beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Milli geyimlər

Azərbaycanın qədim tarixinin bir hissəsini milli geyimlər təşkil edir. Bu geyimlərdə xalqımızın maddi mədəniyyəti, xalq yaradıcılığının bədii xüsusiyyətləri, bədii bəzək əşyaları, toxuculuq və s. əks olunur. Təəssüflər olsun ki, bu gün milli geyimlərimiz unudulmaq təhlükəsi qarşısındadır. Təkcə milli geyim kimi deyil, həm də abır-həya simvolu kimi tanınan libaslarımızı unudulmaq təhlükəsindən qorumalıyıq.
XVII əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınan Şirvan bölgəsi Azərbaycanda ən iri ipəkçilik rayonu olmuşdur. Şamaxı, Basqal (İsmayıllı), Gəncə, Şəki rayonlarında, Şuşa şəhərində də ipək istehsalı geniş inkişaf etmişdir. Bu rayonlarda ipək parçadan bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. O vaxtlar tikilən milli geyimlərimizin forması paltar sahibinin ailə vəziyyətini və yaşını əks etdirərmiş. Subay qızların geyimlərı, ailəli qadınların geyimlərindən fərqlənərmiş. Tirmə, məxmər və bir neçə növ ipək parçadan tikilmiş qadın geyimləri bəzi xüsusiyyətlərinə görə müxtəlif cür adlanırmış:

Güləcə — astarlı olmaqla yanaşı, tirmədən, məxmərdən tikilirdi.

Baharı — ən çox məxmərdən tikilirdi.

Kürdü — tirmə, məxmər parçadan tikilərək, xəz dəri və sıx naxışlarla bəzədilirdi.

Eşmək — tirmə və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları xəz dəri ilə, qızılı şəbəkə torla bəzədilirdi.


milli kişi geyimiKişi geyimləri üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət olmuş, arxalıq ipək, atlas, kişmir, mahud, sətin parçalardan, qaba isə çiyinüstü üst geyim olmaqla tirmədən tikilirdi.

Milli geyim dəsti deyəndə, baş geyimləri və ayaqqabılar, zərgərlik məmulatları da nəzərdə tutulur. Cəlbedici, gözəl, rəngarəng olan qadın baş geyimlərinə kəlağayılar, çalmalar, ləçək, örpək, çadra və s. daxil idi. Bu geyimlərin geniş yayılan növlərindən biri də ipək kəlağayıdır. Yaşlı qadınlar açıq sarı-qəhvəyi, açıq mavi rəngli kəlağayı örtər, özü də bu kəlağayıları müxtəlif cür bağlayardılar. Əslində qadın papağı adlanan təsəyin naxışlarının növünə görə müxtəlif adları mövcuddur: mirvari papaq, qızıl papaq, ay-ulduz. Təsək saçların düzümünü qorusa da, əsasən üstdən bağlanan ipək yaylıq sürüşməsin deyə qoyulurdu. Həm təsək, həm də yaylıqların üzərinə mirvari, möhürlənmiş fiqurşəkilli qızıl mişanlar düzür və ya qızılı tikməli naxışla bəzəyirdilər. Yaşlı qadınlar təsəyin kənarlarını çox vaxt bafta və ya güləbətinlə bəzəyirdilər. Təsəyin üstündən ipək, yaxud pambıq yaylığın bir ucunu sallayıb, digər uclarını arxada düyünləyirdilər.

Qadın geyiminin elementlərindən biri də baş sarğısı — çutqu olmuşdur. Çutqu qara, tünd göy sətin, atlas, çitdən, hər iki tərəfi açıq, ensiz örtü şəklində tikilirdi. Çutqunu başa lent şəklində bağlayırdılar. Çutqu bağlamaq ev və çöl işləri görmək üçün daha rahat sayılırdı. Çutqu həm də gigiyenik cəhətdən də əhəmiyyətli idi. Çutqunun üzərindən, yaylıq və ya ipək, pambıq örtüklər örtürdülər. Azərbaycanda çutqu əsasən XX əsrin 40-ci illərinədək mövcud olmuşdur.

