Səhər yuxudan duranda başı ağrıyırdı həmişə. Hər səhər gözünü açanda onu daha bir mənasız, yeknəsəq günün gözlədiyini düşünüb qüssələnirdi. Hər gün də çalışırdı özünü inandırsın ki, bu gün hər şey fərqli olacaq, nə isə bir yenilik, ya da nəsə yaxşı bir şey baş verəcək. Bu gün isə başağrı ilə deyil, yüksək əhvali-ruhiyyə ilə oyandı. Adəti üzrə öncə balıqlarını salamladı, akvariumun şüşəsini astaca döyəcləyib: “Sabahınız xeyir, dostiklər, necəsiniz?” – deyə şən əhvali-ruhiyyə ilə soruşdu. Balıqlar yekdilliklə balıq kimi susurdular. Amma bu, onun əhvalını heç pozmadı, çünki onların susmasına alışmışdı artıq. Onların əvəzinə özü cavab verdi: “Həə, görürəm, yaxşısınız. Siz də mənim kimi yaxşı olun, bu gün hər şey başqa cür olacaq, yaxşı olacaq”, – deyə akvariuma balıqların yemini səpdi. Akvariumun suyunu dəyişmək vaxtı idi, amma ərinirdi. Bu gün də bu işi sabaha qoydu.
Vanna otağına keçib əl-üzünü yuyanda güzgüdə özünə diqqətlə baxdı: 29 yaşına yenicə keçsə də, ən az beş yaş böyük görünürdü. Uşaqlıqdan bəri belə idi, nədənsə həmişə yaşıdlarından böyük görünmüşdü. İndi güzgüdə diqqətlə özünə baxanda gözünün, dodaqlarının ətrafındakı nazik qırışları ilk dəfə gördü, təəccübləndi “bunlar nə vaxt düşdü mənim üzümə?” – deyə. Koko Şanelin məşhur bir deyimini xatırladı: “Əgər qadın 30 yaşına çatıb və hələ də gözəl deyilsə, deməli, səfehdir.” Gülümsündü bu fikrə. Bir də qırışlarına baxdı. Amma heç məyus olmadı. Ötənlərdə televiziyada gedən çoxsaylı gözəllik proqramlarında məsləhət görülən qırışlara qarşı maskanın birini hazırlamağa başladı. Bir yumurta sarısına bir çay qaşığı balı qatıb üstünə bir neçə damcı limon şirəsi sıxdı. Özünü gülmək tutdu, çünki o gün verilişdə bu maska hazırlanarkən ələ salmışdı onları: “işləri-gücləri yoxdur, əllərinə keçəni üzlərinə sürtürlər”, – deyə. Əslində heç vaxt inanmamışdı ki, bu ərzaqları üzə çəkməklə gözəlləşmək mümkündür. Fikiləşirdi ki, efirdə gördüyü üzləri daim şüşə kimi parıldayan xanımların gözəlliyini, üzlərinin təravətini artıran nə üzə çəkilən qatıqdır, nə də xiyar dilimləri. Düşünürdü ki, o xanımlar gözəllik salonlarında xüsusi kosmetik prosedurlardan keçir və bunun üçün xeyli pul xərcləyirlər. “Mənim də günüm gözəllik salonlarında keçsə, hamıdan gözəl olaram”, – deyə məlum atalar sözünə kiçik bir düzəliş də etmişdi hələ: “Gözəllik ondur, doqquzu puldur. Pul da ki, bizdə hardan olsun? Biz də yaşayırıq bəyəm?! Yox biz yaşamırıq, ancaq yaşayanlara mane olmaqla məşğuluq.”
Vanna otağındakı iri güzgünün qarşısında dayanıb maskanı üzünə çəkərkən düşünürdü ki, gərək özümə həmişə qulluq edəm, ərimin gözü başqa daha gənc və gözəl qadınlarda qalmasın.
Evdən çıxmaq üçün hansı donunu geymək haqqında çox düşündü, dolabı açıb paltarları bir-bir gözdən keçirdi, cins şalvarların, topiklərin birini götürüb, birini qoydu. Daha gənc görünə bilmək üçün həmişə dar şalvarlar və bədəninin bütün cizgilərini biruzə verən dar koftalar geyinirdi. Amma bu dəfə “Yox, yoldaşım dar şalvar geyinməyimdən xoşlanmır, don geyinəcəyəm”, – deyə keçən yayda aldığı, cəmi iki-üç dəfə geyinib “məni çox qadınsayaq göstərir” deyib gözdən saldığı çəhrayı donunu geyindi. Az qala Rapunselin saçları kimi uzun olan saçlarını ona yaraşan tərzdə toplayıb, ən sevdiyi “Coco-chanel” ətri ilə ətirləndi – alış-verişə gedəcəkdi.
Ticarət mərkəzində özünə bir cüt yay ayaqqabısı, ona uyğun çanta və bir az xırda-para ev əşyaları aldı. Çıxışa yollanarkən birdən nəyi isə xatırlayıb geri döndü. Bir kişi geyimi satılan mağazaya girib köynəkləri gözdən keçirdi.
