Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nemətullah Naxçıvani Həyatı

Naxçıvanda anadan olan Mövlana Nemətullah ibn Mahmud Şeyx Əlvan Naxçıvani, zamanın tanınmış xocalarından dərs alıb zahiri elmləri tamamladıqdan sonra təsəvvüfə bağlanmışdır. Bu sahədə də mükəmməl bilik aldıqdan sonra 1498-ci ildə Naxçıvandan ayrılmış, islam aləminin bir çox önəmli mərkəzlərini gəzmiş, bir müddət Təbrizdə qalaraq ,burada Dədə Ömər Rövşəni ilə görüşmüşdür. Daha sonra Anadoluya getmiş, Akşəhərdə yerləşmişdir. Tarixən və hal - hazırda Ağşəhərlilər arasında, Şeyx Əlva, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət və Nemətullah Sultan kimi adlarla xatırlanan bu böyük Türk-İslam alimi və vəlisi, zamanındakı alim və vəlilərin ən fəzilətlilərindən biri hesab olunurdu. Ağşəhərdə uzun illər elmə xidmət etmiş və çoxlu sayda müridi olmuşdur. Öz doğma dili olan Türkcəylə yanaşı ilə ərəb və fars dillərini də bilirdi.

Taşköprülüzadənin "Şəqayiqi-Numaniyyə" adlı məşhur əsərində onun haqqında "ülumi-rəbbaniyə mütəbahhir əsrari-ilahiyyə dəryalarına qəriq" (ilahi elmlərdə dərin,ilahi sirlər dənizinə dalmış) – dediyi Nemətullah Naxçıvani təfsir elmində təsəvvüfi təfsirlər arasında mühüm bir yerə saib olan "əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə" adlı əsərin müəllifidir. O, bu təfsiri daha öncə yazılmış təfsirlərə müraciət etmədən, öz biliyi əsasında yazması ilə məşhur olmuşdur. Bunlardan başqa, Hidayət-ül-İxvan və Risalət-ül-Vücud adında təsəvvüflə əlaqədar iki risaləsi var. Fəvatih-ul-İlahiyyə adlı təfsirinin , öz əl yazısıyla olan nüsxəsi, Topaqapı Sarayında III Əhməd Xan kitabxanasında mövcuddur. 1908 - ci ildə, Mətbey-i Osmaniyyədə iki cild halında çap olunmuşdur. Naxçıvani bu əsərini, 1498-ci ildə, Ramazani - Şərif ayının ortalarında tamamlamışdır.

Nemətullah Naxçıvaninin bu əsəri o qədər diqqəti cəlb etmişdir ki, XIX əsrdə İstanbul üləması aralarında pul toplayaraq bu əsəri (əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə) nəşr etdirmişdir. N.Naxçıvani Qazı Beyzavinin "Ənvarüt-tənzil" adlı təfsirinə və Mahmud Şəbüstərinin Gülşəni-raz əsərlərinə də şərhlər yazmışdır. Hədiqətül-ixvan adında təsəvvüfi bir əsəri də olan N.Naxçıvani 1514-cü ildə Akşəhərdə vəfat etmişdir. Türbəsi bir neçə dəfə təmir olunmuşdur. Türbəsinin qarşısında bir hovuz vardır. Baba Nemetin qəbrinin yanında irili-xırdalı dörd ayrı daş kitabə vardır.İkinci daş kitabənin üzərində belə yazılmışdır : “Hu Dost. Kibar - ı əhlullahdan və müfəssirlərin - i izâmdan Xacə Nemətullah həzrətlərinin məzarı-i münəvvərləridir.”Məhəmmədəli Tərbiyət isə onun ölüm tarixini 1497 olaraq qeyd etmişdir.


Tarix: 13.01.2015 / 16:13 Müəllif: Feriska Baxılıb: 79 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...