Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaraciyər (Sarılıq)

Qaraciyər bədənin sağlamlığını qoruyan əsas orqanlardan biridir. Qidanın mənimsənilməsi və qan dövranın tənzimlənməsində qara ciyərin funksiyanı böyükdür. Qida rejiminin pozulması, həzmin çətinləşməsi qara ciyərin işini ağırlaşdırır. Öd kisəsi və öd yolunun iltihabı qara ciyərin xəstələnməsinə səbəb olur.
Təcrübədə sınanmışdır ki, qaraciyəri xəstə olanlar üçün yağlı ət, yumurta, pendir, ağır yeməklər zərərdir. Onlar daha çox meyvə-tərəvəz işlətməlidirlər.
Xörəkdə sarıkök işlətmək qara ciyər xəstələri üçün faydalıdır. Limon şirəsi qara ciyərin fəaliyyətini tənzimləyir, öd kisəsinin işini asanlaşdırır. Qara ciyər böhranlarını sakitləşdirmək üçün 5–10q quru rəvənd kökünü qaynanmış suda dəmləyib, yeməkdən qabaq 1 fincan içirlər. Yaxşı vasitələrdən biri də 25q yabanı kasnı yarpağını 1L suda dəmləyib işlətməkdir. Səhərlər acqarına 1 fincan yerkökü şirəsi içmək, qara ciyərə müsbət tə”sir göstərir. Bu orqanın fəaliyyəti zəifləyərsə, günorta və axşam yeməyindən qabaq 10–12 ədəd qara albuxaranı əvvəlcə suda isladır, sonu onu 2–3 saat qaynadıb, 3 dəfə suyunu isti su ilə dəyişir, bu şirəni soyumuş halda içirlər.
Qaraciyər narahatlığı olanlar üçün çiyələk və xurma da yaxşı və münasib sayılır. Zirincin kökünün qabağından 20–25q götürüb bir müddət suda isladır, sonra yaqnadıb süzür və şəkərlə şirinləşdirirlər.
Xörəkdən sonra bu şiridən 1 kiçik fincan içmək qara ciyərin fəaliyyətini yaxşılaşdırır, ödün yaxşı ifraz olunmasına kömək edir. Xəstələr zeytun yağından da istifadə edə bilərlər. Onu səhərlər acqarına işlətmək daha faydalıdır. Alma, qara ciyər narahatlığı olanlar üçün çox faydalı qidadır. O bütün bədən üzvləri üçün xeyirli olmaqla yanaşı, qara ciyəri qüvvətləndirir.
Qaraciyərin kəskin sancması zamanı yovşanı azca döyüb, ərinmiş mum və xına yağı ilə qatıb, ciyər və çanaq sümüyü nahiyəsinə təpitmə qoyurlar. Qaraciyərdə zəif sancma zamanı şibyə yemək münasibdir. Iskəncəbi ilə 4.8q hili döyüb içmək, soyuqdəymədən olan ağrını sakitləşdirir. Onunla 2.4q acı paxlanı yemək ciyər və dalaq yarası ücün münasibdir. Ciyər ağrısı temperaturla olarsa, xiyar, balqabaq, kasnı və quşüzümü suyunu qatıb iskəncəbi ilə içirlər. Bu baxımdan tə”sirli təpitmə səndəl, kafur və qızılgül yağı tərkibindən ibarətdir.
Ciyər şişində və böyüyəndə qurudulmuş qızılgülü qaynadıb döyür və təpitmə qoyur, təzə südü gənəgərcək yağı və ya acı badam yağı ilə qatıb içirlər. Çobanyastığının qaynadılmış şərbətini içmək şiş üçün münasibdir. Kasnı suyu içmək də ciyər şişməsinə qarşı çox yaxşıdır.
Həmçinin yemiş tumunu döyüb şirəsini çıxarır, sünbül və saqqızağacı ilə qatıb məlhəm qoyurlar. Ciyər şişməsinin başlanğıcında heyvanı sirkə və su ilə qaynadıb döyərək təpitmə düzəldir, ona səndəl və gül yağı qatırlar. Şişmənin sonrakı dövründə zirinc həbi işlədirlər. Bunun tərkibi belədir: hər birindən 7.2q olmaqla xiyar tumunun içi, balqabaq, pərpərən, kasnı toxumu, 4.8q razyana toxumu, 24q zirinc meyvəsi, 12q tabaşir və 12q qızılgülü döyüb 7.2q iskəncəbi şərbəti ilə qatışdırırlar.
Şişmə və iltihab öd və sidik kisəsinə sirayət edərsə və istilik olarsa turş nar şirəsi, qurut, pərpərən toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Şişmə irinləşərsə və böyüyərsə çobanyastığı, xəşəmbül, süsən kökü, gülxətmi kökü, yarpız, quru əncir, tumsuz kişmiş, qızardılmış soğan, saflor toxumunun yağı, yapışqan, arpa unu, təbii boraks və saqqızın qarışdırılmasından ibarət təpitmə işlənir.
Xörəkdə zəfəran işlətmək ciyəri təmizləyir və damarları açır. Gənəgərçəyi qabıqdan çıxarıb 10–20 ədəd yemək, damarları gərəksiz maddələrdən təmizləyir. Söyüd şirəsi içmək ciyər yollarını açır. Mərəcüyüd toxumu və kökünün qaynanmış suyunu içmək çiyər v böyrək yollarının açılmasına kömək edir.
Cövüz, zirinc, darçın, qora, qərənfil, çuğundur, rəvənd, heyva mürəbbəsi və kişmiş yemək qara ciyəri möhkəmləndirir. banan yemək bə ondan təpitmə düzəldib qara ciyər nahiyəsinə qoymaq, ciyər zəifliyi zamanı çox faydalıdır. Bu zaman malın topuq sümüyünü yandırıb yumşaq halda döyür və 3 misqal miqdarında götürüb, iskəncəbi ilə yeyirlər. Yeməkdən əvvəl və sonra fıstıq yemək də yaxşı tə”sir göstərir. Fıstığı şəkər, yaxud kişmişlə yemək daha faydalıdır.
Başqa bədən üzvləri zəiflədikdə və xəstələndikdə, onların yerinə yetirə bilmədiyi funksiyaların ağırlığı qara ciyərin üzərinə düşür. Bədən zəifləyir, susuzluq yaranır, ağız quruyur, adamın rəngi saralır, ürək döyünməyə başlayır. Belə halda soyuq şərbətlər, ayran, iskəncəbi, xiyar, balqabaq və quşüzümü suyu, qora, turunc və limon şərbəti içmək çox faydalıdır. Bağayarpağı ilə şəkər qarışığı, turş nar şirəsi, heyva, alma və armud şərbətləri də bu baxımdan yaxşı dərman sayılır.
Ciyər zəifliyi istilikdə olarsa, pərpərən suyu və soyuq su ilə tabaşir qatışığı içmək məqsədəuyğundur.
Xəstəlik ürəkbulanması ilə olarsa, bişmiş hil ilə qara gavalı, quşüzümü və sarmaşıq suyu işlətmək məsləhət görülür. Tə”sirli vasitələrdən biri də kafur, səndəl və gülabdan düzəldilmiş təpitmə qoymaqdır. Pərpərəni azca döyüb, gül yağı ilə çiyər nahiyəsinə sürtmək yaxşı tə”sir göstərir. Gərəkli təpitmələrdən biri də döyülmüş quru gülhətmi, xiyar və balqabaq suyu və gül yağı qarışığı, sınanmış təpitmələrdən biri isə bağayarpağı, gülab və gül yağı tərkibində ibarətdir.
Xəstəliyin orta çağlarında səndəl (12q), quru bənövşə və ağ gülxətmi (hər birindən 7.2q), kafur və zə”fəran (hər birindən 0.8q), qızılgül yarpağını (24q) döyür, mum və gül yağı ilə qatıb təpitmə kimi işlədirlər.
Hərarət davam edərsə, çuğundur yarpağını və təzə keşnişi sirkədə bişirib və ya quru keşnişi döyüb gül yağı qataraq yeyirlər. Hərarət olmazsa, turac, çəpiş və dana əti yemək, abqora və zirinc suyu içmək olduqca məqsədəuyğundur. Nar, turşməzə alma, heyva, armud, çox da şirin olmayan ağ üzüm, albalı, qara tut kimi meyvələr yemək bu baxımdan çox faydalıdır.

