Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq tərbiyəsi: döyək, yoxsa öyək? - MÜTƏXƏSSİS RƏYİ

Ata: "Uşaqlarımız küçədə oynamalıdır”.

Ana : "Yox, küçələr təhlükəlidir”.

Ata: "Mən onları başa salacam özlərini təhlükədən qorusunlar”

Bir müddətlik söhbətdən sonra ata uşaqların küçəyə hazır olduğunu düşünür. Buna inanmayan ana uşaqlardan küçədə onlara kimsə oyuncaq verərsə onunla gedərsinizmi, deyə soruşur. Uşaqlar böyük sevinclə "hə” cavabı verirlər. Beləliklə, ailə uşaqlarını küçəyə buraxmamağı qərara alır. Əlbəttə, bu tam-düzgün qərar hesab olunmasa da, başqa yol da görünmür. Lakin bu nümunə həm də ailələrin uşaqlarını necə tərbiyə etməsini, onları cəmiyyətə necə hazırlaması kimi məsələləri gündəmə gətirir. Xüsusən də, cəmiyyətimizdə olan uşaq tərbiyə metodları məhdudiyyətlər üzərində qurulub. Biz uşaqlara sadəcə olmazları başa salır, "niyə olmaz”ı izah etmirik. Nəticədə, valideyn olmadığı zamanda məhdudiyyətsiz mühitə düşən uşaq nə edəcəyini bilmir, yolunu azır. Əgər düşünürsünüzsə ki, vaxtınız çoxdur və uşaq böyüyəndə məhdudiyyətlərin səbəbini açıqlayacaqsız, yanılırsız. Biz belə düşünərkən nəzarətdən kənar qalan kimi onlar ya dərman içir, ya qaynar suyu üzərlərinə dağıdır, ya əllərini ət maşınına salır və ciddi xəsarətlər alırlar. Əlbəttə, problemlər bununla bitmir. Uşaqlar böyüdükcə problemləri də böyüyür. Bu gün nəzarətdən kənar qalanda dərman içənin sabah siqaret və ya narkotikə meyl etməyəcəyinə heç kim təminat verə bilmir. Buna görə də, bir daha uşaq tərbiyəsində nələrə diqqət etməli olduğumuzu düşünməliyik. "Zorakılığa məruz qalmış uşaqlar və gənclərin sosial reabilitasiya mərkəzi”nin psixoloqu Elnarə Hüseynova valideynlərin hər an uşağın yanında ola bilməyəcəklərini dərk etməli olduğunu bildirdi. Buna görə də hətta cəza verərkən də nələrə diqqət etməli olduğumuzdan da danışdı. "Sərhədlər, məhdudiyyətlər elə qoyulmalıdır ki, valideyn olmayanda belə onlar necə davranmalı olduqlarını anlasın. Valideynlər tapşırıqlarını etməyən uşağa müəyyən cəzalar verirlər. Lakin cəza elə verilməlidir ki, ona psixi cəhətdən zərər verməsin, həm də onun xeyrinə olsun. Bəzən uşaqlar valideynin xoşuna gəlməyən hərəkət edəndə, adətən, uşaqları ya yeməkdən məhrum edir, ya da fiziki cəza verir. Əslində isə bu zaman uşaq təqsirini anlamır, əksinə daha aqressiv olur. Sonradan bu aqressiya valideynə qarşı yönəlir”. Psixoloq bildirdi ki, çox zaman övladına vaxt ayırmayan, ona doğrunu, yanlışı düzgün başa salmayan valideyn ondan hər şeyi yerində etməyi tələb edir. "Onların övladlarına yetərincə vaxt ayırmamasının bir səbəbi onların işləməsidirsə, ikinci səbəb valideynlik bacarıqlarına düzgün yiyələnməmələri ilə bağlıdır. Bu da erkən nikah, özünün vaxtında düzgün tərbiyə almaması ilə əlaqəlidir, Psixoloji problemləri, zərərli vərdişləri olan valideynlər daha çox fiziki cəzalar verir, ümumiyyətlə isə uşaq tərbiyəsi metodlarından xəbərsiz olurlar”. O həmçinin bildirdi ki, fiziki cəzalar verilən uşaqlar daha aqressiv, özünə qapanan, depressiya, intihara meylli olur.
Əgər uşaq dərs oxumur, ətrafa qarşı aqressivdirsə, onunla söhbət edib bu cür davranışın səbəblərini anlamağa çalışmaq lazımdır. Bunları bilmək üçün də insanlar ailə qurmağa hazır olmalıdırlar. Şərt deyil ki, onlar mütəxəssislər qədər ailə psixologiyasından anlasınlar, heç olmasa elementar səviyyədə bu barədə nələrisə bilməlidirlər.

