir.

Azər (asar) boylarının çoxlu qolları olmuşdur. Soy adları ilə bir-birindən fərqlənən bu boylar Aral gölünün doğusunda da yaşamışlar. Burada III-IV əsrlərdə dağıdılmış şəhərlərin adında həmin bölgülərə rast gəlmək olur; Ceti-Asar, Altın-Asar, Unqırlı-Asar, Baybolat-Asar və sairə. Kaşqadəryadakı Azlar-təpə və Azar-təpə qışlaq adlarından tutmuş Orta əsrlərdə Hələb sancağındakı Azar – türkman oymağına qədər geniş areala yayılması bir daha göstərir ki, sayı bu gün 40 milyonu aşan azərlər keçmiş çağlarda da türk toplumu içində çoxsaylı olması ilə fərqlənmişlər.


Tarix: 15.01.2015 / 18:06 Müəllif: Feriska Baxılıb: 256 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