Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eddi Albert

Eddi Albert (ing. Eddie Albert) — ABŞ aktyoru.

Həyatı

Eddi Albert 22 aprel 1906-cı ildə əslən Almaniyadan olan emiqrant ailəsində anadan olmuşdur. Kiçik yaşlarında bu ailə Minnesotaya köçmüşdür. Birinci Dünya müharibəsi zamanı soyadı – Haymberger məktəbdə ona bəzi xoşagəlməzliklər yaşadıb. Yoldaşları ona düşmən kimi baxırdılar. 6 yaşında ikən qəzetpaylayan kimi işləsə də, artıq 14 yaşında isə Eddi teatr dərnəyinə yazılmışdır. Dərnəkdə onunla bir sinifdə gələcəkdə Enn Sotern kimi şöhrət qazanacaq aktrisa Harriett Leyk təhsil alırdı. 1924-cü ildə məktəbi bitirən Eddi, Minnesota ştatının universitetlərinin birində iqtisadiyyatı öyrənməyə başlayır. Lakin 1929-cu ilin birja iflasından sonra onun ixtisasına uyğun iş yeri tapılmadı. Məhz bu səbəbdən də Eddi təsadüfi işlərə qoşulmağa məcbur olur: gecə klublarında mahnı oxuyur, sirk artisti və sığorta agenti kimi çalışır.

1933-cü ildə o, Nyu-Yorka köçür. Eləcə də o, 30-cu illərdə Brodveydə teatr quruluşlarında iştirak etmişdir. Eddi Albert "Otaqlara xidmət" ("Room service") (1937-1938) və "Sirakuzlu oğlanlar" ("The Boys from Syracuse") (1938-1939) müzikllərində əsas rollarda çıxış etmişdir.

Eddi Albert 1936-cı ildə RCA telekampaniyasında ilk televiziya aktyorlarından biri olmuşdur. Elə həmin vaxt Eddi "Warner Brothers" kino şirkətindən təkliflər almağa başlayır. Onun kino fəaliyyətində debütü 1938-ci ildə çəkilmiş "Qardaş siçan" tammetrajlı ekran əsəri olmuşdur.

İkinci Dünya müharibəsi zamanı Eddi Albert ABŞ-ın dəniz piyada korpusunda xidmət etmişdir. O, Tarava atollunda gedən döyüşlərdə iştirak edib. Eddi hidrotəyyarə pilotu olaraq düşmən atəşləri altında 70-dən artıq yoldaşını xilas etmişdir. Bu qəhrəmanlığına görə o, Bürünc ulduzla təltif olunmuşdur. Eddi 1943-cü ildə leytenant rütbəsi ilə istefaya çıxmışdır. O, eləcə də İkinci Dünya müharibəsi haqqında lentə alınmış bir neçə sənədli filmdə də çəkilmişdir.

70 ilə yaxın sürən yaradıcılıq fəaliyyəti zamanı aktyor 150 filmdə, 90 serialda çəkilmişdir. O, iki dəfə "Oskar" kinomükafatına namizəd olmuşdur. Onlardan biri "Roma tətilləri" filmindəki roluna görə 1954-cü ildə, digəri isə "Qəlb qıran" filmindəki roluna görə 1973-cü ildə olmuşdur.

1956-cı ildə Eddi Albert "Çay mərasimi"ndə ifa etdiyi obraza görə "Qızıl qlobus" mükafatını almışdır. Bundan üç il əvvəl – 1953-cü ildə isə "Roma tətilləri" filmindəki fotoqraf İrvin obrazı ilə Ən yaxşı kişi roluna görə "BAFTA" mükafatı qazanmışdır.

Eddi Albert Hollivudun Şöhrət Xiyabanında (Hollivud bulvarı) 6441 nömrəsi altında ulduza malikdir.

Şəxsi həyatına gəlincə, E. Albert 1945-ci ildə meksikalı aktrisa Marqo ilə evlənmişdir. Bu ailə 1985-ci ildə Marqonun vəfatına qədər düz 40 il sürmüşdür. Onun oğlu kiçik Edvard Albert (1951-2006) də aktyor olmuşdur.

Eddi Albert 2005-ci ildə 99 yaşında sətəlcəm xəstəliyindən dünyasını dəyişmişdir.

Filmoqrafiya
Roma tətilləri (film, 1953) / Roman Holidays


Tarix: 30.01.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 401 Bölmə: Aktyorlar
loading...