Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazim Axundov

Axundov Nazim Fərrux oğlu (1924 - 1994) — ədəbiyyatşünas, professor.

Həyatı

Nazim Fərrux oğlu Axundov 1924-cü il iyun ayının 20-də Şuşa şəhərində müəllim və həkim ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Tərtər rayonunun Qazax kəndində almışdır.

1937-ci ildə Bakı Pedaqoji Məktəbinə daxil olan N. Axundov 1940-cı ildə oranı bitirir. N. Axundov 1940–1944-cü illərdə kənd məktəblərində müəllimlik etməklə yanaşı Azərbaycan Dövlət Pedaqoji institutunun qiyabi şöbəsində təhsilini davam etdirir. 1945-ci ildə isə həmin institutun aspiranturasına daxil olur. 1948-ci ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin elmi şurasında N. Axundov "Molla Nəsrəddin" jurnalının nəşri tarixinə aid tədqiqlər" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmlər namizədi adını alır.

N. Axundov 1948–1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

1950-ci ilin mart ayından 1952-ci ilə qədər Quba Pedaqoji İnstitutunun, 1953 – 1956-cı illərdə isə H. Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun direktoru işləmişdir. 1953-cü ildə Elmi- Tədqiqat Pedaqogika institutunda baş elmi işçi, 1958-ci ildən isə Azərbaycan Elmlər Akademiyası elmi kitabxanasının direktoru vəzifəsində çalışmışdır.

1961-ci ilin iyunundan N. Axundov Nizami adına Ədəbiyyat və Dil İnstitutunun dövri mətbuat və biblioqrafiya şöbəsinin müdiri işləmişdir. 1971-ci ildən N. Axundov "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifəsində çalışır.

N. Axundov 1966-cı ildə "Azərbaycan satira jurnalları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.

N. Axundov respublikanın görkəmli biblioqraflarındandar. Onun 100-dən artıq elmi-tənqidi və biblioqrafik məqalələri, broşüra və kitabları nəşr olunmuşdur. Onlardan "Molla Nəsrəddin" jurnalının nəşri tarixi (1959), "Azərbaycan satira jurnalları" (1968) adlı monoqrafiyaları, "M.Ə. Sabir" (1959), "Cəfər Cabbarlı" (1964), "Azərbaycan dövri mətbuatı" (1965), "Səməd Vurğun" (1965) biblioqrafiyalarını göstərmək olar.

N. Axundov bir çox kitabların tərtibatçısı, şərh və biblioqrafiyalarının müəllifidir.

1994-cü il martın 10-da Bakıda vəfat etmişdir.


Tarix: 17.01.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 530 Bölmə: Şairlər və Yazıçılar
loading...