Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mustafa Mərdanov

Mustafa Həşim oğlu Mərdanov (28 Fevral, 1894, Mərənd (Cənubi Azərbaycan)-12 Dekabr, 1968, Bakı). Aktyor. Rejissor Assistenti. Arxiv kadrlar.

O bütün ruhu, qəlbi ilə azərbaycanlı idi. Yaratdığı obrazların hər birində milli ruh hakimdir.Mündəricat
1 Həyatı
1.1 Teatr Fəaliyyəti
1.2 Kino Fəaliyyəti
2 Adlar və Mükafatlar
3 Filmoqrafiya
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər


Həyatı

Teatr Fəaliyyəti

Mustafa Həşım oğlu Mərdanov 1894-cü ildə Cənubi Azərbaycanda — Mərənddə dünyaya göz açmışdı. Amma o hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Tiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırmışdı. Buradakı kişi gimnaziyasına daxil olan gənc Mustafa teatra böyük maraq göstərirdi. Tiflisin müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışır. Ali təhsil almaq onun ən böyük arzusu idi. Ona görə də təhsilini davam etdirmək üçün Moskvaya, Dövlət Teatr Sənəti İnstitutuna gedir. Moskvanın məşhur sənət adamlarından sənətin sirlərini öyrənən aktyor 1924-cü ildə Bakıya gəlir və burada Azərbaycan Dövlət Dram Teatrında öz fəaliyyətini davam etdirir. Sənətdə qazandığı ilkin uğurlar onu daha da ruhlandırırdı. O, istəyirdi ki, Azərbaycanda da teatr sənəti yüksək inkişaf tapsın, burada da ən qiymətli əsərlər tamaşaya qoyulsun. Yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor onun sənəti üçün çox xarakterik olan cizgilər idi. O, obrazı sadəcə yaratmırdı, onunla yaşayırdı, nəfəs alırdı. Mustafa Mərdanovun hələ ilkin olaraq yaratdığı rollarda klassik ənənələr çox güclü idi. Onun ətrafında böyük sənətkarlar çalışırdı. Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrildi. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və onlarla sənət korifeylərindən öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırdı. "Hacı Qara"da Kərəməli, "Yağışdan Çıxdıq Yağmura Düşdük"- də Qəmbər, "Nadir Şah"da Ədhəm kimi rolları Tiflis teatrında yaradan aktyor, Bakı teatrında daha ciddi rollar oynamalı oldu.

O vaxtlar Mustafa müəllimin Xlestakovunu ("Müfəttiş") qəzetlər kifayət qədər tərifləyirdilər. Elə İmamverdi ("Sevil"), Luka ("Həyatın Dibində"), Şmaqa ("Günahsız Müqəssirlər"), Poloni ("Hamlet") və onlarla səhnə qəhrəmanları onun ifasında dəfələrlə dram teatrının səhnəsində tamaşaçı alqışları ilə qarşılanmışdır. Mustafa Mərdanovun teatr yaradıcılığı böyük bir dövrü əhatə edir. O, milli aktyorluq sənətimizi öz gəlişi ilə zənginləşdirdi, ona yeni rənglər, çalarlar gətirdi.

Mustafa Mərdanovun oynadığı tamaşalarda həmişə nikbin bir ruh hakim olurdu. Deyirlər ki, o teatra məşqə gələndə həmin gün çox xoş keçərdi. Çünki deyib-gülən, şən bir insan idi.

Kino Fəaliyyəti

Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə də çəkilməyə dəvət alırdı. Çünki onun aktyor plastikası, sifət cizgiləri, obrazı qavramaq bacarığı kino aktyoru üçün olduqca vacib idi.

Muzdur Qulu ("Bismillah (film, 1925)|Bismillah") onun kinoda ilk rolu idi. Bu film Abbas Mirzə Şərifzadənin ilk rejissor işi kimi çox qiymətlidir. Səssiz kinomuzun dəyərli nümunələrindən olan bu film 1925-ci ildə Bakı ekranlarına çıxarılmış və orada Mustafa Mərdanov da maraqlı rol ifa etmişdi. Bir il sonra isə ekranlarımızda Aleksandr Litvinovun "Müxtəlif Sahillərdə" ("Əlbəyaxa") filmi göstərildi. Aktyor bu filmdə Abbas rolunda çəkilib. Filmdə onun qəhrəmanı yerli mütəxəssisdir. Amerikadan dəvət olunmuş mütəxəssislərlə Abbasın tərəfdarları arasında baş verən münaqişə filmin əsasını təşkil edir. Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə "Hacı Qara" filmindəki Kərəməli oldu. Bu nökər obrazını o, çox istedadla ifa etmişdi.

Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. 1929-cu ildə çəkilən "Sevil" filmində aktyor Atakişinin rolunu ifa etdi. Atakişi rolu əslində çox mürəkkəb xarakterdir. Çünki o, çox ciddi psixoloji vəziyyətlərlə qarşılaşır, düşdüyü mühit, oğlu Balaşın azğınlığı onu sarsıdır. O, bütün vəziyyətlərdə obrazı təbii təqdim edir və tamaşaçı qəhrəmanın taleyinə həqiqətən acıyır.

Mustafa Mərdanov rollarında bəzən tamamilə başqalaşır. Məsələn, elə "Lətif" filmindəki qolçomaq əlaltısı Ələsgəri yada salmaq kifayətdir.

