beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həmədan bəylərbəyliyi

Tarixi
1503-cü ildə I Şah İsmayıl on iki minlk qoşunla Təbrizdən çıxaraq Qızıl üzən çayını keçdi və Həmədan yaxınlığında Almaqulağı adlı yerə çatdı. Sultan Murad bəy Bayandur yetmiş min nəfər qoşun toplamışdı.

1503-cü il iyunun 21-i Almaqulağı döyüşü baş verdi. Ağqoyunlular sayca çox olsalar da, məğlub oldular. Murad bəy Şiraza qaçdı. I Şah İsmayıl onu təqib edərək İranın içərilərinə doğru irəlilədi, Şirazı müqavimətsiz ələ keçirdi. Beləliklə, Ağqoyunlu dövlətinin ikinci qoluna son qoyuldu. Həmədan Səfəvilərə tebe oldu.

Qaraca sultan Təkəlinin bu əyalətdə tiyul torpağı vardı.

Çuxa sultan Təkəlinin ölümündən sonra təkəli əmirləri vəkil vəzifəsinə onun böyük oğlu Şah Qubadın namizədliyini irəli sürdülər. Təkəli əmirlərinin öz hökmranlığını qoruyub saxlamaq üşün etdikləri bu cəhd təkəli feodallarının zülmünə çox dözmüş digər qızılbaş tayfaları – ustaclı, rumlu, zülqədər və əfşar əmirləri tərəfindən narazılıqla qarşılandı. Həmədandan bir qədər aralıda tərəflər arasında toqquşma baş verdi. I Şah Təhmasibin əmri ilə təkəli tayfası tamamilə məhv edilmək təhlükəsi qarşısında qaldı. Tayfadan bir çoxları qırıldı, sağ qalanlar isə onların öz tayfalarından olan Məhəmməd xan Şərəfəddin oğlunun idarə etdiyi Bağdada qaçdılar. Sonuncu, özünün şaha olan xeyirxah münasibətini bildirmək əlaməti kimi onlardan bəzilərini edam etdirdi və başlarını saraya göndərdi.

Sultan Məhəmməd şah Xudabəndənin dövründə Qızılbaş tayfalarının əmirləri əyalətlərdə nəzarətsiz ağalıq edirdilər. Əmir xan Türkman (Mosullu) Təbriz, Pirə Məhəmməd xan Ustaclı isə Ərdəbil əyalətlərinin hakimliyi vəzifəsini aldılar. Çuxursəəd bəylərbəyliyi Məhəmmədi xan Toxmaq Ustaclıya verildi. İmamqulu xan Yıva-Qacar yenidən Qarabağ hakimi, Araz xan Rumlu Şirvan bəylərbəyi təsdiq edildi. Kirman hakimliyi Vəli xan Avşara, Həmədan vilayəti Vəli sultan Təkəliyə, Kuhgiluyə Xəlil xan Avşara, Kaşanın idarəsi Məhəmməd xan Türkmana (Mosullu), Qəzvin vilayəti Sultan Hüseyn xan Şamlıya, Fars əyaləti isə zülqədər tayfasının əmirlərinə və s. verildi.

1543-cü ildə Abdulla xan Ustaclı Həmədan valisi olaraq, başlarına buyruq hərəkət edən Kəlhur kürdlərinə uğurlu bir axında bulunmuşdur.

1585-ci ildə Təkəli və Türkman tayfasının əmirləri mərkəzi hökumətə qarşı üsyan etdilər. Həmədan bəylərbəyliyinin hakimləri Təkəli tayfasından çıxdığından bu əyalət üsyanda fəal iştirak etdi. Kaşan hakimi Məhəmməd xan Türkman Həmədan hakimi Vəli xan Təkəlilə Əmir xanın düşmənlərinə divan tutmaq məqsədilə, Təbrizə hərəkət etmək barədə razılığa gəldilər.

1588-cı ildə Sinan paşa (Cığal oğlu) otuz minlik qoşunla Bağdaddan Həmədana yeridi və qızılbaşların tərk etdiyi Nəhavəndi döyüşsüz ələ keçirdi. Sinan paşa qalada iki min nəfərlik hərbi hissə yerləşdirərək geri qayıtdı. Qızılbaşların qalanı geri qaytarmaq cəhdi uğursuzluqla nəticələndi. Onlar məğlubiyyətə uğradılar. Başçıları olan Həmədan bəylərbəyisi Qorxmaz xan Şamlı isə əsir düşdü.


Tarix: 13.01.2015 / 19:08 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