Türban — əmmamə (çalma növü). Azərbaycanda ağ türban geniş yayılmışdı. Ali ruhani təbəqəsi yaşıl əmmamə geyirdi.

XIX-XX əsrin əvvəllərində Azərbaycanda kişi və qadın ayaqqabılarının bir neçə növü mövcud olmuşdur. Azərbaycanlılar, xüsusən kəndlilər arasında ən çox yayılmış ayaqqabı növü — çarıqlar iribuynuzlu qaramalın dərisindən, ya da daha mükəmməl üsulla emal olunmuş dəridən — aşılanmış göndən tikilirdi. Sonuncular daha bahalı idi və onları varlı kəndlilər, xam dəridən hazırlananları isə kasıblar geyinirdi. Çarıqları yun corabların və ya pambıq parçadan dolamaların (patava, dolaq) üzərindən geyirdilər.

Təkburun, şirazı, qızqaytaran, şatırı, quşburun, şirvani, kalmani, şirmai və s. çarıq növləri olmuşdur. Çarıqlar iki növ bağla bağlanırdı: hörmə yun (toxunma bağ), ya da əyirilmiş (eşmə) bağla. Hər birinin uzunluğu corabların tipindən asılı olaraq, 130-150 sm-ə çatırdı. Əgər corab dizə qədər geyilirdisə, onda uzun bağdan istifadə olunurdu.

Digər ayaqqabı növü yüngül çust (mexs) idi ki, onları çox vaxt qara tumacdan tikirdilər. Hər iki cinsin nümayəndələri üçün, xüsusən şəhərlərdə ən çox yayılmış ayaqqabı növü dabanlı (pollu başmaq, məxməri başmaq), arxa hissəsi olmayan, dik burunlu dəri başmaqlar idi. Onları şəhərlərdə çəkməçilərə sifariş verirdilər. İrandan gətirilən tumac, məxmər və ya dəridən tikilmiş başmaqları həm kişi (mərdənə başmaq), həm də qadın (zənanə başmaq) geyirdi.

Bakı və Abşeronda kişilər dabansız yüngül yay çustları geyirdilər. Dübəndi adlanan bu ayaqqabılar meşindən tikilirdi. Onlar iki iplə bağlanır və gündəlik ayaqqabı hesab olunurdu.

XIX əsrin sonu — XX əsrin əvvəlində yerli ayaqqabı Avropadan gələn növlərlə sıxışdırıldığından XIX əsrin sonunda çəkməçilərin sayı kəskin surətdə azaldı.

Milli ayaqqabının əsas elementlərindən biri (həm kişilərdə, həm qadınlarda) naxışlı yun və pambıq corablar idi. Azərbaycanda elə bir yer yox idi ki, orada corab geyinməsinlər. Corabları qadınlar toxuyurdu, bunun üçün həm qoyun, həm də dəvə yunundan istifadə edirdilər. Soyuq zonada uzunboğaz, mülayim iqlimi olan yerlərdə isə qısaboğaz corablar toxunurdu. Corablar həm adi, həm də təntənəli günlər üçün nəzərdə tutulurdu. Bəzəkli corablar satışa çıxarılırdı, onları kənd təsərrüfatı məhsullarına da dəyişirdilər. Qarabağda xalça ornamenti ilə toxunan corablar “gəbə corabı” adlanırdı. Gəlinin cehizinə daxil olan corabların gözəlliyinə xüsusi diqqət yetirirdilər. Ən yaxşı corab nümunələri nəsildən-nəslə keçirdi. Kişi corablarından fərqli olaraq, qadın corabları, adətən, parlaq, gözəl və mürəkkəb rəsmlər, dolğun rəng ahəngi ilə zəngin idi. Əksər hallarda, kişi corabları sadə naxışlı, ağ, qara və s. olurdu. Corabların regionlar üzrə müxtəlif növləri mövcud olsa da, toxunma üsulları bir-birindən seçilmirdi, yalnız naxış fərqlənirdi.


Tarix: 10.12.2014 / 10:52 Müəllif: Aziza Baxılıb: 215 Bölmə: Ümumi Melumat