Ailə həyatından xəbərsiz

Psixoloqun da qeyd etdiyi kimi valideynlərin uşaqlara qarşı aqressiv davranışı isə onların çox zaman uşaq tərbiyəsinə hazır olmaması ilə bağlıdır. Ailə quran gənclərin çox az bir qismi uşaq tərbiyəsi barədə məlumatı olur. Əlbəttə, bunlar da yaxınlarında gördükləri tərbiyə üsullarıdır ki, onların da çoxu fiziki cəzalar üzərinə qurulur. Inkişaf etmiş ölkələrdə valideyn olmağa hazırlaşan gənclər psixoloqlara müraciət edərək qarşılaşacaqları problemlər zamanı hansı reaksiya verməli olduqlarını öyrənirlər. Əlbəttə, hər şeyi proqnozlaşdırmaq mümkün deyil. Demək olmaz ki, psixoloqa müraciət edənlər problem yaşamayacaq, sadəcə bununla həll yolunu daha asan tapa bilərlər. Psixoloq isə, gənclərin valideynliyə hazır olmamasının bir çox səbəblərini göstərdi.
"Əlbəttə, qanunla 18 yaş ailə qurmaq üçün normal hesab olunur. Lakin hər kəs bu yaşda ailə qurmağa hazır olmur. Ola bilər ki, onun psixoloji yaşı aşağıdır, uşaq tərbiyə etmək, ailə qayğısı çəkmək, sosial, iqtisadi problemləri həll etmək üçün yetişməyib. Valideynlər uşaqlarının ailə qurmaq üçün hazır olduqlarını düşünməkdənsə, onların da fikirlərini öyrənməlidirlər.
Çox təəssüf ki, bizdə ailə qurmadan öncə psixoloqa müraciət etmək kimi bir vərdiş yoxdur. Psixoloqa müraciət etməsələr də, valideynlər, xüsusən qızlarla söhbət edib, ailə həyatı barədə nəyi bilib bilmədiyini aydınlaşdırmalıdır”.

Özü uşaq valideynlər

Psixoloq 18 yaşlı gənclərin bəzən ailə həyatına hazır olmadığını bildirsə də, bu gün daha aşağı yaşlarda ailə quranlar da var. 15-16 yaşlı biri uşağa hansı tərbiyəni verə bilər? Psixoloq da uşaq tərbiyəsindəki qüsurlardan birinin də erkən nikahlarla bağlı olduğunu bildirdi. "Erkən nikahlarda isə, vəziyyət daha təhlükəlidir. Özü uşaq olan, uşaqlığını yaşamayan biri necə uşaq tərbiyə edə bilər? Çünki valideyn olaraq o, uşağın davranışına nəzarət edib, gigiyenası ilə maraqlanmalı, qida rejiminə fikir verməli, eyni zamanda evin digər işləri ilə məşğul olmalıdır. Insanın hansı yaşda ailə qurmağa hazır olduğunu yoxlamaq üçün xüsusi nəzarət sistemi olmadığına görə, psixoloqa müraciət etmək ən optimal variantdır. Necə ki, tibbi müayinədən keçmək tələb olunur, eyni zamanda psixoloqdan da keçməlidir. Çünki kor-koranə ailə quran biri də normal uşaq tərbiyə edə bilməyəcək. Valideynlər arasındakı münasibətlərin normal olması da uşaq tərbiyəsinə təsir edir. Çünki həyat yoldaşından aqressiya görən biri bunu övladına yönləndirir. Gənclər ailə qurmadan öncə uşaq tərbiyəsi, onların tələbatları barədə məlumatlı olub, öz istəkləri, tələbatları ilə bunları uyğunlaşdırmalıdır. Bundan başqa övlad tərbiyəsində ata və ananın məsuliyyəti də bərabərdir. Atanın tərbiyəsini görməyən uşaqlarda kişi obrazı formalaşmır, oğlanlarda orientasiya pozğunluğu, qızlarda isə ailə qurmamaq düşüncəsi yarana bilər”.