1932-ci ildə kinorejissor Nikolay Şengelaya "Azərfilm"də çəkdiyi "İyirmi Altı Komissar" filmində Mustafa Mərdanova menşevik rolunu vermişdi. Bu rol kiçik də olsa öz hərəkətləri, jestləri ilə yadda qalır.

Ümumiyyətlə, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində yaranmış əksər filmlərdə bu aktyora rollar verilirdi və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi. Digər menşevik rolunu isə o, "Bakılılar" filmində yaratmışdı.

Amma qardaşı, məşhur kinorejissor Səməd Mərdanovun "Kəndlilər" filmi Mustafa müəllimin yaradıcılığında yeni bir hadisə idi. Belə ki, o, filmdə iki rol yaradırdı. Bir-birinə zidd olan kəndli Təhməz və menşevik rolları aktyor sənəti baxımından olduqca təqdirəlayiqdir.

Mustafa Mərdanov, demək olar ki, hər il filmə çəkilirdi. "Kəndlilər"dən sonra 1940-cı ildə "Yeni Horizont" (trest müdiri) 1941-ci ildə "Səbuhi" (akademiya rəisi) filmlərində çəkilib. Bu rolları kiçik olsa belə tamaşaçı diqqətindən yayınmır.

Müharibə Azərbaycan kino sənətinin inkişafına öz təsirini göstərsə də, bu illərdə də filmlərimiz yaranmışdır. Çox təəəsüf ki, Mustafa müəllim bu illər çəkilən filmlərə dəvət olunmamışdır. O, yenidən 1955-ci ildə "Görüş" filmində çəkildi. Burada adi kolxozçu rolunu ifa edən aktyor, bir il sonra "Qara Daşlar"da Dəmirov kimi çox ciddi rolda görsəndi.

Bu böyük sənətkarın kinomuzda ən uğurlu rollarında biri "O Olmasın, Bu Olsun" filmindəki "intellegent" Həsən bəy oldu. Bu obraz Mustafa müəllimin yeni aktyorluq keyfiyyətlərini üzə çıxardı. O, filmdəki çox güclü aktyor ansamblı içərisində öz məxsusi ifa tərzi ilə seçilə bilir. Xüsusilə qonaqlıq səhnəsində Məşədi İbadla dialoqu tamaşaçıda xoş əhval-ruhiyyə doğurur. Aktyor filmdə tamamilə özgələşir, onun istedadlı ifası tamaşaçını, sözün əsl mənasında, heyrətləndirir. "Əhməd Haradadır?" filmində Məhəmməd kişi rolu Mustafa müəllimin yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri idi. Yalnız bundan sonra 1968-ci ildə biz onu "Qanun Naminə" filmində gördük. Murtuzov rolu ilə aktyor ömrünün son akkordlarını vurdu. Müstəntiq Murtuzov əslində yaramaz, öz peşəsinə xəyanət edən, min bir fırıldaqdan çıxan insandır. O, hər vəch ilə Mehmandan qisas almağa çalışır. Çünki bu rüşvətxor müstəntiqin əməllərinə Mehmanın gəlişi ilə son qoyulmuşdu. Mustafa Mərdanov bu rolu çox təbii yaradır, o, mənfi tip olsa da, tamaşaçının yadında qalır. Elə həmin ilin dekabrın 12-də Mustafa Mərdanov əbədi olaraq gözlərini yumdu. Bu böyük sənətkarın ölüm xəbəri onun minlərlə pərəstişkarını qəlbən sarsıtdı.

Onun uzun illik yaradıcı əməyi yüksək qiymətləndirilmiş, Azərbaycanın xalq artisti kimi yüksək fəxri ada layiq görülmüş, "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunmuşdur. "50 il Azərbaycan Səhnəsində Xatirələrim" kitabı 1959-cu ildə çap edilmişdir. Ölümündən sonra – 1973-cü ildə "Mənim Müasirlərim" xatirə kitabı nəşr edilib oxuculara çatdırılmışdır.

Mustafa müəllim bir neçə il Teatr Xadimləri İttifaqına rəhbərlik etmişdir.

Mustafa Mərdanovun bizə yadigar qalan film qəhrəmanları onun xatirəsini hələ uzun illər yaşadacaq.
Rejissor Səməd Mərdanovun qardaşıdır.

Adlar və Mükafatlar
Azərbaycan Xalq Artisti (1943)
"Qırmızı Əmək Bayrağı" Ordeni

Filmoqrafiya
Ağasadıq Gəraybəyli (film, 1974)
Azərbaycan teatrının ustaları (film, 1966)
Bakılılar (film, 1938)
Bəxtiyar (film, 1955)
Bismillah (film, 1925)
Əhməd haradadır? (film, 1963)
Əmək və qızılgül (film, 1962)
Fətəli xan (film, 1947)
Görüş (film, 1955)
Hacı Qara (film, 1929)
İyirmi altı komissar (film, 1933)
Kəndlilər (film, 1939)
Qanun naminə (film, 1968)
Qara daşlar (film, 1956)
Lətif (film, 1930)
Mətbuat fədaisi (film, 2007)
Müxtəlif sahillərdə (film, 1926)
O olmasın, bu olsun (film, 1956)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Romeo mənim qonşumdur (film, 1963)
Sevil (film, 1929)
Səbuhi (film, 1941)
Səhər (film, 1960)
Səhər (veriliş, 1995)
Vulkan üzərində ev (film, 1929)
Yeni horizont (film, 1940)


Tarix: 02.02.2013 / 15:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 520 Bölmə: Aktyorlar
loading...