beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Seyfəddin Bayat

Həyatı
Hacı Seyfəddin Bayat Nişapur şəhərində anadan olmuşdu. Şah Sultan Hüseyn Səfəviyə xidmət etmişdi. Əfqanlar paytaxt İsfahanı aldıqdan sonra Nadir şah Qırxlı-Avşara qoşulmuşdu. Əfqanlara, osmanlılara və Böyük Moğollar imperiyasına qarşı vuruşmuşdu.

“Aləm Ara-ye Naderi”yə görə, Osman paşa ilə Fərrux paşa arasında olan söhbətdən Nadir çox qəzəbləndi və böyük bir qətiyyətlə osmanlılarla döyüşməyə üz tutdu. Onun düşərgəsi Borucərddə qaldı və adlı-sanlı sərkərdələri olan Təhmasib xan Cəlayiri, Həsən xanı, Hacı Seyfəddin xan Bayatı və başqalarını düşərgənin mühafizəsinə təyin etdi. Osmanlı qoşunları yaxınlaşanda Nadir onu əhatə etməyi tapşırdı. Osmanlı qoşunları qısa zaman ərzində əhatəyə alındı. Cəzayirçilərin və tüfəngdarların atəşi osmanlılara ilk itkiləri yetirdi. Onların ardınca isə süvarilər sürətli hücuma qoşuldular və osmanlılara vurulan itkiləri daha da artırdılar. [1]

Hər iki tərəf, osmanlılar və İran ordusu döyüşə ciddi hazırlıq gördü, qoşunların qruplaşdırılmasında daha sınanmış təcrübəyə istinad edildi. Hər iki tərəfin qoşunu üç böyük dəstədə qruplaşdırıldı: Mərkəz, sağ və sol cinahlar. Osman paşa qoşunların cinahlarını təcrübəli sərkərdələrinə tapşırdı: Teymur paşa, Cəlal paşa və Həsənoğlu qoşun dəstələrinin rəhbərləri təyin edildilər. Onun özü isə mərkəzdə qərar tutdu. Toplar da mərkəzdə yerləşdirildi. Bundan başqa, Osman paşa əmr etdi ki, yük daşıyan bütün dəvələri qoşunların arxasına toplasınlar, onların hamısını kəndir və zəncirlərlə bir-birinə bağlasınlar ki, Osmanlı döyüşçüləri qorxub geri qaçmaq istəsə dəvələrin sırası ilə üzləşib yenidən döyüş meydanına qayıtsınlar. Nadir sağ və sol cinahları Təhmasib xan Cəlayirə, Rzaqulu bəy Çemişgəzəkə və Hacı Seyfəddin xan Bayata tapşırdı, mərkəzə rəhbərliyi isə öz üzərinə götürdü.[2]

Beləliklə, bütün hazırlıq işlərini başa vurandan sonra, Nadir 1732-ci ilin oktyabrında qoşunu ilə İsfahandan hərəkətə başladı. “Atəşgah” adlanan məntəqədə dayanacaq etdi və orada qüvvələrini iki yerə böldü.Təhmasib xan Cəlayirin, Rzaqulu xan Kürdün və Hacı Seyfəddin xan Bayatın və bir neçə digər xanın olduğu dəstəni Nadir Kermanşaha göndərdi. Özü isə digər dəstə ilə birlikdə bəxtiyarilərin qiyamını yatırmağa yollandı. Bəxtiyarilərin bir hissəsi Nadirin gəlişini eşidib ona qarşı müqavimət göstərməyin mənasız olduğunu anladı. Nadirin ora təyin etdiyi hakimin öldürülməsində əli olanların bir çoxu günahlarını etiraf etdiyinə görə bağışlandı. Ardınca Bənavər qalasını mühasirəyə aldı. Orada da bəxtiyarilərin bir qismi qalaya sığınıb müqaviməti davam etdirmək niyyətinə düşdülər. Bir neçə top atəşindən sonra qalada müdafiə olunanlar arasında vəlvələ yarandı və onlar da təslim oldular. Amma bəxtiyarilərin Çaharləng və Həftləng camaatları Nadirə qarşı müqavimət göstərməkdən əl çəkmədi. Nadirin qətiyyətli tədbirləri az zaman içində bəxtiyarilər arasında baş qaldırmış iğtişaşları yatırmağa imkan verdi. Onların arasından silah tutmağı bacaranların böyük bir dəstəsi Nadirin qoşunlarına qatıldı, sərkərdələrin və əyanların çoxu isə İsfahana köçürüldü.


Tarix: 13.01.2015 / 16:39 Müəllif: Feriska Baxılıb: 79 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