TƏLƏDƏ
Axır zamanlar təsadüfən elə adamlarla rastlaşıram ki, bir az da keçsəydi onların surətini beynimin xəzinəsindən çıxaranda kimliklərini dəqiqləşdirmək müşkülləşəcəkdi. Tələbə yoldaşım Məmmədisə görən kimi tanıdım, daha doğrusu, o, birinci gördü məni, maşını saxlayıb xoş-beş elədi. Düzdü, köntöy, ərkyana danışdığından əvvəlcə özümü itirdim. Maşından düşüb belimi qucaqlayandasa- zalımda fil gücü varmış, ayaqlarımı yerdən üzdü – şəraitə uyğunlaşıb çar-naçar sövq-təbii gülümsündüm.
- Tanımadın məni, professor? – Məmməd sakitliyimdən təəccüblənib çəkingənliklə soruşdu.
- Nöş tanımadım. Qəmginsən də… – onu nigarançılıqdan qurtardım… – Səni tanımayana lənət!
Rəng-ruhu açıldı:
- Dayanacaqda xeyir ola, piyadasan? – inamsız-inamsız xəbər aldı.
Ömrümdə maşın sürməsəm də nədənsə düzünü demədim:
- Maşınım təmirdədi.
- Otur aparım, – səsində xahişdən, ricadan-filandan əsər-əlamət duyulmurdu, əksinə amiranəlik, hökm, hikkə ahənginə hakim kəsilmişdi. Beləsinə etiraz elməyin mənası yoxdu, günün günorta çağı basmarlayar adamı maşina. Ən salamatı üzüsulu razılaşmaqdı. Görək dalısınca başımıza nə gəlir…
Amma tələbəlik illərində yaman üzüyola, həm də zarafatcıl, üzügülərdi. O vaxt şeir-zad da yazırdı, şeirləri institut qəzetində çap da olunmuşdu, üstəlik təxəllüs də götürmüşdü: Qəmgin. Tələbə yoldaşları da onu Məmməd yox, elə Qəmgin çağırırdılar. İnstitutu bitirəndən bir-iki dəfə görmüşdüm onu, ancaq eşitmişdim ki, təbabətin daşını atıb, çiyinlərində paqon gəzdirir, necə deyərlər, bizi qoruyur, asayiş keşikçisidi. Hərənin öz yolu, öz taleyi, öz alın yazısı var, dərinə gedəndə mən də təbabətdən uzaqlaşmışam, intəhası, tibbə qohum sahəylə əlaqəliyəm, burası bir qırağa, lakin adam uzun müddət görmədiyi yaşıdıyla rastlaşanda onun sir-sifətinə baxıb öz payını götürür. Güzgüdən də dəqiq effekt alınır belədə. Açıq-aşkar görürsən ki, zaman öz işindədi. Başlayırsan için-için öz gününə ağlamağa. Nə qalıb ki, bu dünya ilə aramızda? Bəs sonra? Bütün hay-küy, qıy-qışqırıq, dedi-qodu nəyə gərək? Çiyinlərində nə gəzdirirsən gəzdir, əcəldən qaça bilməyəcəksən. Qərəz, içimdə ağlayıb-ağlayıb qəfil ayıldım ki, Məmmədə evin ünvanını deməmişəm. Bayaqdan robot kimi danışıram onunla. İçimdə öz-özümdə höcətləşirəm, çölümdəsə avtomatik olaraq müsahibimlə söhbətləşirəm və söhbətin nədən getdiyini kəsdirmirəm, ip qırılıb, narahatam, çünki gəldiyimiz yer yaşadığım evdən çox uzaqdı.
- Ay Məmməd, – soruşuram çaşqın-çaşqın. – Hara aparırsan məni?
- Dinmə, dinmə, qadan adım, çatırıq, gedək bir yerə sakitcə dərdləşək. Gör neçə müddətdi görüşmürük, – Məmməd siqaret yandırdı, qanacaqsızlığından mənə təklif eləmədi, əşi, cəhənnəmə ki, onsuz da çəkən deyildim. – Allah adamıyam mən, bu gün-sabah sənin yanına gələcəkdim, özün çıxdın qarşıma, – siqaretdən dərin bir qüllab vurub səsini yavaşıtdı. – Nə gizlədim e, özgəsi-zad deyilsən ki, işim düşüb sənə… – qısaca ara verdi. – Gərək mənə kömək eləyəsən. Tələyə düşmüşəm.
