MƏNİM ÜRƏYİM
Dünyada nə olsa ürəyimdədir,
Bir insan sevinsə, bir gül açılsa,
Bir ömür məhv olsa, bir ev uçulsa,
Bir güllə atılsa ürəyimdədir.
Qəlbimin minlərlə guşələri var,
Bütün yer üzərində rişələri var,
O dostdur əzəldən çiçəklə, qarla,
Orda dağ ucalır, meşə uyuyur.
Mənim ürəyimdə payız baharla,
Nifrət məhəbbətlə qoşa uyuyur.
Orda milyonların dərdi, istəyi,
Silah bazaları, körpələr evi,
Hicran saatları, görüş anları,
Bütün sevgilərin meridianları,
Mənim ürəyimi mərkəz seçirlər.
Mənim ürəyimdən gəlib keçirlər.
Sakit okeana atılan atom,
Min insan səsini batıran atom,
Yandırıb sinəmi deşdi ilk dəfə,
Mənim ürəyimə düşdü ilk dəfə.
Daim sevgi deyir, məhəbbət deyir,
Nurunu axıdır ürəyim mənim.
Sanki yumruq boyda yumşaq ət deyil,
Dünyanın oxudur ürəyim mənim.
Onun göyləri var dərindən-dərin,
Hisslər tufanıdır, hisslər mehidir,
Bütün dahilərin, sərkərdələrin,
Sevgidən tökülmüş movzeleyidir.
Onun min axarı, min baxarı var,
Əks edir torpağın, göyün səsini,
Onun radio tək dalğaları var,
Tutur yer üzünün hər nöqtəsini.
İnsanlar sevinsə, gülsə, çağlasa,
Coşar Kür ürəyim, Volqa ürəyim,
Kim isə, hardasa, dolsa, ağlasa,
Tutar fəryadını dalğa ürəyim.
Kasıb ürəyimin dalğalarında,
Cənab ürəyimin dalğalarında,
Şimal ürəyimin dalğalarında,
Cənub ürəyimin dalğalarında,
Orda atomların gurultuları,
Orda sevənlərin pıçıltıları,
Neçə igid səsi, ər səsidir o,
Bəşərin mənəvi mərkəzidir o.
O canlı, duyğulu insan kimidir,
Vardır həm sevinci, həm kədəri də,
Ürəyim bir teleekran kimidir,
Göstərir ən xırda ölkələri də.
Hər an, hər saniyə görünür orda,
Raketlər qəlbimin ekranlarında.
Buketlər qəlbimin ekranlarında,
Yurdsuzlar qəlbimin ekranlarında.
Böyük planeti hifs eləyir o,
Harda nə olursa, hiss eləyir o.
Köksümü dünyaya çevirirəm mən,
Ürəyə bənzəyir, cahan deyirlər.
Bununçun sevirəm, sevinirəm mən,
Bununçun adıma insan deyirlər.
1964
Tarix: 25.03.2013 / 17:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 350 Bölmə: Sevgi şerləri