.8.
əl-Ənfal (Qənimət) surəsi
(Mədinədə nazil olmuşdur, 75 ayədir. 30-36-cı ayələr Məkkədə nazil edilmişdir)
Bismillahir–rəhmanir-rəhim!
1.(Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər2 (onların kimə çatması) haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!
2.Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər,
3.(Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.
4.Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!
5.(Qənimətlərin bölüşdürülməsi üsulundan bəzilərinin narazı qalması) möminlərdən bir dəstənin (Bədr vuruşuna getmək) xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq (cihad) uğrunda öz evindən çıxartmasına bənzər! (Bəzi möminlər müsəlmanların sayca az, qüvvəcə zəif olduqları üçün Bədr müharibəsinə getməyi Peyğəmbər əleyhissəlama məsləhət görməmiş, özləri də orada iştirak etmək istəməmişdilər. Lakin Peyğəmbər onların sözünə baxmayıb yaxın əshabələri ilə vuruşa yollanmış və düşməni məğlub edərək xeyli qənimət əldə etmişdi. Qənimətin bölünməsi haqqında cürbəcür təkliflər irəli sürülmüş, nəhayət, Peyğəmbər bu barədə öz fikrini demişdi. Bu fikir əvvəlcə bəzilərinin xoşuna gəlməmiş, sonra onun düzgünlüyü başa düşülüb hamılıqla qəbul edilmişdi. Beləliklə, hər iki halda həm müharibəyə getməkdə, həm də qənimətlərin bölünməsi üsulunda Peyğəmbər əleyhissəlamın haqlı olduğu sübuta yetmişdi).
6.Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq (Bədr vuruşunun vacib olması) bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər.
7.O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını vəd edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz3. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.
8.(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (islamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi.
9.O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah:) “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!”- deyə duanızı qəbul buyurmuşdu4.
10.Allah bu köməyi sizə yalnız sizin üçün bir müjdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
11.O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.
12.(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!”
13.Bu onların Allaha və Onun Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha və Onun Peyğəmbərinə qarşı çıxsa, (bilsin ki) Allah (ona) şiddətli əzab verər.
14.Hələ ki, bunu (dünyadakı bu əzabı) dadın. Kafirləri üstəlik cəhənnəm əzabı da gözləyir.
15.Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!
16.(Düşməni aldatmaq məqsədilə yalandan özünü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.
17.(Ey möminlər! Bədrdə) onları (kafirləri) siz5 öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir imtahandan keçirtdi. Allah (hər şeyi) eşidəndir, biləndir!
18.Bu (hadisələr) bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!
19.(Ey müşriklər!) Əgər siz6 (Kəbənin örtüklərinə yapışıb dua edərək) qələbə istəyirsinizsə, artıq sizə zəfər (möminlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü) gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını, əzabını) dəf edə bilməz. Allah, həqiqətən, möminlərlədir!
20.Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Quranı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!
21.Eşitmədikləri (ürəkləri ilə təsdiq etmədikləri) halda (dilləri ilə): “Eşitdik!” deyənlər (münafiqlər) kimi olmayın!
22.Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır.
23.Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də (haqdan inadla) üz çevirib dönərdilər.
24.Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!
25.Sizlərdən təkcə zalımlara toxunmaqla sovuşmayacaq (pis əməllərin müqabilində hər kəsə üz verə biləcək) bir bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!
26.(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!
27.Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və aranızdakı əmanətlərə xəyanət etməyin! (Allahın əmrlərinə, Peyğəmbərin şəriətinə, dini vəzifələrinizə və borclarınıza sadiq olun!)
28.Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!
29.Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən7 (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!
30.(Ya Rəsulum!) Yadına sal ki, bir zaman8 kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökürdü. Allah (gizli hiylə quranlara, məkr edənlərə qarşı) tədbir tökənlərin (onlara gözləmədikləri yerdən qəfil bəla göndərib cəzalandıranların, məkri pozanların, məkrə tədbirlə cavab verənlərin) ən yaxşısıdır!
31.Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik: istəsək, biz də buna bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!” -söyləyərlər.
32.Bir zaman da: “Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” demişdilər.
33.Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!
34.Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) olmadıqları halda, (möminlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis əməllərdən (küfrdən, şirkdən, bütpərəstlikdən) çəkinənlərdir. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilməz!
35.Onların Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!
36.Küfr edənlər öz mallarını (insanları) Allah yolundan9 döndərmək (islamı qəbul etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,
37.Allah (orada) murdarı (kafiri) pakdan (mömindən) ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!
38.(Ya Rəsulum!) Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr”.
39.(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir).
40.Əgər onlar (sizdən) üz döndərsələr (sizinlə ədavətə son qoymasalar, iman gətirməkdən, itaət etməkdən boyun qaçırsalar), bilin ki, Allah sizin havadarınızdır. O ən gözəl havadar, ən yaxşı imdada çatandır!
41.(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki,10 ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!