Anladım ki, yaxamı asanlıqla qurtara bilməyəcəm. Həm də tələ məsələsi məni cəlb elədiyindən dinmədim. Nəyə razılaşdığımı ağdıma gətirməyib taleyin axarıyla üzürdüm. Yox, üzmürdüm, elə mən də axırdım. Üzməyə halım yoxdu. Lapdan bütün varlığımı laqeydlik, biganəlik bürümüşdü. Daha hara gəldi gedərdim. Bir şərtlə ki, axşam evə qayıdım. Axşamasa xeyli vardı.
***
Xudmani bir yerdə keçmişi xatırlaya-xatırlaya bir-birimizin sağlığına badə qaldırandan sonra süfrəyə çay dəstgahı gələndə mən ətrafa göz gəzdirdim. Nədənsə bütün stollar boş idi. Musiqiçilər də bekar-bekar əsnəyirdilər.
Gözü məndəydi, tez dilləndi.
- Oynamaq istəyirsən?
Gülümsünüb:
- Yox, – dedim. – Bizim atılıb-düşən vaxtımız ötüşüb… İndi səhərlər bir az əl-qol atıb idman eləyəndə ürəyim şıltaq-şıltaq barmağını silkələyir ki, bəsdi, ağır otur, batman gəl…
- Deyirəm allahın işinə bax, sabah yanına gələcəkdim, bu gün qarşıma çıxdın. Nə deyirlər buna sizin dildə?
Çiyinlərimi çəkdim:
- Bizim ayrı dilimiz var ki?
Alnını ovuşdurdu:
- Əşi yox e, telestudi… e… telepatiya… – tapıntısından sevindi. – Respublika psixiatrlarının dədəsi… Mənim dostum, əzizim, can-ciyərim… Hər şeyin təzəsi, dostun köhnəsi… Yaşa dolduqca annıyırsan ki, bəd ayaqda yenə köhnə dost verər sinəsini qabağa…
- Xeyir ola, sözlü adama oxşayırsan. İşdən-zaddan çıxardıb eləməyibəlr ki, səni?..
- Allah eləməsin, ağzını xeyirliyə aç…
- Onda mən heç nə qanmıram…
- Hardan qanacaqsan, heç nə danışmamışam axı… Sən səbrini bas, məni dinlə , sonra görək başımıza nə çarə qılırıq.
Mən diqqət kəsiləndə o, armudu stəkandakı çaydan bir qurtum alıb stəkanı nəlbəkiyə qoydu və xırıltılı, yanıqlı səslə:
- Tələyə düşmüşəm, – dedi. – Tələdəyəm….
***
- Əzizim, canım-gözüm səni deyib gəlmişəm, ancaq sən bacararsan, sən baş çıxara bilərsən bu həngamədən. Ona gbrə mənim iş yerimə gəlib əlimdən tutmalısan. Özü də mənim işçim kimi… Düzdü, sir-sifətdən tanınırsan, televiziya kanallarında tez-tez görünürsən. Amma kimdi buna fikir verən, kimin ağlına gələr? Hə, razısan, ya yox? – boşqabdakı qoz ləpəsini ağzına atdı. – Heç olmasa bir-iki saatlığa. Qoy o arvadı başımdan eləyim, sənin də xəcalətindən çıxaram…
- Hansı arvadı? Bir yerli-yataqlı danış görüm… Bəlkə sənin işinə-filana getməyə ehtiyac olmadı, məsləhətimi elə burdan verdim, – bəri başdan özümü sığortaladım. Toqqanın altını bərkidib sərin araqdan vurandan sonra çay, ləbləbi adama ləzzət eləyir, daha müsahibin kim olur-olsun, nə çərənləyir-çərənləsin kefini poza bilməz. Üstəlik içəridəki cənnət sərinliyi. Xarici kondinsionerlər səssiz-küysüz işləyirdi, cəhənnəm istisini bir andaca adamın canından çıxarıb xumarlandırırdı. Düzdü, xumarlanma işində arağın rolu kondisionerinkindən qat-qat çoxdu. Məcazi düşünəndə Məmmədin danışacaqlarını laylaya, yatağın başında deyilən həzin şerə, kövrək nəğməyə də bənzətmək mümkündü. Səsi xırıldasa da dəxli yoxdu, atalar demişkən: «Hər gözəlin bir eybi