Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üz dərisini necə cavan saxlamaq olar
Üz dərisini necə cavan saxlamaq olar

25 yaşından başlayaraq üz dərisində qocalma prosesləri başlayır.

İllər keçdikcə dəri daha quru və nazik olur, qırışlar, ləkələr əmələ gəlir, dərinin rəngi pisləşir, dəri solğun görünür və s.

Bütün bunlar təbii proseslərdir və orqanizmin ümumi qocalması ilə bağlıdır. Lakin bu prosesləri dayandırmaq mümkün olmasa da, xeyli ləngitmək mümkündür.

Sadə məsləhətlərimiz dərinizi daha cavan və sağlam saxlamağa kömək edəcəklər.

Beləliklə,

1. Cavan yaşlardan mimikanıza ciddi fikir verin. Mimikanı mümkün qədər "kasıb" edin. Əgər qadın daim alnını, burnunun qırışdırır, dodaqlarını saxır, həddən artıq gülümsəyirsə və s., bu qırışların daha tez əmələ gəlməsinə səbəb olacaq. Yapon qadınları qoca yaşlarına kimi üz dərisini cavan və qırışsız saxlayır. Bunun əsas səbəblərindən biri onların mimikadan az istifadə etməsidir.

2. Mümkün qədər az hallarda pudra və tonal kremlərdən istifadə edin. Bu vasitələr dərinin məsamələrini qapayır ki, nəticədə dərinin nəfəsalması pozulur. Bu isə üz dərisinin qocalmasını sürətləndirir.

3. Düzgün və xeyirli qidalan çox vacibdir. Bütün meyvə-tərəvəzlərin tərkibində antioksidantlar var. Bu maddələr orqanizmdə və, o cümlədən, üz dərisində gedən qocalma prosesləri ləngidir. Dəri üçün sitrus meyvələri, qara qarağat, çiyələk çox xeyirlidir. Onların tərkibində güclü antioksidant xüsusiyyətlərinə malik olan C vitamini var.

Bütün narıncı və qırmızı rəngdə olan meyvə və tərəvəzlər (kök, pomidor, balqabaq, bolqar bibəri, ərik və s.) beta-karotinlə zəngindir. Beta-karotin (A vitamini) orqanizmdə hüceyrələrin yenilənməsinə cavabdehdir. Bahalı anti-age (cavanlaşdıran) kremlərin tərkibində olan retinol A vitaminidir.

Qoz-fındıq da (qoz, fındıq, keşyu, badam və s.) dəri üçün çox xeyirlidir. Onların tərkibində E vitamini və koenzim Q10 var ki, bu maddələr hüceyrələrin regenerasiya (bərpa) proseslərini sürətləndirir və qidalanmasını yaxşılaşdırır. Lakin qoz-fındıqdan süi-istifadə etmək olmaz.

Balıq (xüsusilə qızılbalıq, siyənək, sardina, skumbriya) dəri üçün ən xeyirli məhsullardan biridir. A, D vitaminləri, omeqa-3 yağlı turşularla zəngin olan balıq dərini cavanlaşdırır, daha parlaq edir.

Bütün yarmalar (xüsusilə yumru ağ düyü, qəhvəyi düyü, qarabaşaq, yulaf yarması və s.) dəri üçün çox xeyirlidir. Onların tərkibində çoxlu miqdarda silisium mikroelementi var ki, bu mikroelement kollagenin (dərini möhkəmləndirən maddə) hazırlanmasını stimullaşdırır. Bundan əlavə yarmalarda çoxlu miqdarda B qrupu vitaminləri var. Bu vitaminlər dərinin bərpasına kömək edir.

Qadının qidalanmasında kifayyət qədər yağlar (zeytun yağı, kərə yağı) olmalıdır. Quru dəri daha tez qocalır. Yağlar isə dərini quruluqdan xilas edir. Bundan əlavə yağlar yağlı turşularla zəngindir. Yağlı turşular dərinin daha tez bərpasına kömək edir.

Süd məhsulları da (kəsmik, qatıq, təbii yoqurt və s.) dəri üçün çox xeyirlidir. Bu məhsulların tərkibində dərinin vəziyyəti üçün çox vacib olan zülallar, kalsium, selen kimi mikroelementlər var.

Hal hazırda qadınların əksəriyyəti arıqlamaq üçün müxtəlif pəhrizlərdən istifadə edir. Lakin qadınlar bunu da bilməlidir ki, tez bir zamanda arıqlama üz dərisinin vəziyyətinə olduqca mənfi təsir edir.

4. Suyun kifayyət qədər qəbul edilməsi dərinin cavan və sağlam qalması üçün çox vacibdir. Hər gün 8-10 stəkan təmiz su qəbul etmək lazımdır. Su dərini quruluqdan xilas edir, orqanizmi qocalma prosesləri sürətləndirən ziyanlı maddələrdən (şlaklar, toksinlər və s.) təmizləyir.

5. Üz dərisini cavan saxlamaq istəyən qadın mütləq hərəkətli olmalıdır - bədən tərbiyəsi, idmanla məşğul olmalıdır, tez-tez açıq havada gəzməlidir. Fiziki aktivlik orqanizmdə qan dövranı yaxşılaşdırır. Bu isə bütün orqanizmin və, o cümlədən, üz dərisinin cavan və sağlam qalması üçün əsas şərtlərdən biridir.

6. Qadınların əksər hissəsi bilir ki, yuxunun az olması üz dərisinə mənfi təsir edir. Bu həqiqətdir. Üz dərisini cavan saxlamaq istəyən qadın kifayyət qədə yatmalı və dincəlməlidir, stress və həyacanlamalardan uzaq olmalıdır.

7. Xüsusi kosmetik massaj, qidalandırıcı və nəmləndirici maskalar və kremlər üz dərisini cavan saxlamağa kömək edir.


Tarix: 16.04.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 215 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...