42.O zaman11 (Bədr günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar (düşmənləriniz) isə ən uzaq tərəfində idilər. Karvan sizdən aşağıda (sahilə yaxın gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda üz-üzə gəlmək haqqında) vədələşsəydiniz, (onların çox olmasından və sizi öldürməsindən qorxaraq) təyin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək, həlak olanın aşkar bir möcüzə (dəlil) ilə həlak olması, sağ qalanın da aşkar bir möcüzə ilə sağ qalması üçün (belə etdi). Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir!
43.O zaman Allah röyanda sənə onları (düşmənləri) az göstərirdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən, ürəklərdə olanları biləndir!
44.(Düşmənlə) üz-üzə gəldiyiniz zaman12 Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. (Zəfər də, məğlubiyyət də sayın çoxluğu ilə deyil, Allahın iradəsi ilədir).
45.Ey iman gətirənlər13! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız!
46.Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!
47.(Ey möminlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər (Məkkə müşrikləri) kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!
48.O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin yardımçınızam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur (sizdən uzağam). Mən sizin görmədiklərinizi (möminlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!” -demişdi.
49.O zaman münafiqlər və ürəklərində mərəz (etiqad zəifliyi və islama qarşı şəkk-şübhə) olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!”- deyirdilər. Lakin Allaha təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
50.(Ya Rəsulum!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: “Dadın atəşin əzabını!” -deyib canlarını alanda görəydin!
51.Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!
52.Eynilə14 Firon nəslinin və onlardan əvvəlkilərin hərəkəti kimi. Onlar Allahın ayələrini yalan hesab etdilər, Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətlidir!
53.(Kafirlərə verilən) bu əzab ona görədir ki, bir qövm (camaat) nəfslərində olanları (gözəl əxlaqi məziyyətləri) dəyişməyincə, Allah da onlara əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir. (Bir millət tövrünü dəyişmədikcə, Allah da ona verdiyi neməti dəyişməz). Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir! (Həmin tayfalar Allahın nemətlərinə şükür etmək əvəzinə, Ona asi olduqlarına, itaəti küfrlə əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən münasibət bəslədiklərinə görə Allah da onlara verdiyi nemətini qəzəbə, etdiyi yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar etdi).
54.Eynilə15 Firon nəslinin və onlardan əvvəlkilərin hərəkəti kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini (dənizdə) batırdıq. Onların hamısı zalım idi!
55.Allah yanında16 (yer üzündə) gəzən (yürüyən) canlıların ən pisi küfr edənlərdir. Onlar artıq iman gətirməzlər.
56.Onlar (sənə qarşı müharibə etməmək barədə) əhd bağladığın kimsələrdir ki, (onu bağladıqdan) sonra hər dəfə əhdlərini pozar17 və Allahdan da qorxmazlar.
57.Əhdi pozanları müharibədə yaxalasan (ələ keçirtsən), onlar ilə (onlara tutacağın divanla, verəcəyin cəza ilə) arxalarında olan kimsələri də (qorxudub) dağıt ki, onlar (bundan) ibrət alsınlar (bir daha əhdi pozmağa cürət etməsinlər)!
58.Əgər18 (əhd bağladığın) bir qövmün sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə elan et. Çünki Allah xainləri sevməz!
59.(Bədr müharibəsində qaçıb) canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, (əzabımızdan) xilas olmuşlar. Onlar (Allahı özlərinə əzab verməkdən) aciz edə bilməzlər! (Allahın əzabından qaçıb qurtara bilməzlər!)
60.(Ey möminlər!) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!
61.Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!
62.Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə19 və möminlərlə müdafiə edib möhkəmlətdi.
63.Və onların (bir-birinə düşmən Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi (aralarında ülfət yaratdı). Həqiqətən, O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.
64.Ya Peyğəmbər20! Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər.
65.Ya Peyğəmbər21! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır22!
66.(Ey möminlər!) İndi Allah23 (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbir edənlərlədir!
67.Heç bir24 peyğəmbərə yer üzündə (küfrün belini qırmayınca, bacardığı qədər çox kafir) öldürməyincə əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaraşmaz. (Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
68.Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olsaydı (lövhi-məhfuzda qənimətlərin və əsirlərin halal olması haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab üz verərdi (toxunardı).
69.Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin25. Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
70.Ya Peyğəmbər26! Əlinizdə olan əsirlərə de: “Əgər Allah (Öz əzəli elmi ilə) ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!”
71.Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə onlardan intiqam almağa) imkan verdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
72.İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək istəyənlər (ənsar) məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur (onların dostluğundan sizə heç bir mənfəət və ya qohum olsanız belə, aranızda heç bir varislik yoxdur). Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!
73.Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər).
74.İman gətirib27 (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) məhz onlar həqiqi möminlərdir. Onları (axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!
75.Sonradan28 (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Quranda irs, varislik baxımından) bir-birinə daha münasibdirlər (yaxındırlar). Həqiqətən, Allah hər şeyi biləndir! (Məkkənin fəthinə qədər mühacirlər və ənsar qohumluq əlaqələrindən asılı olmayaraq bir-birinin varisi hesab edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ yalnız qohumlara aid edildi).
Tarix: 21.11.2012 / 15:36 Müəllif: [Ram] Baxılıb: 1641 Bölmə: Qurani Kerim