– Buyurun, xanım, nə istəyirdiniz?
Asılqanlardakı geyimlərdən gözünü çəkmədən üzündəki xəfif təbəssümlə:
– Yoldaşımçun köynək almaq istəyirəm, – dedi.
– Buyurun, bizdə hər cür köynəklər var: uzunqol, qısaqol, idman tərzi, klassik… Siz necə bir şey istəyirsiniz?
Qara köynək almaq istədiyini dedi.
Satıcı ona firma barədə seçim etməkdə kömək etdi. Yoldaşının hansı ölçüdə köynək geyindiyini soruşanda ani duruxdu, sonra yenə incə təbəssümlə cavab verdi:
– 40 ölçülü, hə, 40 ölçülü geyinir.
Bu dəfə ticarət mərkəzindən çıxanda özündən məmnun idi, ad günü olmasa da, yoldaşı üçün hədiyyə almağın çox yaxşı fikir olduğunu düşündü. Acımışdı, yaxınlıqdakı türk kafelərinin birinə girib mimoza salatı və meyvə suyu sifariş etdi. Formasını itirməmək üçün çox yemək istəmirdi. Onsuz da arıq deyildi, ərin daim xoşuna gəlmək asan məsələ deyil. Yemək gələnə kimi kafeyə göz gəzdirdi, bir neçə dəfə olmuşdu burada. Buranın ən xoşladığı cəhəti içki verilməməsi və siqaret çəkməyin qadağan olması idi. İçki içib siqaret çəkə-çəkə qışqırbağırla şit söhbətlər edən kişilərlə bir kafedə nahar etməkdən zəhləsi gedirdi. Divarlardakı kiçik ölçülü peyzaj rəsmlərini seyr edərkən kiçik birnəfərlik stol arxasında oturmuş oğlanın ona baxdığını gördü. Nəzərləri qarşılaşanda oğlan gülümsündü, amma bu gülümsünmək onun aləmində “irişmək” sayılırdı. Acıqla üzünü çevirdi.
Yeməyini yarı etməmiş bayaqkı oğlan əlindəki yemək boşqabı ilə ona yaxınlaşdı:
– Salam.
Salam götürməməyin mədəniyyətsizlik olduğunu düşünsə də, onu cavabsız qoydu.
– Olar sizinlə oturum? Tək yemək mümkün deyil e. Siz də təksiz, mən də.
O həmişə düşünürdü ki, qadın mütləq kişilərin diqqət mərkəzində olmalıdır; gözəl olsun, çirkin olsun, fərqi yoxdur – qadın hər yaşda və hər görkəmdə kişilərin xoşuna gəlməlidir. Kişilər qadına kompliment deməli, lütfkarlıq göstərməlidirlər. Odur ki, heç tanımadığı kişilərin belə diqqəti ona hər zaman xoş gəlirdi. Amma indi əlindəki çəngəli yerə qoyub özünə xas olmayan qəribə bir təmkinlə dilləndi:
– Bura baxın, cavan oğlan, mən ərli qadınam. İmkan verin, oturub bir tikə çörəyimi yeyim.
Oğlan üzündəki yapma təbəssümünü və özünü yığışdırdı:
– Bağışlayın, xanım, bilmədim, bağışlayın.
Suyu süzülə-süzülə aralanan oğlanın dalınca baxıb düşündü ki, ailəli olmaq nə yaxşı şeydir və zövqlə gülümsündü.
Kafedən çıxanda evə avtobusla deyil, piyada getməyi qərara aldı: “İyirmi dəqiqəlik yoldur, yeməkdən sonra piyada gəzməyin xeyri var”.
Evinə yaxın bir ərzaq mağazasından şampan, suyun içərisində yandırılmalı olan ürək formalı şamlar, yüngülvari qəlyanaltı üçün bir neçə ərzaq aldı. Evə çatanda qəribə bir rahatlıq və yüngüllük vardı daxilində.
Evi bir az səliqəyə saldı. Duş alıb, saçlarını fenlədi. Axşama az qalırdı. Ona romantik görkəm verən sürməyi, sinəsi açıq donunu geyindi. Əri üçün aldığı qara köynəyi hədiyyə paketinə qoydu. Hazırladığı qəlyanaltını, aldığı şampanı, qədəhləri süfrəyə düzdü. Ürək formalı qırmızı şamları yandırıb işığı söndürdü, qədəhlərin ikisinə də şampan süzüb, DVD pleyeri işə saldı; Gareth Gatesin “Unchained melody”si otağın romantik ab-havasına bir az da gözəllik qatırdı.