olar…» Əsas onun danışacaqlarından nə isə qavrayıb aradan çıxmaq üçün, canımı qurtarmaqdan ötrü bəhanə tapmaqdı. Elə eləmək lazımdı ki, nə şiş yansın, nə kabab. Heç nədən tələbəlik dostunun könlünü qırmaq insafsızlıqdı. Belə gözəl süfrə açdıranın verdiyini zəqquma döndərmək olmaz. Həm də dağ-dağa rast gəlməz, adam-adamla rastlaşar. Çıxış yolunu ustalıqla tapmalıyam. Bundan sonra görüşmək qismətimizdirsə, gərək Məmməd mənə təşəkkür eləməyə söz tapmaya, böyür-başıma keçə, ömrünün axırınacan özünü mənə borclu saya. Hələliksə yeyib içdiyimizin əvəzini qaytaraq. Dinləyib görək qarşımızda özündənrazılıqla əyləşən paqonlu dostumuzun qarnının ağrısı nədi…
***
- … Stukaçlar xəbər verirdilər ki, nədəndi bilmirik, ancaq şair düz adama oxşamır, sini ötüşüb, saçları ağappaqdı, di gəl, gah sir-sifətində çırmaq yeri şırımlanır, gah gözünün altında fanar gömgöy göyərir, gah da başısarıqlı gəzir. Dərinə getməmişdim ki, cəhənnəmə, can onun, cəhənnəm tanrının, şair tayfasından xeyir gəlməz, balama dəyməsin, balasın istəmirəm. Amma sən saydığını say, gör fələk nə sayır. Günlərin birində oturmuşdum kabinetdə, söz vaxtına çəkər, elə bu vaxtlardı, axşamüstü… Zümzümə eləyirdim özümçün, köməkçi qapını döyüb girdi içəri ki, bəs bir şairə gəlib. Mən də papağımı başıma qoyub qalstukumun düyümünü düzəltdim ki, day burax gəlsin. Ürəyimdə də dedim Allah axırını xeyrə calasın. Demokratiya alış-verişi başlayannan qələm əhlləri yığıb məni boğaza. Amma yenə onlara hörmətim var. Tələbəlikdə şeir yazmağım yadındadı da…
Zarafata saldım:
- Məmməd Qəmgini kim tanımırdı ki?
Vecsiz-vecsiz əlini yellədi:
- Hayıf o günlərdən… Nə isə… Şairə girdi içəri. Baxdım ki, yaşlı arvaddı, lap özümü yığışdırıb köməkçini çağırdım kabinetə ki, bədəbəddə işlər şuluqlaşsa yanımda olsun. Şər geməsən xeyir gəlməz. Di gəl arvad iki ayağını dirədi bir başmağa ki, mən sözümü təklikdə deməliyəm. Özlüyümdə dedim yəqin pul-para istəyəcək, utanır, köməkçiyə işarə elədim çıxdı otaqdan. Mətləbə keçməmişdən başladım arvadın yerin-yurdun, kimliyin-nəçiliyin, kimlərdən olmağın öyrənməyə sakit-sakit. Özümü yaxın, doğma göstərmək üçün cavanlıqda şeir yazdığımı da dedim. Arvad tanışlıq verəndəsə dalağım sancdı. Demə, şairin, stukaçların dediyi sir-sifəti cırmaqlı, gözünün altı fanarlı, başı sarıqlı şairin, arvadı imiş. Yazıq şair, bu arvadın, ağzından elə başgicəlləndirən iy gəlirdi ki, mən yerimdə güclə oturmuşdum, bacardıqca çəpəki baxırdım arvada. Əvvəldən iy-qoxu məsələsində vasvasıyam. Xülasə, bü görüş xeyirli heç nə vəd eləmirdi. Xeyir cəhənnəm, günorta yediklərim durmuşdu hülqumumda, ödüm gəlirdi ağzıma. Demə, əsl başağrısı daldaymış. Gözlənilmədən arvad edə mətləblərə keçdi ki, saçlarım çiyinlərimdə paqon gəzdirə-gəzdirə ağarsa da mat-məəttəl qaldım. Süal-cavabdan qoxu, şeir-qəzəl yadımdan çıxdı, həyəcandan tər yuyub apardı məni, yaxşı ki, peşəkarlığım dadıma çatdı, birtəhər özümü ələ aldım.
