Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çərpələng Uçuran Bir Uşaq Kimi

Dörd yanın bomboşdu ağ varaq kimi,
özündən savayı kimin var daha?
Çərpələng uçuran bir uşaq kimi
... bagla ümidini göydə Allaha.

Ümid sapdan nazik... Soruşma, kimdi
bu sapla Allaha səni bağlayan?
Bəlkə Allahın da sənsən ümidi,
sənsən göy üzündə onu saxlayan.

Uzaqdan uzanır şeytan barmağı,
uzanır o sapı qırmaqdan ötrü.
Allahın qulusan, qoru Allahı,
qoru özünü də Allahdan ötrü.

Deyirsən, neyləyim, azalıb gücüm,
nə çoxdu Allaha qəbir qazanlar.
İlahi, nə çoxdu sənə and içib
məni söyə-söyə daşa basanlar.

Bir qarış tərtəmiz göyün qalmayıb,
ha göyə baxıram, görmürəm səni.
Daha yorulmuşam, heyim qalmayıb,
neyləyim, saxlaya bilmirəm səni.

Qollarım keyiyir, quruyur, Allah,
əllərim üzülür bu çərpələngdən.
Bu sapı boynuma dolayım, Allah,
qoy asım özümü bu çərpələngdən.

Küsmərəm ölüm də olsa qismətim,
qulun haqqi nədi payından küsə?
Bəs bu sap əlimdə niyə titrədi,
ilahi, eşitdin məni bəlkə sən?!.

Nə yaxşı, gün çıxdı, açıldı baxtım,
gördün öz qulunu gözünlə, Allah.
Bir boy da ucaldın, bir boy da qalxdın,
məni də qaldırdın özünlə, Allah.

Uçuruq, göy üzü yenə tərtəmiz,
dünyaya "əlvida" deyib gedirik.
Gedirik, ilahi, bu dünyanı biz
Allahsız, Şairsiz qoyub gedirik...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Sevgi şerləri
loading...