Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

15 yaşı olan 25 yaşlı qızlarımız..

Onların geyimi, yerişləri, danışıqları, özlərini aparmaq qabiliyyəti fərqlənir. İşvəsi, nazı və gözəllikləri ilə seçilən xanımlar xüsusi ilə diqqəti cəlb edirlər. Belə xanımların isə əksər hallarda 15-18 yaşı olur. Bəli! Bu gün arxadan baxarkən 24-25 yaşlı gənc bir xanım kimi geyinən, dikdaban ayaqqabı üzərində özünə güvənlə addımlayan xanımlarımız əslində 15-16 yaşlı məktəblilərdir. Yaxud da ki, universitetin birinci kursuna qəbul olan, lakin şənliklə dərsi səhv salan qızlarımızdır. Bu yaşda rahat bir geyimlə dərsə getmək və yaşına uyğun istiqamətlərə yönəlmək əvəzinə fikirlər yalnız bir istiqamətə cəmlənir: kosmetika, parfümeriya, geyim və aksesuar, dikdaban ayaqqabılar, gözəllik salonları və s. bir sözlə, kimlərinsə diqqətini cəlb etmək. Hətta elə gənc qızlarımız da var ki, tariximizdən, ədəbiyyatımızdan anlayışı olmamasına baxmayaraq, Chanel, Hermes, Christian Dior, Ferragamo, Versace, Giorgio Armani, Dolce&Gabbana, Ermenegildo Zegna, Givenchy, Sisley, Zara və s bu kimi digər brendləri əla tanıyır, hətta tarixini də bilirlər.

Görəsən, bu yaşda olan gənclərimiz nə düşünür ki, belə hərəkətlər edirlər? Maraq niyə ancaq bu istiqamətdədir? Düzgün tərbiyə verilmirmi?
Məsələyə aydınlıq gətirməyə çalışdıq.

Kafelərimizdən birində stol arxasında əyləşən xanımların özlərini aparmağından 1-ci kurs tələbələri olmaları aydın görünürdü. Amma geyimləri, makiyajları, saç düzümləri, hətta "sifətlərinə əl gəzdirmələri” 25 yaşdan xəbər verirdi. Onlara 1-2 sualla müraciət etdim:
Geyim seçərkən nələrə diqqət yetirirsiniz və ən çox hansı brendlərdən istifadə edirsiniz?

Aysel, 18 yaş: "Geyimim son dəbə uyğun olmalıdır. Xüsusilə də aksesuarlarım. Əsasən, modanı Türkiyə telekanalları vasitəsi ilə izləyirəm. Çanta seçimim yalnız "Hermes” brendindən olmalıdır, geyim isə "Christian Dior” a məxsusdur”.

Firuzə, 17 yaş: "Geyimimdə qısa ətəklərə və donlara üstünlük verirəm. Belə geyimlə ayağımda mütləq dikdaban ayaqqabı olmalıdır. Bu tip ayaqqabılar ayaqları daha yaraşıqlı və cazibədar göstərir. Geyimimdə rəng çalarları uyğunluq təşkil etməlidir, makiyajım isə buna uyğun olmalıdır, xüsusilə isə dodaq boyasının rəngi cəzb etməlidir”.

Zərifə, 18 yaş: "Dəbə uyğun geyinməyi xoşlayıram. Hər yeni sezonda alış veriş edirəm. Modanı izləyirəm. Təkcə geyimim yox, saçlarım da dəbə uyğun olmalıdır. Geyimdə üstünlük verdiyim aksesuar şərflər, eynəklər və çantalardır. Rəng seçimində parlaqlığa üstünlük verirəm. Bir də ki iri üzükləri xoşlayıram. Ən çox istifadə etdiyim brendlər isə Ermenegildo Zegna, Bvlgari və Chanel”.

