beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzun Həsənin Avropa dövlətləri ilə əlaqələri

Məğlub olduqdan sonra da Uzun Həsən türklər əleyhinə yaradılmış koalisiyanın daha da möhkəmləndirilməsi uğrunda fəal siyasi mübarizəyə qoşulur. Onun sarayında yenə də Avropa ölkələrindən gəlmiş elçiləri tez-tez görmək olar. O, türklərə qarşı yeni hərbi əməliyyatlara başlayacağını bildirir və müttəfiqlərini də buna çağırır.

1471-ci ildə İosafat Barbaronun başçılığı ilə Azərbaycana yola düşmüş Venetsiya səfarəti (elçilik heyəti) üç ildən sonra (1474-cü ilin əvvəllərində) Uzun Həsənin qərargahına gəlib çatdı. Lakin Uzun Həsən onu hörmətlə qarşılamadı. Katerino Zeno vasitəsilə bağlanmış müqavilə əsasında Venesiya Respublikası öz vədinə əməl etməmişdi və buna görə də Uzun Həsən İosafat Barbaro ilə yeni danışığa girmək istəmədi. Barbaronun nəticə əldə edə bilmədiyini anlayan Venetsiya senatı Ambroco Kontarinini fövqəladə səfir kimi Uzun Həsənin yanına yola saldı. Kontarinin heyəti Almaniya, Polşa, Moskva dövlətləri və Krımdan keçərək beş ay yol qət etdikdən sonra, 1474-cü il avqustun 4-də Təbrizə çatdı. O, Təbrizə yetişərkən Uzun Həsənin oğlu Uğurlu Məhəmməd Ağqoyunlu dövlətinə qarşı qiyam qaldırmışdı. 1474-cü il sentyabrın 5-də Venesiya Respublikası tərəfindən Azərbaycana müəyyən tapşırıqla göndərilmiş Bartolomeo Liompardo da Təbrizə gəldi. Kontarini Təbrizdə rast gəldiyi ağır vəziyyət haqqında topladığı məlumatı Liompardo vasitəsilə Venesiyaya göndərdi. Sonra o, Uzun Həsənin olduğu İsfahan şəhərinə tərəf yollandı və ay yarımdan sonra oraya çatdı. O vaxtlar Barbaro da İsfahana gəlmişdi. Uzun Həsən 1474-cü il noyabrın 4-də Venesiya elçilərinin hər ikisini öz sarayına çağırdı və onları qəbul etdi. Uzun Həsən Ağqoyunlu dövlətinə tabe edilmiş ucqar yerlərdə, xüsusilə İsfahanda yaranmış qarışıqlığı aradan qaldırdıqdan sonra 1474-cü il noyabrın 25-də Azərbaycana qayıtdı. Venesiya səfirləri də onunla bərabər yola düşdülər. 1475-ci il mayın 30-da Təbriz yaxınlığında boloniyalı Fiqaro Lodoviko adlı bir katolik rahibi Uzun Həsənin sarayına gəldi. Rahib özünün Antioxiya baş ruhanisi olduğunu və Burqundiya hersoqluğu tərəfindən səfir kimi gəldiyini söylədi. Ertəsi gün Uzun Həsən Lodo-vikonu Kontarini və Barbaro ilə birlikdə öz yanına çağırdı. O, öz məqsədini təfsilatı ilə Uzun Həsənə bildirdi və iki tərəf arasında başlanmış danışıqlar müəyyən razılaşma ilə bitdi. 1475-ci il iyunun 11-də Uzun Həsən Təbrizə gəldi. O, bir neçə dəfə Venesiya və Burqundiya səfirlərini qəbul etdi. Uzun Həsən osmanlılara qarşı çıxış etmək barədə onlarla danışıq apardı və baş verə biləcək Osmanlı basqınlarından müdafiə üçün hazırlıq işləri görməyə başladı. Kontarini yazır: "Padşah səfir-rahibə Fransaya qayıtmasım təklif etdi. Qeyd etdi ki, mən öz vədimə vəfalıyam, osmanlılara qarşı müharibə edəcəyəm və hazırda müharibə tədarükü ilə məşğulam. Sonra isə məni də öz yanına çağırıb dedi: "Venesiyaya qayıt və bu rahiblə birlikdə öz padşahının nəzərinə çatdır ki, mən müharibəyə hazırlıq işləri ilə məşğulam. O, müharibəni baçlasın və bu haqda bütün xristian hakimlərinə xəbər versin..." Yola düşməzdən bir gün əvvəl yenə də Uzun Həsənin sarayına getmişdik. Moskva dövləti tərəfindən də Uzun Həsənin yanına Marko Rosso adlı səfir gəlmişdi. Həmin gün padşahın yanında iki nəfər yerli əyan var idi. Padşah onların birini Moskvaya, digərini isə Bur-qundiyaya səfir göndərmək istəyirdi. Padşah Burqundiya səfirinə və mənə sözlərini xristian hakimlərinə yetirməyi tapşırdı".


Tarix: 13.01.2015 / 16:09 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