Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NƏSİMİ

Nəsimi taleyi gərəkdir mənə,
Adımı vüqarla daşımaq üçün.
Nəsimi taleyi gərəkdir mənə,
Həyatda mərdanə yaşamaq üçün.
Özümü, sözümü böyük sanmağa,
Əslimlə, nəslimlə qürurlanmağa,
Ən ağır saatda, ən çətin gündə,
Əsil qoçaqlıqla yerimək üçün.
Şairlər yanında, ərlər içində,
Başıucalıqla yerimək üçün.
Nəsimi taleyi gərəkdir mənə,
Təbrizin bağlanmış yolları kimi,
Nəsimi taleyi gərəkdir mənə,
Babəkin kəsilmiş qolları kimi,
İyirmialtıların ürəyi kimi.
Anamın ağarmış birçəyi kimi,
Kəpəzim, Şahdağım, Qoşqarım kimi,
Doğma tarım kimi, çinarım kimi,
Bu qüdrətli ölüm, bu bəxt, bu yazı,
Bu sevinc, bu kədər gərəkdir mənə.
Nəsimi taleyi, Nəsimi yası,
Doğma dilim qədər gərəkdir mənə.
Deyirəm: bu ölməz ölümə alqış,
Heç zaman basılmaz bir ordumdur o.
Əsrlər köksünə qanla yazılmış,
İlkin vəsiqəmdir, pasportumdur o.
Güclə boğazıma dirənənləri,
Şöhrətçin əl açıb dilənənləri,
Vətəndə vətənsiz yaşayanları,
Elə mənsiz, sənsiz yaşayanları,
Ölü cəsədləri, ölü canları,
İnsan qiyafəli soxulcanları
Niyə gəldiyini, doğulduğunu,
Unuda-unuda yaşayanları,
Elə tıxa-tıxa ömrü uzunu,
Elə uda-uda yaşayanları,
Didib parçalayıb öldürmək üçün,
Nəsimi taleyi gərəkdir mənə.
Aləmi onlara güldürmək üçün,
Nəsimi taleyi gərəkdir mənə.
O ölüm xalqımın ucalığıdır,
O ölüm xalqımın bacarığıdır.
Ən uca, ən yüksək zirvəmdir mənim,
Qorxaq adamlara zərbəmdir mənim.
Milli qürurumdur, məhəbbətimdir,
Bu ulu faciə sadətimdir.
Nəsimi taleyi gərəkdir mənə
Şerimin, sözümün qüdrəti üçün.
Nəsimi taleyi gərəkdir mənə
Şairlə düzlüyün birliyin üçün,
Şairlə mərdliyin vəhdəti üçün.


Tarix: 25.03.2013 / 17:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 209 Bölmə: Sevgi şerləri
loading...