beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas Mirzə Şərifzadə

Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (12 dekabr, 1893, Şamaxı-16 noyabr, 1938, Bakı) — Məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, film bədii rəhbəri və film montajçısı.

Aktyor sənətinin böyüklüyü bəlkə də ondadır ki, bu sənət sahibləri hamı kimi bir ömür deyil, bir neçə ömrün sahibi olurlar. Səhnə yaşantısı bu insanların həyatının mənasına çevrilir. Onlar səhnədə yaratmaq üçün yaşayırlar.

"Sənət qurban tələb edir" sözləri də məhz onların timsalında aforizmləşib.

Ancaq biz bu gün insan ömrünün itkisindən, qurbanlarından deyil, sözün böyük mənasında, sənətin itkisindən söz açacağıq. Söhbət Azərbaycan teatrının korifeyi Abbas Mirzə Şərifzadənin yarıda qalan ömür və yaradıcılıq yolundan gedir.Mündəricat
1 Adlar və Mükafatlar
2 Həyatı
2.1 Erkən Dövrlər
2.2 Səhnə və Kino Fəaliyyəti
2.3 Repressiya və Tale
3 Əlavələr
4 Filmoqrafiya
5 Şəkil
6 Həmçinin bax
7 İstinadlar
8 Xarici keçidlər


Adlar və Mükafatlar
Azərbaycan SSR Xalq Artisti (1935)

Həyatı

Erkən Dövrlər

Abbas Mirzə Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış.

Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib, Bakıya köçürlər.

Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd Tağının sayəsində tanış olub. Teatr sənətinə meyllənən Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayırmış. Günlərin birində də o, "Şəbeh" tamaşasında əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. Özü isə bu tamaşada Şümüru oynayırmış.

Ancaq Abbas Mirzə Şərifzadə ilk rolunun öhdəsindən gələ bilmir. Tamaşada cərəyan edən hadisələrin ən kuliminasiya nöqtəsində, əlində qılınc olan Şümür əsir qızın üstünə yeriyən anda, Abbas Mirzə qışqıra-qışqıra bir kənarda toplaşıb, bu səhnəyə baxan qadınların arasında olan anasının yanına qaçır. Dindarların mərasimini pozan 9 yaşlı uşağa camaat möhkəm qəzəblənir.

Abbas Mirzə 1903-cü ildə gimnaziyaya daxil olur. Məhz bu illərdə də səhnə ilə maraqlanmağa başlayır. Təbii ki, bu marağın dairəsi gimnaziya şagirdlərinin hazırladığı tədbirlərdən uzağa getmirdi.

Gimnaziyanın əlaçı şagirdlərindən biri sayılan Abbas bütün tədbirlərin gözü imiş. Heç bir tədbir onsuz ötüşmürmüş. Artıq Abbas rola girməkdən, neçə-neçə insanın ona diqqət kəsilməsindən xüsusi zövq aldığını hiss edirdi. Çox-çox sonralar o illəri xatırlayan aktyor həmişə bir hadisəni yada salarmış. Bu, o hadisədir ki, onu yalnız başlanğıc adlandırmaq olar. Gimnaziyaya yenicə daxil olan Abbas növbəti tədbirlərin birində müəlliminə yaxınlaşıb, şer demək istədiyini bildirir. Müəllim də özündə cəsarət tapıb, səhnəyə çıxmaq istəyən Abbasın sözünü yerə salmır. Abbas şəstlə səhnəyə çıxır, bir anlıq çaşsa da, tez özünü toplayıb, Lermontovun "Şairin Ölümü" şerini deyir.

"Şeri söyləyəndə elə bilirdim dilim ağzımda şişibdir. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şerin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm".

Beləliklə, atasının çinovnik, ya da ticarət işçisi görmək istədiyi Abbas mühitin həqarətlə yanaşdığı aktyorluq sənətinin sehrinə düşür. Nə qədər ziyalı, geniş dünyagörüşlü olsa da, dövrünün adamı olan Mirzə Rəsul oğlunun bu istəyini heç cür qəbul etmir. O, tez-tez oğluna mühitin aktyorluq sənətinə münasibətini xatırladır. Ancaq çifayda... Abbas nə atasının, nə də mühitin etirazına məhəl qoymayıb, özü kimi həvəskarlarla birgə tamaşalar hazırlamağa başlayır.

Səhnə və Kino Fəaliyyəti

Abbas Mirzə Şərifzadənin səhnə fəaliyyətinə gəlincə, o, ilk dəfə 1908-ci ildə Molyerin "Zorən Təbib" əsərində epizodik rolda oynayıb. Düz iki ildən sonra – 1910-cu ildə "Maarif" cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir neçə rolda çıxış edən Abbas Mirzə 1911-ci ildə, onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaradır. Bu, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar" faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi.

İlk uğuru Abbas Mirzədə arxayınçılıq yaratmır. Sənət axtarışlarını davam etdirən akytor bir neçə il ərzində Azərbaycanın sayılıb-seçilən səhnə ustaları sırasında özünəməxsus yer tutur.

Hacı Qara (film, 1929) filmindən kadr. Rejissor Abbas Mirzə Şərifzadədir.