Buyurun, eşidirəm sizi, – deməyimlə arvad qəfil hücuma keçdi, suallarını dalbadal yağdırdı:
- Mən də, ərim də qələm adamlarıyıq, neçə kitabımız nəşr olunub, hər ikimiz Yazıçılar Birliyinin üzvüyük, şerlərimizə mahnılar bəstələnib, indi gərək polis də bizim keşiyimizdə dursun, bizi qorusun, elədi? Bu polisin borcudu, elədi?
Stukaçların dediyini yadıma salıb – düz demədim, elə bayaqdan köməkçimin xəbərçilərin dediklərini bitdə-bitdə pıçıldamağı beynimdə dolaşırıdı – fikirləşdim ki, iş aydınlaşır. Yaxşı deyiblər, saxla samanı, gələr zamanı. Bu dəfə dik arvadın gözlərinə baxıb ürəklə təsdiqlədim:
- Düz buyurursunuz, bu bizim borcumuzdu, – zəngi basıb köməkçiyə: – Çay gətir xanıma, – dedim.
Arvad əlüstü köntöy-köntöy:
- Çay-zad lazım deyil, – deyəndə özümü yığışdırıb əlimlə köməkçiyə: «çıx» – işarəsi verdim və soyuq-soyuq müsahibimə:
- Dinləyirəm sizi, – söyləyib rəsmiyyətə keçdim. – Nədi probleminiz, nədəndi narahatlığınız? – Stolun üstündəki qələmi götürüb balaca kağıza cızma-qara elədim.
- Mənim ərimi birisi hər gün döyüb əzişdirirsə buna son qoyulmalıdı, ya yox?
- Necə yəni döyüb əzişdirirsə? Dərəbəylikdi? Elin ziyalısına hansı yekəbaş əl qaldıra bilər? Şair xalqın danışan dilidi. Kim onu kəsməyə cürət eləyər? Basarıq o adamı dama ömür-billah gün işığına həsrət qalar… O…
Arvad sözümü kəsdi:
- Dama basmaq yox, tərbiyə eləmək lazımdı…
Dəbbələdim:
- Əlbəttə… Şübhəsiz… Şairə əl qaldıran ən ağır cəzaya layiqdi. O, tamam islah olunub əsl vətəndaş kimi cəmiyyətə qaytarılmalıdı. Bu bizim ümdə vəzifəmizdi. O adamın adı-familiyası… Yaxşı olar ki, ərizə ilə müraciət eləyəsiniz bizə. Özü də zərərçəkən özü yazmalıdı ərizəni. Dalısıyla işiniz yoxdu. Biz…
Arvad yenə sözümü kəsdi:
- Ərim şikayət ərizəsi yaza bilməz.
- Niyə? Siz qələm alamlarısınız, kimdən çəkinirsiniz ki?
- Heç kimdən…
- Onda…
- Məsələ başqa cürdü…
- Konkret deyin, həmin adamın ad-familiyası? Kim incidir ərinizi?
- Heç kim….
Çiyinlərimi çəkdim:
- Heç nə başa düşmürəm…
- Ərim özü-özünə işgəncə verir. Gah başını divara vurur, gah sir-sifətin yumruqlayır, gah yanaqlarını cırmaqlayır, gah saçlarını yolur. Bunun bir sonu, həddi-hüdudu olmalıdı axı…
Heyrətdən boğazım qurudu:
- Niyə? Əsəbidi? Hirsləndirirsiniz onu? – sualları dalbadal versəm də anladım ki, bu iş polislik deyil…
Amma şairə başqa fikirdəydi:
- Otuz ildi ailəliyik, övladımız olmasa da can deyib, can eşidirik. İndi hər şey sizdən asılıdı.
- Mənnən?
- Hə.
- Mən neyləyə bilərəm ki?
- Çıxış yolu tapmalısınız…
- Necə? Nə təhər?..
- Axı bayaq dediz, bu sizin vəzifəniz, sizin probleminizdi…
- Mən o mənada demədim.
Şairə üzə durdu:
- Bütün polislər ikidillidi?
- Mənim qələm əhllərinə, ələlxüsus şairlərə böyük hörmətim var, amma xahiş eləyirəm, mən iş başındayam, etik normalardan kənara çıxmayın…
- Elə isə işinizi görün.
- Axı necə?
