Evləndikdən 21 il sonra yeni sevgi parıltısına rast gəldim...
Bir müddət əvvəl həyat yoldaşımdan qeyri bir qadınla gəzməyə çıxmışdım. Bu, həyat yoldaşımın təşəbbüsü idi.
– Onu nə qədər sevdiyini dərindən dərk et – deyə həyat yoldaşım mənə məsləhət vermişdi...
Həyat yoldaşımın, birlikdə gəzməyi və vaxt keçirməyi tövsiyə etdiyi həmin qadın anam idi. 19 il əvvəl həyat yoldaşını – atamı itirmişdi.
Ancaq iş həyatım, gündəlik məşğuliyyət, boynuma düşən məsuliyyət, üç uşaq atası olmağım – bütün bunlar Anama tez-tez baş çəkməyimə mane olurdu.
Nəhayət, bir gün ona zəng vurdum, şam yeməyinə dəvət etdim. Həyəcanla soruşdu:
– Oğlum, halın necədir, səhhətin yerindəmi? – çünki gec edilən zənglərə adət etməmişdi, narahat idi.
– Hər şey yaxşıdır, ay ana – dedim, – səninlə baş-başa qalmaq istəyirəm.
– Elə ikimizmi? – anam soruşdu. Bir qədər sükutdan sonra əlavə etdi: – Mən də bunu çox istəyirəm.
Cümə axşamı işdən sonra yanına getdim. Bir az həyəcanlı idim. Yanına çatdıqda o da narahat görünürdü. Qapının kəndarında dayanmışdı, məni gözləyirdi. Əyninə qəşəng paltar geyinmişdi. Vəfatından qabaq atamın ona aldığı son paltarı idi, deyəsən. Anam gülümsədi:
– Hamıya dedim ki, bu gün oğlumla gəzməyə çıxacağam. Sevindilər. Qayıtdıqdan sonra onlara danışacağım xəbərlərin intizarındadırlar.
Adi, ancaq dəbdəbəli və sakit yeməkxanaların birinə getdik. Anam qoluma girmişdi. Sanki ölkənin birinci xanımı idi.
Əyləşdik. Menyudakı yeməklərin adlarını oxumağa başladım. Anamın gözləri yaxşı görmürdü. Odur ki, yalnız iri yazılmış hərfləri oxuya bilirdi. Soluq dodaqları ilə gülümsəyərək üzümə baxırdı. Dilləndi:
– Vaxtı ilə sən balaca olanda mən sənə bunları oxuyurdum.
– Sənə olan borcumun azacıq hissəsini, belə şeylərlə ödəmək vaxtıdır, ay ana – dedim, – sən rahat ol.
Şam edə-edə xeyli danışdıq. Söhbətimizdə qeyri-adi bir şey yox idi: ötüb-keçənlərdən, yeniliklərdən danışırdıq. Başımız söhbətə o qədər qarışmışdı ki, vaxtın necə keçdiyini hiss etməmişdik. Artıq gecə yarıdan keçmişdi. Yeməkxanadan çıxdıq. Evinə çatdıqda anam dilləndi:
– Növbəti dəfə birlikdə şam etməyə nə deyirsən? Ancaq bu dəfə mənim hesabıma olacaq.
Əlini öpdüm və ayrıldım...
Bir neçə gün sonra anam ürək tutmasından vəfat etdi. Vəfatı elə qəfildən oldu ki, heç nə edə bilmədim.
Bir neçə gün keçdi. Anamla şam etdiyim yeməkxanadan bir məktub aldım. Anamın yazısını tanıdım: “Qabaqcadan hesabı ödəmişəm. Bir daha səninlə şam edə bilməyəcəyimi hiss etmişdim. Nə isə... Başlıcası, iki nəfərlik hesabı ödəmişəm – sən və həyat yoldaşın üçün. Çünki sən həmin gecənin mənim üçün nə qədər əhəmiyyətli olduğunu, kaş biləydin! Bunu heç vaxt başa düşməyəcəksən... Səni çox sevirəm, əziz balam!”
Bu dəqiqələrdə “sevgi” və “səni sevirəm” kəlimələrinin mənasını başa düşdüm, anladım. Başqasına sevgimi yaşatmağın mənasını da dərk etmişdim...
Valideyn, xüsusilə də Ana – həyatımızın ən əhəmiyyətli cövhəri olmalıdır... Odur ki, layiq olduqları şeyləri onlara bəxş edin, layiq olduqları vaxtı onlara ayırın! Bəli, bu, Allahın və onların sizin üzərinizdəki təxirəsalınmaz haqlarıdır!
Sonda ümid edirəm ki, bu hekayə valideynlərinin qədrini bilməyənləri ayıldacaq, bizi də bu işdə vasitəçi edəcəkdir!
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 187 Bölmə: Sevgi varmı?