Abbas Mirzə Şərifzadə sənətinin ecazkarlığına, qüdrətinə heyran kəsilərək, neçə-neçə teatr xadimi onun haqqında fikirlərini bölüşüblər.

Bu fikirlərin ən dəqiqi, ən dolğunu böyük dramaturqumuz Cəfər Cabbarlıya məxsusdur. "Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O özü-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında, iliyindədir.

Zatən məktəb sənətkar yetişdirmir. O, sənətkara öz təbii istedadını genişləndirməyi, onu necə işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bədii bir zövq vardır. O, bir sənətkar, yaradıcı bir talantdır". Bu istedadın sayəsində onun yaratdığı zəngin rol qalereyasında – Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur ağa, Səyavuş, Eyvaz, Dəli knyaz, Hamlet, İblis – ən üstün xüsusiyyət təbiilik və müxtəlifilik olub. Abbas roldan, rola nəinki dəyişib, o, səhnədə büsbütün özünü də unudub. Heç bir zaman səhnədə özünün – Abbas Mirzə Şərifzadə ömrünün sahibi olmayıb.

Abbas Mirzənin yaradıcılıq yolu yarıda qırılsa da, maraqlıdır ki, tale ona bir çox məqamda sürprizlər də bəxş edib. Onun yaradıcılığına nəzər salarkən, diqqət çəkən bir məqamın üzərində dayanmaya bilmirsən. Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb. Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanovun səhnələşdirdiyi bu tamaşa 1927-ci ildə Dram Teatrı səhnəsində qoyulub.

Və onun adı Azərbaycan teatr tarixinə yalnız aktyor kimi düşməyib. Təəssüf ki, o tamaşaların heç birinin lenti qorunub saxlanılmasa da, böyük sənətkar ilk rejissorlarımızdan biri sayılır. Belə ki, Abbas Mirzə "Şeyx Sənan", "Oqtay Eloğlu", "Aydın", "Ağa Məhəmməd Şah Qacar", "Qaçaq Kərəm" əsərlərini səhnələşdirib, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" operalarının quruluşçu rejissoru olub.

Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır. "Bismillah", "Hacı Qara", "Gilan Qızı", "Məhəbbət Oyunu" filmlərini çəkən Abbas Mirzə ilk kino rejissorumuz olub.

Repressiya və Tale

Bütün bunlar 1937-ci ilə qədər baş verib. Bu ildən etibarənsə, Abbas Mirzə Şərifzadənin ömür yoluna nəzər salmaq üçün yalnız 6453 saylı istintaq işinə baxmaq olar.

İstintaq işindən məlum olur ki, Abbas Mirzə Şərifzadə ömrünün son günlərini yalnız yalanlara, iftiralara cavab verməklə yaşayıb. TEATR isə ömrünün o biri sahilində qalıb.

Əslinə baxanda, istintaq işi yalnız iftiraların, minlərlə insanın faciəsinə qol qoyan dövrün eybəcərliyinin görküdür. Soyuq, qaranlıq zirzəmilərdə isə daha dəhşətli hadisələr baş verib. Ağlagəlməyən işgəncələr, təhqirlər son ucda isə QORXU, VAHİMƏ.

Abbas Mirzə 1937-ci ildə dekabrın 4-də öz evində həbs olunub. Onu həbs edərkən, evində ciddi axtarış aparılıb. Bir teatr qılıncı, iki teatr tapançası silah kimi müsadirə edilib.

"Əldə olunmuş məlumatlara görə, bir xarici dövlətin xeyrinə casusluq edib." – bu sətirlər Abbas Mirzə Şərifzadənin həbs olunması barədə tərtib olunan arayışdandır. "Əldə edilmiş Məlumatlar" isə ağlagəlməz işgəncələrdən sonra Ruhulla Axundovun verdiyi ifadədir. Ruhulla Axundov ifadəsində bildirib ki, o, əksinqilabi millətçi təşkilatına Milli Dram Teatrının direktoru Əli Kərimovu cəlb edib. Əli Kərimovsa öz növbəsində Abbas Mirzə Şərifzadəni təşkilatla tanış edib.

"Əldə edilmiş Məlumatlar" gözgörəsi əsassız idi, ən azı, bu ifadələr bir-birini təkzib edirdi. Belə ki, Ruhulla Axundovdan fərqli olaraq, Əli Kərimov sözügedən təşkilatla bağlılığından danışarkən, Abbas Mirzə Şərifzadənin adını hallandırmayıb. İsrarla dönə-dönə verilən bu suala rədd cavabı verib.

Maraqlıdır ki, Abbas Mirzə Şərifzadənin istintaq işində haqqında danışılan şəxslərin heç birinin ifadəsi yoxdur. Abbas Mirzə məsuliyyətə "İran dövlətinin xeyrinə casusluq etdiyinə görə" cəlb olunubmuş.

