beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanməhəmməd bəy Ustaclı

Həyatı
Xanməhəmməd bəy Mirzə bəy oğlu Ustaclı elinin Təmişli oymağındandır. O, I Şah İsmayıl Səfəvinin yaxın adamlarından sayılırdı. Qızılbaşlar məmləkətinin adlı-sanlı sərkərdələrindən idi. Şahın Şirvan yürüşündə iştirak etmişdi. Səliqə-səhmanı, ədəb-ərkanı, qəyyur-qoçaqlığı ilə şahın diqqətini cəlb etmiş, vəzifədə irəli çəkilmişdi. Şahın bacılarından birinə evlənəndən sonra, 1507-ci ildə Diyarbəkr bəylərbəyi təyin olunmuşdu.

Xanməhəmməd bəy Diyarbəkrə gələndən sonra yerli ağalara qarşı savaşa başladı. Tarixçi Həsən bəy Rumlu yazır: "Həmin müharibədə Qasım bəyin 10 min nəfərlik qoşununa qarşı, Xanməhəmməd bəy Ustaclının 2 min nəfər qoşunu vuruşdu və qalib gəldi". [1]

"Cahanarayi-Şah İsmayıl Səfəvi" adlı tarixi əsərdə yazılır: "Xanməhəmməd bəy Ustaclı Diyarbəkri başdan başa tutaraq, böyük qələbələr qazanmışdı... Bütün vuruşmalarda qalib gəlirdi. Bu yüksək bacarıqlı əmirin igidlik və azmanlıqla ucalan ad-sanı Rum, Misir və Şamda geniş yayılmışdı... Buna görə bir neçə il o yerlərdə baş qaldırmağa ürək edən olmadı". [2]

1514-cü ildə Osmanlı və Qızılbaş ordusu qarşı-qarşıya gəlir. Şah İsmayıl müşavirə toplayır. Savaşla bağlı sərkərdələrinin fikrini, məsləhətini dinləyir. Təcrübəli sərkərdə Xanməhəmməd bəy Osmanlı ordusunun hərbi hazırlıq vəziyyətini və vuruş taktikasını ətraflı təhlil edir. Sonra da bildirir ki, biz onları indiki halında yalnız çal-çevirə salmaqla səfər zamanı yenə bilərik. Şah İsmayılın qaynı və məhrəm əmirlərindən, eşikağasıbaşı Durmuş xan Bəydili-Şamlı deyir: "Sənin belə kəndxudalığın Diyarbəkrdə işə keçər. Burada Şah İsmayıl əyləşib, rəy və göstəriş də onundur". Şah İsmayıl da qürrələnib Xanməhəmməd bəyi yerinə əyləşdirir: "Mən harami deyiləm ki, karvan yolunu kəsəm".

Xanməhəmməd bəy 23 avqust 1514-cü ildə Çaldıran döyüşündə top mərmisindən həlak olmuşdu.

Ailəsi
Xanməhəmməd bəy Mir Ziyaəddin bəy Süleymaninin qızı Bikisi xanımla ailə qurmuşdu. Qılıc bəy adlı oğlu vardı.


Tarix: 13.01.2015 / 19:26 Müəllif: Feriska Baxılıb: 79 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