Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üz dərisinin gündəlik təmizlənməsi

Təxminən 17-18 yaşlarından etibarən dəriyə müntəzəm və düzgün şəkildə qulluq etmək lazımdır. Bu dərinin gözəlliyini və cavanlığını uzun müddət ərzində qorumağa imkan verir. Dəriyə qulluq edilməsi dərinin təmizlənməsindən başlayır.
Mənzillərimizdə gündəlik istifadə etdiyimiz su üzün dərisi üçün o qədər də xeyirli deyil. Onun tərkibində olan xlor və mineral duzlar dərinin qurumasına səbəb olur. Ən başlıcası isə odur ki, bu maddələr dəridəki tər və piy vəzilərinin ifraz etdiyi maddələrlə kimyəvi reaksiyaya girərək onların axarlarının bağlanmasına səbəb olur. Üzünüzü yalnız içməli (butulkalarda satılan) və mineral (qazsız) sularla yumağa çalışın (əlacsız qaldıqda - qaynanmış sudan istifadə edin). Üzünüzü sərin su ilə (otaq temperaturundan artıq olmayan) yumaq daha yaxşı hesab olunur. Yalnız yağlı dərisi olan insanlar istisna təşkil edirlər. Belə dərisi olanlar üzlərini əvvəlcə ilıq su ilə yumalı, daha sonra isə nisbətən sərin su ilə yaxalamalıdırlar.


Sabunla yumağa gəldikdə isə, kosmetoloqların ümumi rəyinə əsasən, dərinin tipindən asılı olmayaraq, üz dərisinin sabunla yuyulması, ümumiyyətlə, məsləhət görülmür. Sabun əvəzinə xüsusi gel və xüsusi köpüklənən vasitələrdən ("penka") istifadə etmək daha məqsədəuyğun hesab edilir. Mütəxəssislər tərəfindən hər dəri tipi üçün xüsusi gel və köpüklənən vasitələr hazırlanmışdır. Hər bir şəxs yalnız öz dəri tipinə uyğun olan vasitələrdən istifadə etməlidir! Üzün dərisini gün ərzində 1 dəfədən artıq olmayaraq - səhərlər su ilə yumaq məsləhət görülür (yağlı dəri istisna olmaqla - bu dərini gundə 2 dəfə su ilə yumaq olar).


Hər səhər dərinin gündəlik təmizlənməsindən sonra onu soyuducunun buz qabında hazırlanmış, kub şəklində olan buz parçası ilə ehtiyatla sürtmək olar. Bu, dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək qırışların hamarlanmasına, üz dərisinin gözəl rəng almasına, yanaqların təbii olaraq qızarmasına səbəb olur. Bu zaman adi buz parçasından savayı, müxtəlif ot dəmləmələrinin dondurulması ilə hazırlanan buz parçalarından da (kosmetik buz) istifadə etmək olar. Çobanyastığı, nanə (yarpız), üçbarmaq (pişikdili), boymadərən (qanotu), adaçayı, cökə ağacının çiçəyi, qızıl gül ləçəklərindən və ya bu bitkilərin müxtəlif cür qarışıqlarından hazırlanmış dəmləmələr daha yaxşı effekt verir. Bir və ya bir neçə bitki qarışığından ibarət olmaqla, bir xörək qaşığı ot götürərək onu termosda 1 stəkan qaynar su əlavə edib dəmləyin. Bu dəmləməni 30 dəqiqə saxladıqdan sonra soyudun, süzün və soyuducunun buz hazırlanan qabına tökün. Dəmləmə üçün ya qaynadılmış sudan, ya butulkalarda satılan içməli sudan, ya da qazsız mineral sudan istifadə etmək lazımdır. Dərinin həddindən artıq soyumaması üçün üzün "buzla yuyulması" 2-3 dəqiqədən artıq olmamalıdır. Buz parçasını üzün dərisinə yalnız masaj xətləri üzrə (bax. şəklə) və ehtiyatla surtmək lazımdır. Üzün "buzla yuyulmasından" yağlı və problemli, çox quru və həssas dərilərdə istifadə etmək olmaz!


Tarix: 06.07.2013 / 12:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...