Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UWAQLAR SAF MELEKLERDIR...

Bir ümid (təsirli və ibrətamiz hekayə)

Sakit və hüzünlü bir gecə. Səssizlikdir. Bütün uşaqlar öz yataqlarında uzanıb yatır. Bir balaca oğlandan başqa. Gecənin hüzünlü olmasının səbəbkarı. İçini çəkə- çəkə ağlayır. Əlini ağzına tutub ki, səsini eşidib oyanmasınlar. Göz yaşları kipriklərindən damla- damla axırdı. O qədər ağlamışdı ki, gözləri və yanaqları qızarmışdı.Yastığını qucağına alıb bərk- bərk qucaqlamışdı. Başını sığallayacaq bir əl, onu bağrına basacaq bir qucaq belə yox idi. Gözlərini çöldəki qapıdan çəkmirdi. Elə bil kimisə gözləyirdi. Kimsə hər an qapını aça bilərdi.
Ayın işığı otağa dolmuşdu. Balaca nə qədər səssiz olmağa çalışsa da yenədə hıçqırıq səsi otaqda aydın eşidilirdi. Uşaqlardan biri başını qaldırıb onu pəncərənin yanında ağlayan gördü. Eyni yaşda olardılar. Adyalını götürüb onun yanına getdi. Yarısını onun çiyninə yarısını da öz çiyninə atdı. Balaca əlləri ilə onun gözlərini sildi və yanağından öpdü. «Ağlama İlkin. Səni də bir gün aparacaqlar. Heç mənim onlardan xoşum gəlmədi. Onlar sənə yaxşı baxmayacaqdılar. Həm sən getsəydin mən tək qalacam axı.» İlkin dostuna baxdı. Onu bərk bərk qucaqladı. Hüzünlü gecədə iki balaca dost bir-birilərini qucaqlayıb ağlayırdılar. İlkinə ən çox təsir edən 7 yaşında olmağına baxmayaraq ona «Böyüyüb. Bizə beləsi lazım deyil, balaca uşaq istəyirik. » sözü oldu. Axı o hələ balaca idi, ana quzusu idi. Ürəyindəki ümidi qırdılar. Düşünürdü ki, əgər böyüyübsə onu heç kim heç vaxt övladlığa götürməyəcək.
— İlkin ağlama. Gəl gedək yataq.
— Yyoxx iss-təmirr-əm
— Yaxşı onda ağlama.
— Ya-xşı.
— Kefini pozma. Sənə bir sirr deyim amma heç kimə demə. O gələn əslində ana deyildi.
— Necə? Axı dedi- lər ki, biri-mizin an- ası olacaq.
— Yox. Mən bilirəm ana necə olur.
— Nee-cə olur?
— Bax ana çoooox gözəl olur. Uzun saçları olur. Üzündə də xalı olur.
— Xa-lı?
— Hə xal. Bax burda.
Hər ikisi gülüşdülər.
— Bəs sə nə bilirsən ki, o ana deyil? Axı o da gözəl idi.
— Nolsun amma saçı uzun deyil idi. Yanağında da xalı yox idi. Həm də gülmürdü.
— Gül-mürdü.
— Hə. Ana uşağa baxanda həmişə gülür. Bax belə gülür.
Yenə hər ikisi güldü. Vasif İlkinin kefini azacıq da olsa düzəltmişdi. Hər ikisi də bu gün gələnlərin mənfi xüsusiyyətlərini deyib, özlərinə təsəlli verirdilər. Vasif yenədə ananın necə olduğunu təsvir edirdi. Əslində öz anasını təsvir edirdi. Buraya tərk ediləndə 3 yaşı var idi. Yaddaşında anasının siması uzun saçlı, gülümsəyən və yanağında xal olan qadın idi.
— O gəlsə sən onu tanıyacaqsan?
— Əlbətdəki, özü də o bizim ikimizidə aparacaq burdan.
— Bəs nə vaxt gələcək?
— Bilmirəm. Amma gələcək. Bax o qapıdan girəcək.
Hər ikisi çöldəki, qapıya baxırdılar. İlkin artıq ağlamırdı. Əksinə həyəcanlı idi. Nə də olsa qəlbində ümid doğmuşdu. Uzun saçlı, yanağında xalı, gülən ana bir gün bu qapıdan girəcəkdi...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 122 Bölmə: Sevgi varmı?
loading...