Mütəxəssislər sübut ediblər ki, zəncəfilli əlavələr bağırsaqları iltihabi markerlərdən qoruyur. Onlar belə qənaətə gəliblər ki, zəncəfilin kökündə olan hansısa maddə bağırsaq xərçənginin inkişafının qarşısını almağa qadirdir. Bu barədə “”Web MD” yazır.
Trend-in məlumatına görə, Miçiqan Universitetinin Tibb Məktəbinin əməkdaşı Suzanna Zik araşdırmanı şərh edib. “Bitki hüceyrələrinin nümunəsində bir çox elmi işlər göstərir ki, zəncəfil iltihab əleyhinə xassələrə malikdir. Aparılan təcrübələr zəncəfilin şişlərin əmələ gəlməsinə mane olduğunu göstərdi”, - o deyib.
Tədqiqat zamanı 30 nəfərlik qrupdan ibarət könüllülər arasında sərbəst qaydada 2 qramlıq zəncəfil tozu və plasebo (boş dərman - psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti) paylayıblar. Onları dörd həftə ərzində hər gün yeməklə birgə qəbul etmək tapşırılıb. Başqa dərmanları qəbul etmək qəti qadağan olunub.
Bəzi adamlarda əlavə təsirlər qeydə alınıb. Həmin təsirlər sırasında mədə pozğunluğu, qıcqırma və köp nisbətən daha çox yer alıb. Tədqiqatdan əvvəl və sonra ekspertlər analiz üçün bağırsağın divarlarından nümunələr götürüblər. Götürülən nümunələr onlarda eykozanoidlər adlanan birləşmələrin mövcud olub-olmaması ilə bağlı yoxlanılıb. Onlar həzm sistemində iltihabı artırırlar.
Məlum olub ki, zəncəfil tozu qəbul edən adamlardan götürülən toxumalarda daha az bağırsaq markerləri mövcuddur. Həm də xroniki iltihabın xərçəng poliplərinin yaranması ilə əlaqədar olduğu da aşkar edilib.
Tarix: 21.01.2015 / 11:01 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Qastroenterologiya