Sarılıq. Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə”sir göstərir.
Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir.
Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir. Ayrılıqda arpa şirəsi, razyana, kərəviz kökünün qabığı, iskəncəbi, ispanaq, turş alma və turş nar yemək müsbət tə”sir göstərir. Xəstəlik istilikdən olarsa və ürəkbulanması baş verərsə, bişmiş qara gavalı yemək, kasnı suyu, quşüzümü suyu içmək münasibdir. Bu zaman pərpərən yarpağı, arpa unu, gülxətmi yarpağı, qızılgül, səndəl, gülab və sirkə qarışığından təpitmə qoyulur.
Xəstəlik ciyər yollarının və damarlarının tutulmasından irəli gələrsə, əvvəlcə xəstəni qusdurmaq, sonra vanna qəbul etmək, bədəni bənövşə yağı ilə yağlamaq lazımdır. Bunun ardınca kərəviz, razyana, şüyüd suyunu (hər birindən 24q) qaynadıb ona 7.2q şirin badam yağı, 2.4q püstə yağı, 2.4q badam yağı qatıb yeyirlər.
Istilik bir müddət davam edərsə, vanna qəbul etmək, bədənə çobanyastığı, süsən və şüyüd yağı sürtmək faydalıdır. Sarılıq gözlərə nüfuz edərsə körpə balqabağı xəmirə tutub od üzərində bişirir, suyunu çıxarıb gözə çəkirlər. Bu baxımdan təzə keşniş suyu da faydalıdır.


Tarix: 21.01.2015 / 11:04 Müəllif: Aziza Baxılıb: 289 Bölmə: Qastroenterologiya
loading...