Sentyabr qabağı valideynlər övladları ilə birlikdə məktəbə hazırlaşırlar. Xüsusən 1-ci sinifə gedirsə bu hazırlıq daha fərqli və daha gərgin tempdə gedir. Təzə kitab, qələm, çanta, geyim və s. alınır. Uşaqlar isə məktəbə getmək üçün həvəslə sentyabrın 15-ni gözləyir. Vaxt gəlib çatır, məktəbə gedir və hər şeyin düşündüyü kimi olmadığını görür. Evdə 10:00-da hətta daha gec oyanan uşaq indi isə 07:00-da durmalı, saatlarla oyuncaqları ilə oynayan uşaq indi 45 dəqiqə oynamadan müəllimini dinləməli, çətin proses olan düzgün yazmağı öyrənməlidir. Üstəlik bu prosesdə valideynləri yanında olmayacaq, onu qapıda müəlliminə verib gedəcək. Müəllimi isə 20 hətta daha çox uşağa diqqət göstərdiyi üçün ona tam - valideynləri kimi (nazın çəkə bilmir) diqqət göstərə bilmir. Bu dəhşətli görünən sistemə tab gətirə bilməyib mənasız ağlamalarla və ya məktəbə getmək istəməməklə öz etirazını bildirir. Bu zaman məktəb fobiyası üzə çıxır - qarnı ağrayır, ürəyi bulanır, tez-tez tualetə gedir, hətta qızdırması qalxır. Valideynlər isə bunun ya bəhanə olduğun düşünüb övladını məcburən məktəbə ağlaya-ağlaya göndərir ya da mədə-bağırsaq həkiminə göstərərək mədəsində problem olduğunu düşünür. Bu çətin dönəmdə balacanın psixoloji durumu heç yada da düşmür. Uşaq ancaq bir fikrə konsentrə olur - MƏKTƏB GƏLDİ, ANAM-ATAM GETDİ. Məktəb olmasa idi mən yenə evimdə "sultan” idim. Dünya sistemində uşaqların məktəbə hazırlığı 3 yaşından etibarən başlanır. İlk öncələr pedaqoji (3-4 yaş) hazırlığı, sonra əlavə olaraq psixoloji (4-5 yaş), sonda isə təlim-təhsilə hazırlıq mərhələsi də (5-6 yaş) əlavə olunur. Uşaqlarda yalnız pedaqoji hazırlıq (saymağı və şeri bilməsi, sadə riyazi hesablamaları, əlavə dili, hərifləri tanıması ) heç də məktəbə hazırlığı demək deyil. Məktəbə hazırlıq sistemi mütləq pedaqoq, psixoloq, loqoped, həkim tərəfindən kompleks şəkildə aparılmalıdır. Məktəbəqədər yaş dövründə uşaqların ağız aparatınının dəyişilməsi ələlxüsus dişlərin çıxması uşaqlarda müxtəlif səslərin tələffüzünə maneə törədir. Bu da ünsiyyət zamanı öz təsirini göstərir. Uşağın pedaqoji hazırlığı olsa da psixoloji hazırlığının tam olmaması, məsələn, şeri gözəl bilib hətta evdə ailə üzvlərinə danışıb müəllimə söyləyə bilməməsi bu səbəbdən yaranmış problemdir. Həkimlə birlikdə öncədən tənzimlənən yuxu və qida rejimi də uşaqların məktəbə tez adaptasiya olmasına yardımçı olur. Valideyn uşağının gigiyenik sağlamlığına önəm verdiyi qədər psixoloji sağlamlığına da diqqət etməlidir. Müəssisənin yemək şəraitinə, yataq otağına, təmizliyə önəm verdiyi qədər mütəxəssilərin də peşəkarlığına önəm verməlidir.
Əziz valideynlər, bu gün uşağınızın nə yeyəcəyini düşündüyünüz kimi nə öyrənəcəyinə də xüsusi diqqət edin! Bu uzun və səbr tələb edən şərəfli vəzifədə sizə bolluca uğurlar arzulayıram. Uşaqlarımız üçün məktəb gələcək həyatında ən önəmli yeri tutur.
Tarix: 06.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Uşaqlara tərbiyyə