- Mən nə bilim… Vəzifənizin öhtəsindən gələ bilmirsinizsə istefa verin…
- Xanım… Mən vəzifəmin öhtəsindən ləyaqətlə gəlirəm. Gecə-gündüz rahatlıq bilmirəm, amma zənnimcə, sizə…e… sizin ərinizə polis yox, psixiatr gərəkdi…
- Deyirsiniz ərim dəli olub?.. İndi ki, belədi mən sizdən şikayət eləyəcəm…
- Niyə?
- Çünki şairə dəli demək onun oxucularını sarsaq adlandırmaqdı. Dolayısıyla o deməkdi ki, xalqımız başdanxarabdı.
- Əstəğfürullah… Mən elə demədim…
- Təxminən elə dediz. İşinizi bacarmadığınıza görə bəhanə axtarırsız. Xeyr! Keçməz! Bağışlayacaqsız! Ərim dəli-zad olmuyub…
Bu provokasiya da ola bilərdi. Mal bir, güman min yerə gedər. Səbrimi bassam da beynimdə aləm qarışmışdı. Kim öyrədib göndərə bilərdi bu arvadı üstümə? Kimin qurmasıydı? Arxasınca nələr gələcəkdi? Bilmirdim, bircə şey aydındı ki, hay-küy, qıy-qışqırıq yaxşı heç nə vəd eləmir. Bu məsələni sülhlə, sakitliklə yoluna qoymaq ən əlverişlisiydi.
- Deyirsiniz ərinizi çağırtdırıb tənbeh eləyim?
Şairə yerində qurcalandı.
- Yox, yox… Mənim bura gəlməyimdən onun xəbəri olmamalıdı. Yoxsa, Allah eləməmiş, damarın-zadın kəsib özünü öldürər. Onsuz da əlin-ayağın kəsik-kəski eləyib…
- Maraqlıdı…
- Nəyi maraqlıdı? Dağ boyda kişi əldən gedir. İndidən deyirəm, onun başına bir iş gəlsə siz cavab verməli olacaqsız. Əvvəldən sizə xəbərdarlıq eləyirəm ki, tədbir görün. Yoxsa, sizin üçün də pis qurtaracaq, – əlini çantasına atıb dəsmal çıxartdı, gözlərindən yaş çıxmadığına görə acıqlı-acıqlı burnunu sildi. – Şərti şumda kəsdik, daha xırmanda davamız düşməyəcək… Ərimin başına bədbəxtlik gəlsə, cavabdeh sizsiz… – Axır ki, kirpikləri nəmləndi.
- Özünüzü ələ alın. Narahat olmağa dəyməz… – Qısaca ara verib uyarlı kəlmələr axtardım. – Bir şey fikirləşərik. Bu sürüşkən məsələdi. Belə işlərdə çox ehtiyatlı olmaq lazımdı. Səhv eləmək, tələskənlik yolumuzu azdırar…
Şairə ciddi dınışdığımı görüb diqqət kəsildi:
- Əlbəttə, əlbəttə…
Mənimsə məqsədim vaxt qazanmaqdı. Zaman bütün yaraları sağaltmasa da ən azı unutdurur.
- Amma mənə bir ay möhlət verməlisiniz. Düz bir aydan sonra sizi burda gözləyirəm. Mən bu işi yoluna qoymağa söz verirəm.
Bir ay az deyildi, o vaxtacan çox sular axa bilərdi. Məndən iraq, ya xan ölərdi, ya eşşək.
Qərəz, şairəni yola saldım getdi. Deməli, bir ay… Oturduğun yerdə əngələ düş… Mən polisəm, dəlixanada baş həkim deyiləm ki, mazaxistlərlə məşğul olum…
- Sağ ol… Belə şeylərlə də maraqlanırsan?
Məmməd qürrələndi:
- Day neyniyim? Başına gələn başmaqçı olar…
Güldüm:
- Əstəğfürullah de, mazoxizm cinsi məsələlərlə bağlıdı. Orda-burda düzgün anlamazlar, biabır olarsan.