Qalırdı bircə ərinin evə gəlməsi. Hər şeyi planlaşdırmışdı; əri evə girən kimi, boynuna sarılacaq, istənilən kişini ehtizaza gətirəcək ehtiraslı bir səslə “xoş gəldin, canım”, – deyə qulağına astaca pıçıldayaraq, əlindən tutub masaya yaxınlaşdıracaq. Şampan qədəhlərini yavaşca toqquşdurub nəfəs-nəfəsə olduqları halda bir neçə qurtum şərab içəcəklər. Əri təəccübünü gizlədə bilməyib nə isə soruşmaq istəyəndə şəhadət barmağı ilə dodaqlarına toxunub “ssssss”, – deyə susduracaq onu. Ərinin boynuna sarılıb rəqs etməyə başalayacaq, əri onun təmasından, ətrindən məst olacaq, belini möhkəm-möhkəm qucaqlayıb rəqs etdiyi qadınını öpməkdən saxlaya bilməyəcək daha özünü. Sonra… Qəlyanaltı daha sonraya qalsa da, olar…
Dəqiqələr keçdikcə pleyerdəki romantik melodiyalar bir-birini əvəzləyirdi. O, hərdən saata, hərdən də əl telefonunun displeyinə baxırdı – birdən gələn zəngi eşitməmiş olar deyə. Amma narahat deyildi, sadəcə xəfif bir yorğunluq, bəlkə də, üzgünlük vardı canında. Şampan qədəhlərindən birini götürüb pəncərənin qarşısına keçdi. Bir qurtum alıb, üzbəüz binadakı mənzilləri seyr etməyə başladı; çoxununun işıqları yanırdı. Düşünürdü, görəsən, bu işıqları yanan mənzillərdə hamı xoşbəxtdirmi, yoxsa elə?.. Yəqin ki, yox, hər evdə xəstə də ola bilər, tənha da, bədbəxt də… Amma hər halda, xoşbəxtlərin daha çox olduğuna inanmaq istədi. Niyə də olmasın ki? İnsanın ailəsi, uşaqları, axşam işdən çxandan sonra qayıdacaq bir yeri varsa, niyə xoşbəxt olmasın ki?! İnanmaq istədi bunlara. Şərabdan bir qurtum da aldı. Yenə telefonunu götürüb baxdı, heç nə yoxdur. Akvariuma yanaşdı:
– Necəsiz, dostiklər? – İndi səhərki qədər şuxluq duyulmurdu səsində. – Yaxşısız? Əlindəki şampan şərabını dibinə kimi başına çəkdi, masa üzərindəki dolu qədəhi götürüb, şərabı akvariuma boşaltdı, – için, siz də keflənin, bəlkə diliniz açıla.
Daha bir qədəh şərab süzdü özünə, onu da birnəfəsə içdi. Birini də süzüb balıqlar üçün akvariuma boşaltdı. Növbəti qədəhi doldurub divana çökdü, başı dumanlanmışdı, belə birdən-birə çox şərab içməyə alışmadığından indi ona içki pis təsir edirdi. Divanda ayaqlarını yığıb, dizlərini qucaqladı, şərabdan içə-içə, musiqi dinləyə-dinləyə gözlərinin yaşı yanağıaşağı diyirlənirdi. Divanın üstündəki hədiyyə paketinə qoyulmuş köynəyi lazımsız əşya kimi yerə atdı. Masanın üstündə yanan şamlara baxıb bir az da kövrəldi, hönkürtü ilə ağlamağa başladı. Ağladıqca kipriyinin tuşu gözünün sürməsinə qarışırdı… Amma bu daha heç vecinə deyildi, onsuz da onu bu görkəmdə görən olmayacaqdı, əri bu gün gəlməyəcəkdi. Əslinə baxılsa, heç sabah da gəlməyəcəkdi, o biri gün də… Çünki… Çünki ailəli deyildi, heç vaxt ailə qurmamışdı. İyirmi doqquz yaşına kimi nə bir sevgilisi, nə bir istəklisi olmuşdu – elə beləcə adi, yeknəsəq, biri o birindən fərqlənməyən yorucu günlər yaşamışdı illər boyu. Hər yaşına ayaq qoyanda bu il mütləq sevib-seviləcəyi, ailə qura biləcəyi ümidilə yaşamışdı. Amma…
Dünən gecə yerinə uzananda arzulamışdı ki, səhər gözünü açanda tamam yeni, yaxşı bir həyatla üz-üzə qalsın. Deyirlər axı, nəyisə lap, lap, lap çox istəsən, baş verər. Və sonra qərar vermişdi ki, sabah bütün gün hər halı ilə özünü ərli qadın kimi hiss edəcək, davranışını, düşüncələrini belə bu fikrə uyduracaq – bəlkə, o zaman bir möcüzə baş verər. Baxarsan ki, baş verər, nə bilmək olar…
Həyatdan daha bir kərə küsdü bu gecə. Şam işığının şöləsində, həzin melodiyalı gecənin qoynunda elə divandaca gözü yuxuya getdi, möcüzəsə baş vermədi.
Səhər bu dəfə artıq içkinin təsirindən başağrısı ilə oyananda adəti üzrə, ilk öncə balıqları ilə ilgilənməyə halı olmadı. Vanna otağından qayıdandan sonra mətbəxdən balıqların yemini götürdü. Yemi akvariuma səpmək istəyəndə əli havada dondu; balıqlar ikisi də ölmüşdü.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 730 Bölmə: Sevgi varmı?