Bildiyimiz kimi həzm müddəti düzgün olduqda qidalar parçalanaraq molekullara bölünür və qan damarlarına keçir. Lakin zaman keçdikcə bəzi səbəblərdən parçalanmada çətinliklər olur. Buda həzm problemləri yaradır. Daha doğrusu bu vəziyyətdə orqanizmə faydalı olan qidaların çoxu həzm olunmur. Bu cür hallarda əksik qidalanma problemləri də yaranır.
Qidaların həzm edilməməsi A, B12, D, E və K vitaminləri ilə fol turşusu itkisinə yol açır. Qanda B12 və fol turşusu azlığı qidaların həzm olunmamasının başlıca göstərgəsidir. Davamlı yağ əksikliyi ilə birlikdə kalsium bədəndən atılır və istənməyən problemlərə yol açır.
Həzm problemlərinin əsas əlamətlərinə çəki itkisi, zəifləmə, ishal, qarın ağrısı, qaz və şişkinlik, pis qoxulu, boz və qara rəngdə nəcis, ümumi halsızlıq aiddir.
Bu baxımdan həzm sistemi xəstəliklərinin profilaktikasına fikir vermək vacibdir. Profilaktika daha çox diş xəstəlikləri, düzgün qidalanma, gigiyena qaydalarına əməl edilməsi, düzgün dərman qəbulu, infeksiyaların vaxtında müalicəsi, zərərli adətlərdən imtina, stressdən qorunma istiqamətlərində aparılmalıdır.
Diş xəstəliklərinin profilaktikasını aparmadan mədə xəstəliklərinin profilaktikasını aparmaq heç də düzgün deyil. Buna görə ilk öncə diş xəstəliklərinin profilaktikasını aparmaq lazımdır. Düzgün qidalanma isə mədə xəstəliklərinin profilaktikası üçün vacibdir. Bu baxımdan daha çox qidalanma profilaktikasına diqqət yetirilməlidir. Gündəlik qəbul edilən qidaların tərkibində kifayət qədər zülallar, yağlar, karbohidratlar, vitaminlər və mikroelementlər olmalıdır.
İnsan orqanizmi üçün gündə 3 dəfə, kifayət miqdarda olmaqla (səhər yeməyi, nahar və şam yeməyi) qida qəbul edilməsi uyğun görülür.
Tam dəyərli səhər yeməyinin qəbul edilməsi insan orqanizmində gedən həzm prosesi üçün vacibdir. Ona görə də səhər yeməyindən imtina etmək olmaz.
Qida qəbulu təyin olunmuş vaxtlarda qəbul olunmalıdır. Şam yeməyini yatmamışdan azı 2 saat əvvəl qəbul etmək lazımdır. Yatmazdan qabaq 1 stəkan yağsız kefir və ya yoqurt, alma, banan və s. bu kimi yüngül qidalar qəbul etmək olar. Digər orqanlar kimi, mədəyə də, gecə vaxtı özünü bərpa etmək üçün tam istirahət vermək lazımdır. Heç bir halda yemək vaxtı su, şirələr və s. içkilər içməyin. Bu, qidanın həzm edilməsi prosesində mədənin işini pozur. Yeməkdən bilavasitə sonra da maye içmək məsləhət görülmür. Bunun üçün bir qədər gözləməyiniz daha yaxşıdır.
Tarix: 21.01.2015 / 10:59 Müəllif: Aziza Baxılıb: 165 Bölmə: Qastroenterologiya