beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Marçello Mastroyanni

Marçello Mastroyanni (it. Marcello Mastroianni) — İtaliya aktyoru.

Həyatı

Marçello Vinçenso Domeniko Mastroyanni 28 sentyabr 1924-cü ildə İtaliyada anadan olmuşdur. Uşaqlığı, eləcə də gəncliyi Turin və Roma şəhərlərində keçmişdir. Bu dövrdə tamaşalar son dərəcə neorealist üslubunda hazırlanırdı. İş elə gətirir ki, aktyorun çəkildiyi ilk filmlər də bu üslubda olur.

Lukino Viskontinin "Bəyaz gecələr" və Mario Moniçellinin "Naməlum cinayətkarlar" filmlərində çəkilən Mastroyanni Fellininin "Şirin həyat" filminə çəkiləndən sonra daha da məşhurlaşır. Bu ekran əsəri onu bütün Avropaya tanıdır.

1961-ci ildə kino tənqidçiləri Mastroyanninin "Gecə" filmində (rejissor: Mikelancelo Antonioni) ifa etdiyi obrazı müzakirə edirlər. Bu aktyorun iştirakı ilə sonralar çəkilmiş "İtalyansayağı boşanma" filmi də uğur qazanır. Marçello bu kinoda Stefaniya Sandrelli ilə birgə çəkilmişdi. Bu əsərin rejissoru Pyetro Cermi olmuşdur.

O, ardıcıl olaraq iki dəfə Britaniya kino akademiyasının mükafatını qazanmışdır. Daha sonra isə Federiko Fellininin "Səkkiz yarım" filmində çəkilən aktyor burada Klaudiya Kardinale ilə tərəf-müqabil olmuşdur. Elə bu filmin çəkildiyi ildə də ona "Dünən, bu gün, sabah" layihəsində Sofi Lorenlə işləmək nəsib olur.

Mastroyanni ilk dəfə 1946-cı ildə Flora Karabella ilə ailə həyatı qursa da o, əsl məhəbbətini Fransada tapır. Məhz orada aktrisa Katrin Denevlə evlənir və onların bir qızı dünyaya gəlir.

XX əsrin 70-80-ci illərində Mastroyanni əvvəlki illərə nisbətən daha çox filmdə çəkilir. Hər il onun iştirakı ilə bir neçə film kinoteatrlara çıxırdı. 1986-cı ildə isə o, Kann kinofestivalının mükafatını qazanır və "Oskar"a namizəd göstərilir.

M. Mastroyanni son kino rollarından birini 1994-cü ildə rejissor Robert Oltmanın "Yüksək dəb" filmində ifa etmişdi.

Marçello Mastroyanni 19 dekabr 1996-cı ildə Fransanın Paris şəhərində vəfat etmişdir.

Filmoqrafiya
Şirin həyat (film, 1960) / La Dolce Vita
Səkkiz yarım (film, 1963) / 8 ½
Dünən, bu gün, sabah (film, 1963) / Ieri, oggi, domani
Cincer və Fred (film, 1986) / Ginger E Fred


Tarix: 07.02.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Aktyorlar