Uşaqlarınızı tanıyın


Yazının əvvəlində qeyd etdiyim kimi, bu gün valideynlər uşaqlarına məhdudiyyətlər qoymaq məcburiyyətində qalırlar. Küçələrin, internet klubların real təhlükə olduğunu əsas gətirən valideynlər, övladlarını nəzarətdən kənarda saxlamaq istəmirlər. Lakin psixoloq valideynlərin övladlarını yaxşı tanımalarını və onları normal həyata hazırlamalarını bildirdi. "Valideynlər günlərinin əksər hissəsini işdə keçirdiklərinə görə, uşaqlara vaxt ayırmırlar. Ancaq uşaqların evdə, bağçada olmasından asılı olmayaraq valideynlər daim onlara nəzarət etməlidirlər. Uşaqlarının nəyi bacardığı barədə məlumatlı olmalıdır, bu barədə, məktəb psixoloqları, müəllimləri ilə də söhbətlər aparmalıdır. Valideynlər həm də anlamalıdırlar ki, hər zaman övladlarının yanında ola bilməzlər, buna görə də onları sərbəst həyata da hazırlamalıdırlar. Elə münasibət qurmalıdırlar ki, uşaq problem yaşayanda ilk öncə bunu valideyni ilə bölüşsün. Əgər valideyn uşağını yaxşı tanıyırsa, onu sərbəst buraxarkən daha rahat olur. Yox əgər vaxtında düzgün tərbiyə verməyibsə, tərbiyədə müəyyən boşluqlar buraxıblarsa, onlar övladlarını sərbəst buraxarkən həyəcanlanırlar. Çox vaxt da həmin valideynlər uşaqları daim nəzarətdə saxlayır. Lakin dərk etməlidirlər ki, nə qədər təhlükəli olsa da, uşaqlar bir gün küçəyə sərbəst çıxacaqlar, işlərini müstəqil həll etməli olacaqlar. Bunun üçün də çatışmazlıqları görüb aradan qaldırmağa çalışmaq lazımdır”.

Sən də belə olmaq istəyirsən?

Psixoloq həmçinin məhdudiyyətlər qoyarkən belə onu başa salaraq etməli olduğumuzu bildirdi. "Doğru və yanlışları izah edərkən onun yerinə qərar verməməliyik. Seçimi uşağa verməliyik. Lakin bunların əksini müşahidə edirik. Məsələn, uşaq internet kluba gedirsə, valideyn buna birmənalı olaraq qarşı çıxır. Qadağan etməkdənsə ona izah edilməlidir. Öncəliklə uşaqla elə əlaqə qurulmalıdır ki, o görüşdüyü insanlar, getdiyi yerlərdə gördükləri barədə danışsın, sonra isə ona izah edilməlidir ki, "sənin getdiyin internet klubda siqaret çəkilir, yaxşı sözlər danışılmır. Daha sonra ona izah edilməlidir ki, insanlar uzun müddət bir yerdə olanda davranışları eyniləşir. Sən də mi onun kimi olmaq istəyirsən?” Bundan başqa əgər uşaqlarınızın düzgün dost seçmədiyini düşünürsünüzsə, bunu birbaşa deməyin. Onun davranışlarını övladınızla müzakirə edin və onun düzgün qərar verməsinə kömək edin. Əlbəttə, normal tərbiyə verilmiş uşaq düzgün qərar verə biləcək. Bildiyiniz təhlükələr barədə uşaqların da oxumasına və onunla müzakirə etməyə çalışın”.


Tarix: 06.01.2015 / 13:44 Müəllif: Aziza Baxılıb: 155 Bölmə: Uşaqlara tərbiyyə
loading...