İstintaqın gedişatı zamanı da müstəntiqlər, əsasən, bunu sübut eləməyə çalışırlar. Və onun xarici ölkə səfirliklərilə əlaqələrini araşdırarkən, məlum olur ki, Abbas Mirzə Şərifzadə 1932-ci ildə Gəncədə olarkən, iki-üç dəfə orada fəaliyyət göstərən İran konsulxanasına gedib. İran konsulxanasının rəhbəri teatrı çox sevirmiş. Demək olar ki, hər axşam onların tamaşalarına baxmağa gəlirmiş. Və oyunlarına böyük maraqla baxdığı aktyorları hərdən qonaq çağırmağı da unutmurmuş. Abbas Mirzə Şərifzadə də məhz bu münasibətlə bir neçə dəfə İran səfirliyində olubmuş.

Məhəbbət oyunu (film, 1935) filmindən kadr. Rejissor və montaj edən Abbas Mirzə Şərifzadədir.

Çoxlu sayda ittihamlara məruz qalan Abbas Mirzə özünü yalnız ehtiyatsızlıq edərək, İran konsulxanasına ayaq basmaqda günahkar bilir.

O, ifşa olunmuş "xalq düşmənləri"lə yaxınlığına, siyasi görüşlərinə dair bütün ittahamlara isə birmənalı şəkildə "yox" deyir. "Ümumiyyətlə, mən teatrdan başqa bir şey bilmirəm" deyən sənətkar artıq "ifşa edilmiş" Hüseyn Cavidin, Mikayıl Müşfiqin əsərlərini təbliğ etməkdə günahlandırılır.

Abbas Mirzə bu ittihamları rədd edərək, bildirir ki, o, yalnız ona tapşırılan rolları oynayıb. Konsertlərdə və radio çıxışlarında mətni isə incəsənət komitəsi tərəfindən tərtib olunurmuş.

İşgəncələrə davam gətirərək, bütün ittihamlara, demək olar ki, "yox" cavabı verən, heç kim haqqında ifadəyə imza atmayan Abbas Mirzə yalnız şahid ifadələri əsasında günahkarlandırılıb. İstintaqın gedişatı zamanı onun işinə daha bir ittiham əlavə olunur: "Abbas Mirzə əksinqilabi burjua millətçi təşkilatının üzvüdür".

Məhbusun "dindirilmə" üsulu öz nəticəsini verir. Abbas Mirzə Şərifzadə İran dövlətinə casusluq etməsinə dair bəzi ittihamlarla razılaşır. Bu ittihamları təsdiqləmək üçün onunla üzləşdirilənlərin bəzilərinin sözlərini təsdiqləyir. Və 1938-ci il oktyabrın 19-da məhkəmə öz hökmünü verir: "Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!". Ancaq Şərifzadə haqqında çıxarılan bu hökm, təxminən, bir ay sonra – noyabrın 16-da yerinə yetirilir.

O dövrün mənbələri göstərir ki, bir qayda olaraq, belə hökmlərin icrası təxirə salınmırmış. Belə olan təqdirdə Abbas Mirzə Şərifzadə haqda çıxarılan hökmün niyə yerinə yetirilməməsinə gəlincə, aydın olur ki, ondan gələcək həbslərə rəvac verən ifadələrin alınmamasından narazı qalan istintaq qrupu daha çirkin bir oyuna əl atır. Haqqında onsuz da ölüm hökmü çıxarılan Abbas Mirzə ilə daha amansız rəftar edərək bildirirlər ki, bəzi ifadələrə qol atacağı təqdirdə onu güllələməyəcəklər. Abbas Mirzə Şərifzadədən alınan ifadələr əsasında həbs edilənlər qatı cinayətkarlar olub. İstintaq qrupunun ən müxtəlif vəzifələrində çalışan bu şəxslər günahsız insanları şərləmək üçün çirkin vasitələrə əl atanlardanmışlar.

Əlavələr
Abbas Mirzə Şərifzadənin kinoda ilk rolu Knyaz Dəmir Bulat (film, 1916)filmidir.
O "xalq düşməni" elan edildikdən sonra onun adı rejissoru olduğu Bismillah filminin titrlərindən vəhşicəsinə cırılıb çıxarılmışdır.
Aktrisa Mərziyyə Davudovanın həyat yoldaşıdır.
Aktrisa Firəngiz Şərifovanın atasıdır.

"Avrovijn-2011" beynəlxalq mahnı müsabiqəsində qalib gəlmiş Eldar Qasımov Abbas Mirzə Şərifzadənin nəticəsidir.

FilmoqrafiyaFilmin adıİlRejissorAktyorBədii rəhbərMontaj edənFilmin növü
Knyaz Dəmir Bulat1916Tammetrajlı Bədii Film
Azərbaycana Səyahət1924Sənədli Film
Bayquş1924XanTammetrajlı Bədii Film
Bismillah1925Tammetrajlı Bədii Film
Əvəz-Əvəzə1925Tammetrajlı Bədii Film
Şaxsey-Vaxsey1925Qısametrajlı Sənədli Film
Hacı Qara1929Tammetrajlı Bədii Film
Məhəbbət Oyunu1935Tammetrajlı Bədii Film
Abbas Mirzə Şərifzadəqısametrajlı sənədli televiziya filmi


Tarix: 31.01.2013 / 19:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 771 Bölmə: Aktyorlar