Bu cür geyinən qızlar haqqında nə düşündükləri barədə gənc bir oğlandan da müsahibə götürdük:

Nurlan Rəhimli, 25 yaş: "Adətən bu tip qızların əksəriyyətinin fikri havada olur. Həyata yeni atılırlar. Gəzmək, əyləncə, vaxt keçirmək. Bunları da həmin qıza verə bilirsənsə, artıq məsələ həll olunmuş hesab olunur. Sözsüz bunu hamıya aid etmək olmaz. Lakin belə tip qızlar daha asan əldə olunur. Çox vaxt da yaşıdlarından daha ağıllı olduğunu, dünyagörüşünün daha çox olduğunu təkid edirlər. Yəni yaşlarından daha böyük olduğunu iddia edirlər. Hərçənd ki, kənardan bunun belə olmadığı tamamilə aydın şəkildə görünür”
Etik cəhətdən normalara uyğun olmasa da "Özlərini kiməsə göstərmək istəyən” qızların bu cür geyindiyini görən valideynlər nə düşünür, hara baxırlar?

Zərifə Abbasova, qızı 1-ci kursda oxuyur. "Qızım universitetə yeni qəbul olub. Artıq o bir gəncdir və öz yaşıdları yanında seçilmək, qəşəng görünmək istəyir. Sözsüz ki, tələbəlik həyatında kimdənsə xoşu gələ bilər. Bu da müəyyən növbədə qızın daxili ilə birlikdə xarici görünüşünə də təsir edir. Normaları adlamadıqca mən burada pis heç nə görmürəm. Geyinən vaxtıdır. Mən də bacardığım qədər qızımın rəfiqəsi olmağa çalışıram”.

Sözsüz ki, bu tip hallara qarşı çıxan valideynlər də var. Amma bu gün bir çox valideynlər qızlarının yaşlarından böyük görsənməsinə adi bir hal kimi baxırlar.

Müasir psixologiya mərkəzinin psixoloqu Aidə Nəbiyeva mövzunu belə qiymətləndirdi: "Son zamanlar azyaşlı qızlarda özlərini böyük kimi aparma, onlar kimi davranma və geyinmə həddindən artıq çox rast gəlinən bir haldır. Bu tip qızlar özlərindən yaşca böyük olanlarla münasibət qururlar və tez böyüməyə meyllidirlər. Bildiyimiz kimi həmin qızlar uşaqlıq dövründən daha tez çıxırlar. Özlərini təsdiq etmək istəyirlər. Nəticədə öz yaşlarından 5-6 yaş böyük görsənməyə başlayırlar. İstənilən dövrdə özündən yaşca böyük olana maraq daim aktual mövzu olub. Bunun əksinə isə yaşlılarda uşaqlaşmağa meyllilik həddin artıq böyük miqyasa sahibdir.

Gənclərimiz yaşlarından daha böyük görsənməklə bir növ özünü təsdiq etdiyini və artıq müstəqil insan ola biləcəyini sübut etməyə çalışırlar. Adətən yeniyetmə qızlar düşünürlər ki, onlardan daha böyük yaş dövründə olan qızlar daha sərbəstdirlər və daha çox şey əldə ediblər. Qısa müddətdə davranışlarını, geyimini, nitqlərini dəyişirlər və onlarda böyümə həvəsi çox güclü olur. Bunun bir sıra mənfi cəhətləri var: yaşlarına uyğun olmayan davranış forması, əks cinsə maraq, erkən yaşda cinsi oyanmalar və s. Dünya görüşünün inkişafı, informasiya mübadiləsi, özlərindən yaşca böyüklərlə münasibət yeniyetmələrdə bu prosesi daha da sürətləndirir. Buna görə də valideynlər öz uşaqlarının yaşıdları ilə ünsiyyətinə şərait yaratmalıdırlar. Nə onlardan yaşca böyük, nə də yaşca kiçik. Bundan əlavə KİV-in də böyük təsiri var. Bu gün yeni bir müğənni çıxırsa, sabah yeniyetmə özünü ona oxşadacaq. Belə ki, bu yaş dövründə olarkən valideyn daha diqqətli olmalıdır və KİV-də bu sahədə təbliğat işləri aparılmalıdır”.

Kal bir meyvənin dadı olmaz, bişməmiş xörək ziyandır. Belə ki, hər bir şey öz vaxtında gözəldi. Çalışın geyiminizlə yox, qabiliyyətiniz və təhsiliniz ilə seçilin. İnsan keyfiyyətli xarakterləri ilə yaddaşlarda iz açır, gözəl görünüşü ilə yox.


Tarix: 11.06.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 252 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...