beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fikrət Sadıq

Sadıqov Fikrət Abbas oğlu — şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990)

Həyatı

Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet Ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl edir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir (1974-1983). Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur (1961-1975).

Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur (1980).

Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunmuşdur. Hazırda Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyir (1975-ci ildən). Prezidentin fəxri təqaüdçüsüdür.
Yazıçı, ssenarist Orxan Fikrətoğlunun atasıdır.

Əsərləri
Cığır. Bakı: Gənclik, 1963, 48 səh.
Ömrün bir günü. Bakı: Azərnəşr, 1965, 44 səh.
Dəniz küçəmizə gəlir. Bakı: Gənclik, 1968, 100 səh.
Cırtdan hara getmişdir? Bakı: Gənclik, 1970, 32 səh.
Sevgi yağışı, B., Gənclik, 1970, 230 səh., 9.000 nüs.
Bala kirpi. Bakı: Gənclik, 1972, 10 səh.
İşığın yaşı. Bakı: Gənclik, 1974, 200 səh.
Göydə nə var. Bakı: Gənclik, 1978, 80 səh.
Ağ cığır. Bakı: Yazıçı, 1979, 156 səh.
Yerdən göyə ümid. Bakı: Yazıçı, 1981, 232 səh.
Göydən alma düşmədi. Bakı: Gənclik, 1982, 52 səh.
Məndən soruşsalar. Bakı: Yazıçı, 1985, 342 səh.
Gəlin yuyaq dənizi. Bakı: Gənclik, 1988, 52 səh.
Dünya öz işindədir. Bakı: Yazıçı, 1989, 182 səh.
Seçilmiş əsərlər. Bakı: Gənclik, 1991, 381 səh.
Sirli əlifba. Bakı: Ayna mətbu evi, 1998, 32 səh.
Bir parça vətən. Bakı: Şirvannəşr, 1998, 20 səh.
Ömrün birgünü. Bakı: Şirvannəşr, 2002, 20 səh.
Sərhəddə səhər. Bakı: "Bilik" nəşriyyatı, 2002, 20 səh.
Gözlədiyim ömür. Bakı: Şirvannəşr, 2003, 264 səh.
Taleyin acığına. Bakı: "Qapp-Poliqraf" nəşriyyatı, 2003, 420 səh.

Tərcümələri

(rus və türk dilindən)
S.Marşak. Axmaq siçan balasının nağılı. Bakı: Gənclik, 1971, 15 səh.
Tofiq Fikrət. Şərmin. Bakı: Gənclik, 1972, 27 səh.

Yaradıcılığı

Filmoqrafiya
Cırtdanın yeni sərgüzəşti (film, 1973)(cizgi filmi)
Fransa qəhrəmanı (film, 1975)
Naxçıvan-50 (film, 1975) (sənədli)
Süleyman Rüstəm (film, 1976) (sənədli)
İçəri Şəhər (sənədli)


Tarix: 15.01.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 571 Bölmə: Şairlər və Yazıçılar