Əlini yellədi:
- Cəhənnəmə ki! Onsuz da canım boğazıma yığılıb. Dörd-beş ili də birtəhər girlənib pensiyaya çıxacam. Gedəcəm bağa, göy-göyərti əkəcəm… Elə baxma mənə, hələ canım suludu, əl-qolumu uzadıb mağmınlaşmıram. O şairə özbaşına gəlsə də, bədxahlarımız tərəfindən öyrədilsə də – doğrusu, mən «mız»ı başa düşmədim, məni araya niyə qatırdı, bilmirəm. Yəqin ya keflənmişdi, ya da aradakı səmimiyyəti artırmaq istəyirdi – tədbirlər görməliydim. Gördüm də… Bir aydan səmərəli istifadə eləmək gərəkdi. Köməkçimə tapşırdım stukaçlara işarə eləsin ki, şairin evindən xəbər gətirsinlər. Şairin evindəki ən xırda detalları mənə çatdırsınlar. Həmin məhəllədə yaşayan peşəkar qadınlarımızdan birisi ikicə günün içində Şairə ilə cici-bacı olsa da dəyərli heç nə öyrənə bilmədi. Cəmi bir-iki fakt az-çox maraqlı idi. Demə, şair elə mənim kimi cızma-qaraçıymış. Şerləri necə gəldi yazırmış, misraları alt-alta düzüb son nöqtəni qoyan kimi gecə yarıdan keçsə də arvadını yuxudan oyadırmış ki, bəs dur, şerin qafiyələrin düzəlt, ora-burasına əl gəzdir. Yazıq arvad-ürəyiyumşaqlığımdan deyirəm, o saçları pırpızlı şairə əfi ilandı – öyrəncəliymiş, bilirmiş ki, yataqdan qalxıb, ərinin dediyini eləyib ağzını yummasa kişi səhərəcən deyinib yuxusuna haram qatacaq. Onsuz da gec-tez…
Məmmədin sözünü kəsdim:
- Əzizim, o kişi düz adama oxşamır. Hərəkətlərində kişilikdən əsər-əlamət yoxdu…
- Eşq olsun sənə! Elə mənim özümə də eşq olsun ki, yanılmamışam səni axtarmaqda… Özün başa düşdün məsələni. İndi kömək elə. İki gündən sonra şairə gələcək yanıma. Sən də mənim işçim kimi orda olmalısan. İki qardaş çarə tapmalıyıq ki, mənim canım qurtarsın, – yaxşı ki, bu dəfə cəm halında danışmadı. – Necə deyərlər, mən tələdən qurtulub qaçım. Tələdəki pendiri yeyə bilməsəm də canımı xilas eləyim. Ancaq sən bilərsən çıxış yolunu. Hökmən, mənim yanımda olmalısan Şairə gələndə! Yoxsa o ləçər axırıma çıxacaq. Kömək eləsən bir qonaqlıq mənim boynuma.
- Sənə kömək eləmək üçün ora getməyə, şairəni görməyə ehtiyac yoxdu.
Məmməd çaşqın-çaşqın üzümə baxdı:
- Necə yəni?
- Məsələ təxminən məlumdu…
- Yəni sən bilirsən o gicgici başını niyə divara vurur?
- Əlbəttə, – dedim. Əslində Məmmədin əlindən qurtarmaq istəyirdim, polis idarəsini gəzməyə zərrəcə həvəsim yox idi.
Məmməd şübhəli-şübhəli soruşdu.
- Yəni indiyəcən o cür xəstən-zadın olub?
- Saysız-hesabsız…
- Nədi bunun çarəsi?
- Gərək arvad gecə kişinin təzəcə yazdığı şeirləri oxuyanda tərifləsin. O cızma-qaraları göylərə qaldırsın ki, ay kişi, sənin şeirlərinə əl vurmaq nəyə lazım, sən mənnən yaxşı yazırsan, sənin kimi şairin misralarına əl vurmaq günahdı. Sən ölənlərinin goru məni günaha batırma. Əsas odur ki, arvad ərini inandıra bilsin.
- Deyirsən köməyi olar?
- Yüz faiz. O cür kişi arvadından hansısa üstünlüyü hiss eləməlidi.
- Birdən köməyi olmadı?
- Olmalıdı.
Məmməd əl çəkmədi:
- Şər deməsən, xeyir gəlməz.
- Sən bir sına. Alınmasa yenə mən burdayam. Ağa durur, ağacan durur.
Məmməd köksünü ötürüb:
- Yaxşı, – dedi. – Sənin xəcalətindən çıxacam. Boynuma minnət qoydun. Təki köməyi dəysin.
Gülümsündüm:
- Dəyər, darıxma. Hər şey qaydasına düşəcək. Sən özün də cavanlığını yadına salıb şairliyə qayıdacaqsan.
Çarəsizliklə əlini yellədi:
- Görək də…
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 524 Bölmə: Sevgi varmı?